Akademik Musiqili Teatrda “Gülçöhrə və Əsgər” tamaşasının premyerası olacaq
18, 22 və 23 noyabr 2025-ci il tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli alim, Xalq yazıçısı Kamal Abdullanın “Gülçöhrə və Əsgər” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası təqdim olunacaq.
Crossmedia.az xəbər verir ki, musiqili dramın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rejissoru isə Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovdur.
“Gülçöhrə və Əsgər” tamaşası dahi bəstəkar Üzeyir Hacıbəylinin xoşbəxt sonluqla bitən “Arşın mal alan” operettasının davamı kimi dəyərləndirilsə də, tamam fərqli təəssürat yaradır. Səhnə əsərində Gülçöhrə ilə Əsgərin məşəqqətli həyat hekayələri fonunda Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bolşeviklərin törətdiyi faciələr təsvir edilir.
Tamaşanın yaradıcı heyətinə quruluşçu rejissor Elməddin Dadaşov, quruluşçu dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssam Vüsal Rəhim, quruluşçu baletmeyster Əməkdar artist Nigar Şahmuradova, xormeyster Əməkdar artist Vaqif Məstanov, konsertmeyster Fidan Əliyeva, işıq üzrə rəssam Rafael Vaqifoğlu və rejissor assistenti Tamilla Aslanova daxildir.
Rol bölgüsünə əsasən tamaşada Əməkdar artistlər Əzizağa Əzizov, Almaz Ələsgərova, İqrar Salamov, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, Prezident təqaüdçüsü Atilla Məmmədov, aktyorlar Nicat Əli, Türkel Tariqpeyma, Faiq Mirzəyev, Gültac Əlili, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Elçin İmanov, Nərmin Əliyeva, İbrahim Əlizadə, Elxan İsmayılov, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, Məhəmməd Məmmədov, həmçinin xor və balet artistləri çıxış edəcəklər.
Ayan Sədi
09:43 17.11.2025
Oxunuş sayı: 1605