Milli Teatrda “Zəfər” mükafatı təqdim olunub
Mədəniyyət Nazirliyi və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin 5-ci ildönümünə həsr edilən “Zəfər” mükafatının təqdimat mərasimi keçirilib.
Mükafat vətənpərvərlik, milli birlik, qəhrəmanlıq və zəfər ruhunun gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərən yaradıcı şəxslərin xidmətlərinin qiymətləndirilməsi məqsədi daşıyır.
Crossmedia.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov tərəfindən mükafat şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nurzadəyə təqdim edilib.
Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov mükafatı Xalq artisti Nurəddin Mehdixanlıya təqdim edib.
Xalq artisti Firəngiz Mütəllimova isə mükafatı 44 günlük Vətən müharibəsinin iştirakçıları - Tərlan Əsgərli, Ruslan Kərimov, Dağlar Yusifov, Rüfət Cabbarov və Fuad Cəbrayılova təqdim edib.
Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin 5-ci ildönümü münasibətilə tamaşaçıları təbrik edərək, müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Qeyd edək ki, tarixi Zəfərin 5-ci ildönümü münasibətilə ölkəmizdə silsilə tədbirlər, layihələr və mərasimlər keçirilir. Bu tədbirlərdən biri də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşdirilən “Zəfər” Musiqi və Teatr Festivalıdır.
3–9 noyabr tarixlərində keçirilən festival çərçivəsində Azərbaycanın teatr və konsert müəssisələrində, həmçinin muzey və sərgi salonlarında Zəfərə həsr olunan tamaşa, konsert və sərgilər təqdim olunur.
Festival proqramı çərçivəsində 7, 8 və 9 noyabr tarixlərində Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunan “Baş”, “Qarabağnamə” və “Xurşidbanu Natəvan” tamaşaları tamaşaçılara təqdim edilib.
Ayan Sədi




16:03 09.11.2025
Oxunuş sayı: 2055