Rusiya-Ukrayna müharibəsinin yekunu ilə bağlı mümkün ssenarilər açıqlandı
Rusiya-Ukrayna müharibəsinin artıq dördüncü ilə qədəm qoyduğu bir vaxtda beynəlxalq ictimaiyyət yenidən sülh danışıqlarının bərpası və hərbi əməliyyatların dayandırılması istiqamətində səylər göstərir. Xüsusilə də ABŞ administrasiyasının son açıqlamaları Vaşinqtonun bu münaqişənin həllinə daha fəal şəkildə cəlb olunacağına dair siqnal kimi qiymətləndirilir.
ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoffun Mayamidə keçirilən Amerika Biznes Forumundakı çıxışı da bu baxımdan diqqət çəkib. O, Rusiya-Ukrayna müharibəsini “həll olunması vacib olan əsas qlobal münaqişələrdən biri” adlandıraraq, prosesdə müəyyən irəliləyişlərin əldə edildiyini və sülhə doğru addımların atılacağına ümid etdiyini bildirib. Uitkoff həmçinin qeyd edib ki, Ukraynanın təhlükəsizliyi ilə bağlı konkret protokollar hazırlanmalı, rəhbər səviyyəsində qərar verilməzdən öncə texniki müzakirələr intensivləşdirilməlidir.
Politoloq Sultan Zahidov bu barədə Crossmedia.az-a danışıb:
"Rusiya–Ukrayna müharibəsi artıq dördüncü ilinə yaxınlaşır. Bir neçə aydan sonra, fevral ayında, bu müharibənin başlanmasından dörd il ötəcək. Bu illər ərzində sülh ritorikası, müxtəlif tərəflərin təşəbbüsləri – Türkiyənin, Avropa dövlətlərinin, Çinin və ABŞ-nin vasitəçilik cəhdləri müşahidə olunsa da, bu təşəbbüslər real nəticə verməyib. Qeyd etmək lazımdır ki, Donald Tramp prezidentlik kampaniyası zamanı Rusiya–Ukrayna müharibəsini bitirəcəyinə dair vəd vermişdi. O, bu istiqamətdə bir neçə dəfə təşəbbüs göstərmiş, hətta Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüş keçirmişdi. Lakin bütün bu cəhdlərə baxmayaraq, sülhün əldə olunması mümkün olmayıb. Ümumiyyətlə, istənilən hərbi münaqişədə sülhün təmin olunması üçün iki əsas ssenari mövcuddur. Birinci ssenari – tərəflərdən birinin digərini tam şəkildə məğlub etməsi və nəticədə qarşı tərəfin məqsədlərindən imtina etməsidir. Məsələn, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistanı məğlub edərək öz torpaqlarını azad etdi və hazırda iki ölkə arasında sülh prosesi irəliləməkdədir. İkinci ssenari isə tərəflərin mövcud status-kvo ilə razılaşaraq atəşkəsə çağırmasıdır. Rusiya–Ukrayna müharibəsinə gəlincə, birinci ssenari – yəni tərəflərdən birinin digərini tam şəkildə məğlub etməsi – hazırkı şəraitdə mümkünsüz görünür. Nə Ukrayna Rusiyaya qarşı sarsıdıcı zərbə vurmaq gücündədir, nə də Rusiya Ukraynanın müqavimətini tam qıra bilir. İkinci ssenariyə, yəni atəşkəsin elan olunmasına gəlincə, Ukrayna tərəfi bu variantı dəstəkləyir və qeyd-şərtsiz atəşkəsin imzalanmasını istəyir. Lakin Rusiya bu təkliflə razılaşmır. Mövcud döyüş əməliyyatlarının gedişinə baxdıqda – xüsusilə Rusiyanın Kupyansk və Pakros istiqamətlərində intensiv hücumlarını nəzərə alsaq – demək olar ki, Moskva hazırda atəşkəslə maraqlanmır”.
Müsahibimizin fikrincə, Rusiya ən azı Donbas regionunu tam ələ keçirməyə çalışır və bunun üçün müəyyən zamana ehtiyac duyur: “Bundan əlavə, Moskva dörd regionun – Zaporojye, Xerson, Donetsk və Luqanskın – tam nəzarətinə nail olmaq istəyir. Donald Trampın Alyaskadakı görüşdəki tələbi də məhz bununla bağlı idi. Lakin bu, təbii ki, Ukrayna tərəfindən qəbul edilə bilməz. Hazırda vəziyyət elə bir mərhələdədir ki, tərəflərdən heç biri güzəştə getmək niyyətində deyil. Çünki bir tərəfin güzəşti, digərinin qələbəsi kimi qəbul olunur. Beynəlxalq münasibətlərdə bu, “zero-sum game” – yəni “cəmi sıfıra bərabər olan oyun” kimi tanınır. Odur ki, atəşkəsin imzalanması perspektivləri indiki şəraitdə real görünmür. Hətta ABŞ prezidenti Donald Tramp ilə Vladimir Putin arasında növbəti görüşün keçirilməsi planlaşdırılsa da, ondan əvvəl senator Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığının nəticələri göstərdi ki, Moskva atəşkəs tələblərini qəbul etməyə hazır deyil".
Politoloq həmçinin hazırki vəziyyətdə nəticə prosesinin uzandığını vurğulayıb: "ABŞ, xüsusilə Donald Tramp və onun komandası bu münaqişənin həllinə nail olmaq üçün səylərini davam etdirir. Tramp özü də qeyd edir ki, siyasi karyerası ərzində ,demək olar, bütün beynəlxalq münaqişələri həll edib, lakin əsas problem kimi Rusiya–Ukrayna münaqişəsi qalır. Bununla belə, mövcud vəziyyət, Rusiyanın geri çəkilmək və ya dayanmaq istəməməsi bu prosesin uzanmasına səbəb olur".
Elmir Heydərli
20:01 08.11.2025
Oxunuş sayı: 1181