Biz hər zaman döyüşə hazır idik – XTQ zabitiylə MÜSAHİBƏ
2020-ci ilin payızında Azərbaycan xalqı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, tarixinin ən şanlı səhifələrindən birini yazdı. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə — əsrlərlə yaddaşlara həkk olunacaq bir Zəfər salnaməsidir. Bu Zəfər, Azərbaycan Ordusunun peşəkarlığı, xalqın birliyi və rəhbərliyin dəmir iradəsi sayəsində mümkün oldu. Beş il ötür, amma o günlərin ruhu, Ali Baş Komandanın qətiyyəti, əsgərlərimizin qəhrəmanlığı, şəhidlərimizin qanı ilə yazılmış Qələbə dastanı bu gün də hər bir azərbaycanlının qəlbində yaşayır. Bu Zəfər bizim gücümüzün, ədalətimizin və bir millət kimi yenilməzliyimizin rəmzidir.
Bu münasibətlə Crossmedia.az Analitik İnformasiya Portalı olaraq “Zəfər – 5” adlı rubrikamızda möhtəşəm qələbəmizi və onun qəhrəmanlarını sizə təqdim edirik. Rubrikamızın növbəti müsahibi Vətən müharibəsi iştirakçısı, "Vətən uğrunda", "İgidliyə görə", Cəbrayılın ,Xocavəndin, Füzulinin, Kəlbəcərin , Şuşanın azad olunmasına görə, "Vətən müharibəsi iştirakçısı", Qüsursuz xidmətlərə görə 3- cü dərəcəli medal, Silahlı Qüvvələrin yaramasının 95 illiyi yubiley medalı, Silahlı Qüvvələrin yaranmasının 100 illiyi medalları ilə təltif olunan Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Şəmsəddin Qurbanovdur.

- Hərbiyə olan marağınız necə yarandı?
- Mən Qurbanov Şəmsəddin Zeynal oğlu 21 iyun 1993-cü il Zaqatala rayonunda anadan olmuşam. İlk təhsilimi də orda almışam. 2008-ci ildə orta təhsilimi bitirdikdən sonra sənədlərimi Cəmşid Naxçıvanski adına hərbi məktəbə vermək qərarına gəldim. Hərbidə ilk addım atmaqda məqsədim mənim ailəmdə hərbiçilərin olması idi. Mənim əmim 1993-cü ildə Birinci Qarabağ müharibəsində Füzulidən könüllü gedərək Qazi olmuşdur. Digər əmim isə 1996-cı ildə təlimlərdə şəhid olmuşdur. Digər əmilərim isə müxtəlif güc strukturlarında çalışırdılar. Mən də onlardan stimul aldım. Xatırlayıram ki, uşaq vaxtı televiziyada Birinci Qarabağ müharibəsində başımıza açılan oyunları gördükdə düşünürdüm ki, gələcəkdə hərbçi olacam və mən də Birinci Qarabağ müharibəsində peşəkar hərbçi kimi iştirak edəcəm. Bu istək zamanla məni hərbiyə gətirdi. Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirdikdən sonra 2011-2015 illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə bakalavr təhsili aldım. Orada bizə iki ixtisas – həm hərbi ixtisası, həm də mülki olaraq inşaat mühəndisi ixtisası təqdim edildi və biz təhsil müddətində iki diplom aldıq. 2015-ci ildə leytenant rütbəsi aldıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrə (XTQ) namizədlər seçildi. İlk olaraq 20 nəfər seçildik və XTQ kurslarına göndərildik. 2022-ci ilin aprelinə kimi 7 il XTQ-də xidmət etmişəm. Kurs müddətimiz 2016-cı il “Aprel döyüşləri”nə təsadüf etdi. Həmin vaxt biz kurs keçirdik və döyüşə görə kursu saxladıq. Aprel döyüşü bitdikdən sonra müvafiq vəzifələrə təyin edildik. 2020-ci ilin iyul hadisələrindən sonra artıq biz bilirdik ki, döyüşlərin başlama ərəfəsidir. Bizə döyüş vaxtı deyilmirdi ki, 3 ildən sonra, 5 ildən sonra. Biz hər zaman döyüşə hazır idik. Buna zəmin olmalı idi ki, bu zəmin də xalqın inamı idi. Müasir dövrdə də münaqişələrin 70-80% siyasi müstəvidə həll edilir deyə müharibə vaxtı ilə bağlı dəqiq proqnoz yoxdur. Bizi müharibəyə atan amillərdən ən birincisi içimizdəki qisas yanğısı idi. Hansı ki, xalqımıza qarşı törədilmiş soyqırım və terror aktlarını özümüzdə yaşadırdıq. Bu da bizə stimul idi ki, haqq davamızda qalib gəlməliyik. Biz hər zaman bayramlarda, torpaqlarımızın işğal dövrlərində arzumuz növbəti bayramın Qarabağımızda keçirilməsi idi. Həm də bir milyondan artıq məcburi köçkün var idi ki, onların öz doğma torpaqlarına qayıtması üçün biz hər şeyi etməli idik. Biz bu xalqın vəsaiti hesabına bu günlərə gəlib yetişdik. 2020-ci ilin iyul hadisələrində general Polad Həşimov şəhid oldu və bir çox yüksək rütbəli zabitimiz özlərini fədakarcasına odun-alovun içinə atdılar. Bu bir qığılcım idi. Bizim Aprel döyüşlərində xalqımıza gücümüzü göstərmək şansımız olmuşdu və xalq bir daha əmin oldu ki, biz döyüşə hazırıq. 2020-ci ilin avqust-sentyabr aylarında tarıma çəkilmişdik ki, gözlədiyimiz an gəlsin.
- İkinci Qarabağ müharibəsinin xəbərini necə aldınız və döyüşə necə başladınız?
- 27 sentyabr gəldi çatdı. Qeyd edim ki, biz heç bir zaman döyüşü başladan tərəf olmamışıq. Yenə də onlar bizim döyüşmək arzumuzu görəndə mövqelərimizi atəşə tutdular. Biz də cənab Ali Baş Komandan İlham Əliyevin vətəni müdafiə əmrinə sadiq qalaraq yarım qalmış döyüşə başladıq. İlk olaraq Murovdağ istiqamətində döyüşlər başladı. Düşmənin bir çox yüksəkliyi nəzarətə götürüldü. 3-4 gün döyüş apardıqdan sonra taktiki yerdəyişmə olaraq başqa istiqamətdə döyüşləri davam etdirdik. Oktyabrın 2-də Cəbrayıl istiqamətində biz düşmənin dərinliyinə doğru hərəkətə başladıq. Oktyabrın 4-də artıq Cəbrayıl şəhərinə daxil olduq. Orada düşmənin Xüsusi Təyinatlı Qüvvələrilə rastlaşdıq və onları məhv etdik. Biz artıq oktyabrın 4-də Cəbrayıl şəhərinə daxil olduq. Burada incə detallara çox bağlı qalmaq istəmirəm, çünki o döyüşün hər anı, hər saniyəsi böyük tarixdir və heç bir kitaba sığışdırmaq olmaz. Döyüşün ilk günündən son gününə qədər mən döyüşdə olmuşam. Noyabrın 9-da yaralanmışam — 27 sentyabrdan etibarən (hərtərəfli döyüşlərdən başlayaraq) mübarizədə iştirak etmişəm. İlk danışmaq istədiyim məsələ budur ki, insanlar yalnız “vurduq, dağıtdıq” kimi ifadələr işlətmək istəyirlər, amma vurub dağıtmağın arxasında keçdiyimiz yollar, səylər və fədakarlıqlar dayanır. Bəzən belə olur ki, dövlətimizin təkcə bir nəfər üçün 8 il sərf etməsi lazım gəlsə də, bizim timsalımızda bir çox nəsillərin yetişməsi illər ərzində baş verib. Biz yetişən nəsil üçün örnək olmuşuq. “Bəs bizim torpaqlarımız niyə azad olunmur?” — deyə soruşurlar; biz o söhbətlərdən, o tərbiyədən yetişmişik. Mən istəyirəm deyim ki, torpaqlarımızın azad edilməsi birdən-birə baş verməyib. Bu illər çəkən bir hazırlıq mərhələsi idi. Biz sanki küllərimizdən yenidən doğulmuşuq.
Xatirələrdən danışanda demək istəyirəm ki, ilk azad olunan rayon rəsmi olaraq Cəbrayıl rayonu oldu. Həm kədər, həm də sevinc içində bu qələbəni yaşayırdıq. Amma bizi ora aparan yollar bir-birinə zəncirvari bağlı idi. Hər kəndi, hər qəsəbəni azad edəndə yaxınlarımızdan biri yaralanır, digəri şəhid olurdu — buna görə də sevincimizi tam yaşaya bilmirdik. Yenə də onların gedə bilmədiyi yolları biz gedirdik, onların işi üzərinə davam edirdik. Əgər qarşımızda bir amal, vətəni müdafiə etmək idisə, bu bizim üçün böyük məsuliyyət idi. Əldə etdiyimiz uğurlarla birlikdə yeni yük ortaya çıxdı: həm döyüş zərurəti, həm də yaralı və şəhidlərimizin məsuliyyəti. Biz onların gedə bilmədiyi yolları davam etdirməyi şəhidlərimizə söz vermişdik — onlar üçün intiqam almaq yox, həm də onların xatirəsini yaşatmaq və vətənin təhlükəsizliyini təmin etmək məsuliyyəti. Biz məsuliyyəti hiss edirdik. Cəbrayılın azad olunması o demək deyildi ki, artıq hər şey qurtarıb; əksinə, davam edən çətinliklər var idi. 4 oktyabrda düşmən mövqelərində əməliyyat həyata keçirdik; onların təminat yollarını kəsmək, arxa yardımlarını, köməklərini məhv etmək üçün çalışırdıq. Ordumuz adəti üzrə öz taktikasına əməl edirdi. Biz onların bütün əlaqələrini kəsmək üçün çalışırdıq. Bu zaman düşmən çox vaxt böyük avtomobil kolonları ilə kömək göndərirdi. Biz onların qarşısında dayandıq və onları məhv etdik. İlk kolondan öncə gələn üç avtomobil vuruldu; bundan sonra düşmən pərən-pərən oldu və səngərlərinə çəkildi. Onların birinci, ikinci, üçüncü səngərləri hazırlanmışdı; lazım olan anda arxaya çəkilib təxribat göstərirdilər. Biz bir maşını vurduq və düşmənin şəxsi heyəti geri çəkildi. Onları təqib etməyə başladıq. Bu zaman bölmələrimizin içində, rəhbər şəxslərimizin qarşı tərəfə çıxması, döyüşlərin şiddətlənməsi oldu. Düşmən bəzən geri çəkilir kimi göstərib bizi tələyə salmaq istəyirdi. Bu məqamda qərar vermək lazımdır: biz özümüzü toparlayıb onların çətin durumunda içlərinə soxulaq.
Hər bir əməliyyatda şanlı Azərbaycan bayrağı hər zaman bizimlə idi — biz hər uğurlu əməliyyatda bayraq sancmalı idik. Mən bayrağı əlimdə saxladım və asvalt yola irəlilədim. Bu zaman mina, top mərmiləri və snayper atışları vardı; məni də bir neçə dəfə hədəfə aldılar, çünki əlində bayraq olan biri asan hədəf olur. Buna baxmayaraq, 500 metr məsafəni keçib komanda yoldaşlarımıza yaxınlaşdım. Onlar təhlükəsiz vəziyyətdə idi. Bayrağıma baxanda əvvəlcə üç güllə izi vardı — bayrağa bir neçə dəfə güllə dəymişdi. Mən sol əlində bayraq, sağ əlində özümü qoruyaraq irəliləyirdim. O anlarda sevinc və qürur içindəydik, çünki iki gün ərzində güclü döyüşlərdən sonra uğurlar qazanmışdıq. Düşmənin mövqelərinə ağır zərbələr endirildi və çoxlu məhv edilmiş düşmən qalıqları oldu. Onların bir çoxu qaçmağa belə imkan tapmadı. Biz məsafədən onları izləyib məhv edirdik. Hava şəraiti bizə bir az uyğunsuz oldu — yağış və külək vardı. İki gün yağış altında səngərlərdə döyüşdük, düşmənin atəşindən istifadə etdik və o əraziləri qoruduq. Ayın 6-da isə biz azad etdiyimiz bölgələrdə mövqelərimizi daha da möhkəmləndirdik. Orada bölmələr var idi. Biz növbəti tapşırığı yerinə yetirmək üçün yola çıxdıq. Döyüşlər zamanı tez-tez soruşurdular: “İstirahət edirdinizmi? Yatırdınızmı? Yemək yeyə bilirdinizmi?” Biz artıq bütün təlimlərdə dözümlülüyü öyrənmişdik — suya, yeməyə və digər çətinliklərə dözməyi. Zəhmət olsa da, bunun öhdəsindən gəlməyi bacarırdıq. Oktyabrın 7-i bizə yenidən tapşırıq verildi, o vaxt istirahət üçün imkanımız olmadı. Oktyabrın 6-ı axşamüstü toplanma yerimizə çatmışdıq; silahlarımızı yoxladıq, təmizlədik, üst-başımızı düzəltdik — yenidən döyüşə hazır olmaq üçün.
Oktyabrın 7-i düşmən Horadiz kəndindən on iki tankla hücuma keçmişdi. Orada bizdə bir tabor mövqe var idi; düşmən həmin ərazilərdə mövqelənmişdi. Tankları məhv etməklə onların hücumu əngəlləndi, düşmən pərən-pərən oldu və bir qismini məhv etdik, digər qismi dağılıb qaçdı. Mən döyüşlərdə olduğum üçün belə situasiyalarla çox rastlaşmışam. Bu sabahdan etibarən döyüşlərdə çox dostumu itirmişəm. Döyüş zamanı biz bir-birimizdən anında xəbər ala bilmirdik, çünki müxtəlif bölmələrdə idik. Kim yaralanıb, kim şəhid olub — bunu gec bilirdik. Hər kəsin öz istiqaməti, döyüş tapşırığı var idi və ona uyğun hərəkət edirdik. Döyüş yoldaşlarının vəziyyətini yaxın yoldaşlardan öyrənirdik. Oktyabrın 7-dən sonra “Aypara” əməliyyatı başladı — bu əməliyyatın sənədləri, filmi də var və əməliyyat ictimaiyyətə bəllidir. Bu çox təhlükəli əməliyyat idi, çünki Qubadlı, Zəngilan və Həkəri istiqamətləri hələ tam azad edilməmişdi. Aypara kimi bölmələrimiz döyüşdə irəlilədi; bizim bölməmiz isə həm önündə, həm solunda, həm sağında düşmən bölmələri olan yarım-əməliyyat şəraitində fəaliyyət göstərirdi.

- Döyüşdə yaralılara necə kömüklik göstərirdiniz?
- Cəbrayıldan Füzuliyə qədər olan istiqamətlərdə irəliləmişdik. Bizi qürurlandıran əsas məqam odur ki, döyüş zamanı dostlarımız ağır yaralanır, bəzən əl-ayağını itirir, amma yenə də ruhdan düşmürdülər. Bir çoxu deyirdi: “Mən getmirəm, burada qalacam”. Bu bizi həm üzürdü, həm də məsuliyyət hissi yaradırdı — çünki sağlamlığı buna imkan vermirdi və biz onu müdafiə etməyə çalışırdıq. Hər yaralı, şəhid düşən an bütün bölmə bir yerdə toplanıb kömək edə bilməzdi — vaxt və təhlükəsizlik baxımından buna imkan yox idi. Sadəcə, şəhidlərimizi və yaralılarımızı təhlükəsiz məsafəyə çıxarıb koordinatlarını verirdik, təxliyə bölmələri onları götürüb ailələrinə və ya hospitala təhvil verirdi.
Oktyabrın 19-da döyüş zamanı altı şəhidimiz və onlarla yaralımız oldu. O vaxt biz dağlıq, çətin şəraitdə bu ağır yükü daşıyırdıq — şəhidləri və yaralıları sürünərək, qayalar üzərindən arxaya çıxarırdıq ki, onlar qalmadan təxliyə olunsun. Təxliyə bölmələri və yardım komandaları arxadan gəlir, onları götürürdü. O döyüşdə yanımda yaralanmış bir yoldaşımız — Səməd İsmayılov — vardı. Təəssüf ki, snayper gülləsi onu yaraladı və sonra şəhid oldu. O, Vətən müharibəsinin qəhrəmanlarından biridir. Düşmən zaman-zaman qadağan olunmuş və böyük dağıntı yaradan mərmilərdən istifadə edirdi; bizim ətrafımızda yüz metr radiusda partlayışlar olurdu. Biz şəhidləri bir-iki kilometr arxaya təxliyə edib daha tez götürülməsini təmin edirdik ki, onlar orada qalmasınlar. Döyüş prosesində mənim olduğum qrupa hələ o vaxta qədər ciddi itkilər dəyməmişdi, amma taborlarımızdan şəhid və yaralılar gəlib çıxırdı. Əsas məqsədimiz Şuşaya ayaq qoymaq idi və bu məqsədə doğru irəliləməyə davam edirdik. Füzuli istiqamətində bölmələrimiz növbəli surətdə əməliyyatlarda iştirak edirdi; biz onların arxasında ilişib əlaqələrimizi koordinasiya edirdik. Oktyabrın 19-da Füzuli rayonunda düşmən mühasirədə qalmışdı və onlardan bir qismi bizim qarşımıza çıxdı. Düşmənin əsir götürülmüş və yaralanmış şəxslərilə bağlı görüntülər, videolar da yayıldı — bu ağır və kədərləndirici hadisələrdən biridir. Sanki Allah qoruyurdu. Şəhid olanları, Qazi olanları, yaralananları Allah qorumadı deyə bir şey yoxdur. Sadəcə olaraq, hər kəsin bu döyüşdə bir qədəri, yeri var idi. Mənim taleyimdə oktyabrının 7-də yaralanmaq var idi. Şəhidlərin döyüş zamanı son sözünü eşidən biz olmuşuq. Biz Hadrut qəsəbəsini istiqamət alanında düşmən düşünürdü ki, bir yolu var və biz oradan gələcəyik. Həmin vaxtı bizim qruplarımız düşmənin gözləməli olduğu yerə pusqu qurdu və onların şəxsi heyətini gözləyib məhv etdik.
Mən oktyabrın 27-ə qədər ailəmlə danışırdım. Qardaşımla danışırdım, mənə dedi ki, bizim kəndimizə şəhid gəlib. Onda mənə çatdı ki, gecə daşıdığm, üzünü görmədiyim yoldaşım həmin bu şəhiddir. Orada bizim ən yaxın dostumuz, qardaşımız, bizim silahımız idi. Yəni, ailə nə qədər əziz olsa da, döyüş yoldaşı tamam başqadır. Döyüşdə görürsən ki, bu insan sənə görə ölümə gedir. Necə ki, mən dostumuzu, silahdaşımızı, nəşini orada qoymadım.
Sanki bizi qoruyan ilahi bir güc var idi, o da xalqımızın duası idi. Biz aprel döyüşlərində də bunu hiss edirdik. Aprel döyüşlərində çox irəli getmədik deyə xalq da məyus olmuşdu. Biz də məyus olduq ki, davam edə bilmədik. Biz artıq bu müharibədə xalqın istəyini görürdük ki, onlar artıq istəyirlər ki, biz irəli gedək, torpaqları azad edək. Biz də deyirdik ki, gedək. Çünki artıq insan döyüşün 2-3 günündə, 4 günündən sonra adaptasiya olur. Oktyabrın 29-da biz Çanaqçı kəndində idik. Artıq orada mövqelənmişdik. Bizim olduğumuz yeri özümüzə aid olan ərazini yoxladıq görək düşmən var, ya yox. Mən öz yerimizə görə yerləşməni yoxlayırdım. Yoxlıyıb gələn vaxtı orada hədəfə raket zərbəsi endirildi. Bombanın zərbə dalğası çox güclü idi. Ard-arda 3 dəfə partladı. Birinci zərbədən mənim qulaqlarım tutuldu. Yerdə olan bütün yarpaqlar, toz-duman havaya qalxdı. Hətta 150 metr aralıqda olan böyük bir ağac var idi ki, o da aşdı. Mən yaxınlaşdım həmin o ağacın yanına, yerdə qəlpələr gördüm. Yəni o qurğuşun insanın yanında partlasa insanın bədəninə yapışır və gərək əti qopsun.
Oktyabrın 30-da artıq əmr aldıq ki, biz Çanaqçıdan Sığınaq kəndinə istiqamət alacağıq. Meşənin içində bir gecə qaldıq və 31-i irəliləməyə başladıq. Biz artıq 1500 metr yüksəklikdən, 900 metrə qədər düşdük. Orada Topxana meşəsi var, yerləşdiyi Daşaltının sol tərəfi Laçın koridoru idi. Sağ tərəfdə aşağısı Daşaltı kəndidir. Şuşa mahnılarda eşitdiyimiz kimi başı dumanlı idi. Üç gün orada mövqeləndik. Düşmən orada olduğumuzu bilirdi. Amma dəqiq kordinatları müəyyənləşdirə bilmirdi deyə mövqelərimizə fosfor raketlər atırdılar. Ermənilər artıq şəhərdən çıxırdılar. Mən onu göz məsafəsindən haradasa 3-4 kilometr aralıdan izləyirdim. Axşam vaxtı şəhərdən çıxanlar tıxac yaratmışdılar. Bir anlığa bizim məcburi köçkünlər yadıma düşdü.
Biz hücum zamanı keçmişin acı təcrübələrindən dərs almalıyıq — bu təcrübələrdən yararlanıb artıq hər tərəfi ilə nizamlı hərəkət göstərməliyik. Məsələn, komandir mənə deməsə ki, sən oradan tərpənmə, mən tərpənə bilmərəm. Çünki komandir bunu məndən tələb edirdi, o bizə cavabdehlik daşıyırdı.
Oktyabrın 31-dən noyabrın 1-ə, yəni bir gecə yol gəldik. Biz şəhərə doğru irəliləyirdik. Yəni, olduğumuz yerdən düzgün gedəndə Laçın koridoruna çıxırdıq; burada isə düşmən ehtiyatda idi, nə edəcəyimizi bilmirdilər. Biz dolama yollarını hesablamışdıq; deməli, Canaqçıdan Şuşaya qədər dolama yollarının 90 faizi ilə piyada yolunu qət etmişik.
Daşaltı bizim tariximizdə uğursuz əməliyyat kimi qalmışdı; o vaxt orada çox şəhid verdik. Daşaltının arxasında uşaqların xəyalları vardı. O qayalıqlarla bağlı çox danışılırdı — həmin qayalıqlara çıxmışdıq. Ora çıxmaq mümkündür, bəli, kanatlarla çıxmaq mümkündür, amma döyüş gedərkən düşmən orada möhkəmlənir və həmin şəraitdə irəliləmək çətin olur. Düşmən döyüşün olduğunu bilir və oranı heç vaxt boşluqda qoymur. Orada bir cığır var — Cıdır düzünə çıxır; qayalığın altından bir cığır var, düz çıxır, Cıdır düzünə.
Biz döyüşdə bizə perspektiv verən istiqamətlərə getməliyik. Hətta bizim başqa bölmələrimiz Qırmızı Bazar istiqamətindən düzə doğru hərəkət edərək oradan gələcəyimizi düşünürdülər. Bayaq qeyd etdiyim kimi, orada Hadrutdan Füzuliyə gedən yol var.

- Şuşaya necə istiqamətləndiniz? Bu çətin yolu necə keçdiniz?
- Şuşa yolu var idi, düşmən düşünürdü ki, biz ora maşınla, texnika ilə gələcəyik. Amma yalın əllərlə çıxacağımızı, dağları aşacağımızı düşünmürdülər. Düşmənlə çox yaxın idik. Orada bir səhv, bir diqqətsizlik, öz yerimiz aşkara çıxarmaq demək idi. Yəni, düşmən bizim yerimizi bilməyib. Bilsə əgər, artıq ora bütün qüvvələrini cəm edəcək, bütün bu Şuşa əməliyyatı uğursuz olacaq. Daşaltını keçdikdən sonra həmin o qayalıqlarla irəlilədik. Orada dörd nəfəri təslim olmadığı üçün məhv etdik. Biz düşməni görən kimi öldürmdürdük. Çünki Ali Baş Komandanın da qeyd etdiyi kimi biz müharibəni beynlxalq konvensiyaların şərtlərinə uyğun aparırdıq. Ona görə də əsir olmaq istəyənləri öldürmürdük. Həm də ona görə əsir götürürdük ki, bizim digər bölmələrdən əsir düşən əsgərlərimiz var idi. Gələcəkdə əsir mübadiləsi aparaq. Mən onlara qorxaq deməzdim. Əgər belə yanaşırıqsa deməli biz qorxaqlarla döyüşmüşük? Onlar ölüm anında belə murdar xislətlərindən əl çəkmirdi. Əli tətikdə olurdu ki, öləndə kimisə də özümlə aparım.
Döyüşün xronologiyasına baxanda — yaşadıqlarımız mənim üçün 44 günün bir göz qırpımında keçmiş kimi görünür. Amma yoldaşlarımızla danışdıqca bu xatirələr yenidən canlanır. Füzuli rayonunun azad olunmasından sonra xronologiyanı izləyəndə sanki qarşıda Cəbrayıl, sonra Füzuli, ardınca Hadrut gəlirdi — əməliyyatlar bu ardıcıllıqla olmalı idi. Amma ərazi böyük idi — Azərbaycanın təxminən 20%-i. Biz necə ardıcıllıqla hərəkət edəcəyimizi düşünürdük.
İlləri, günləri sayırdıq, amma real əməliyyatlarda hər rayonun azad olunması çox çətin olurdu. Xüsusilə şəhər əməliyyatlarında vəziyyət daha mürəkkəb idi; dağlıq ərazilərdə çətinliklər olsa da, uğurun bir səbəbi odur ki, orada binalar, məskunlaşma yoxdur. Şəhərə daxil olanda isə tam başqa vəziyyət olurdu — yaşayış məntəqələrində düşmən gizlənirdi, hətta mülki şəxslərin evlərində, silahlanmış halda. Biz həmin məntəqələri təmizləyib, yoxlayıb, düşməndən azad etdikdən sonra təhvil verirdik. Bu, bizə əlavə məsuliyyət verirdi — hər evi aramaq, yoxlamaq və düşmənin tamamilə məhv edildiyini dəqiqləşdirmək lazım idi.
Hadrut qəsəbəsində baş verənlərdən danışsaq: Cəbrayılın Taşıqızan kəndindən sonra Hadrut tərəfə hərəkət etdik. Orada müəyyən mövqelərdə dayanmışdıq və yaxınlığa qırıcı gəldi; gözlənilməz şəkildə bir reaktiv atəş düşdü.
Hətta yaşayış məntəqələrində və təhlükə anlarında düşmən qırıcılara qarşı troslar, kanatlar çəkmişdi ki, aşağıdan uçan aparatlara dəysin və məhv olsun. Yolları minalamışdılar — müəyyən məsafələrdə minalar basdırmışdılar və bəzən bir-iki nişanı açıq qoyurdular ki, başqa yerlərdə mina olmadığını zənn etdirsinlər. Bir çox sanitar və texniki maşınlarımız minaya düşdü. Həmin gecə — düşmən geri çəkildikcə öz mövqelərini minalayıb çıxırdı.
Bugünə gəldikdə, işğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsi işləri davam edir; hətta Ağdamda 94 min minanın basdırıldığı bildirilmişdir və onları tam təmizləmək illər ala bilər. Döyüş zamanı insanın ağlına gəlmir ki, burada mina var yoxsa yoxdur. Əsas məqsədimiz Laçın koridorunu ələ keçirmək idi. Strateji addımlar atılmalı, komandirlər düzgün göstəriş verməli idi — “buradan keçsin” — və biz bunu icra etdik. Laçın koridorunu ayın 4-ü səhəri tutduq.
Orada çiyin səngərlər (görünən müdafiə xəndəkləri) qazılmışdı; düşmən yolboyu səngərlər qazmışdı. Hər səngər döyüş üçün hazır vəziyyətdə idi. Bütün Qarabağ əməliyyat ərazisində mövqelər üç-dörd qat müdafiə üçün hazırlanmışdı. Məsələn, bizim mövqelərdə səngərlər mövcud idi, başqa yerlərdə isə yox idi.
Düşmən bütün ərazidə səngərlər qazmış, yaxşı səviyyədə hazırlıq görmüşdü. Onlar bilirdilər ki, biz haradan gələcəyik. Bəzi yerlərdə hətta yaşayış yoxdur, amma ümumiyyətlə ərazinin hissələrində yaşayış məntəqələri mövcud idi. Ən çox yaşayış Hadrutda və Füzulinin bəzi kəndlərində idi.
Mülki insanlarla rastlaşırdıq; yaşlıları, uşaqları tərk etmişdilər və bəzən onları özləri ilə aparmırdılar. Onların davranışında o hiss, o vicdan yox idi — insanlar qaçırdılar.
Biz həmişə son toqquşmalarda polis qüvvələri ilə də rastlaşırdıq. Polis orada qalır, çıxmağa imkan vermirdi. Onlar son anda vəziyyəti görürdülər. Şəhərdə olarkən bəzən işıqlar sönürdü — gecə işıqlar sönəndə əməliyyatlar çətinləşirdi.
Əsas məqam döyüş yoludur. Mən demirəm ki, yalnız ideallar və əqidələr olsa kifayətdir; əgər biz yalnız əqidəylə döyüşsəydik, bütün əraziləri ələ keçirə bilməzdik. Çünki uğurun səbəbi mövqelərin müdafiəsi, atəş dəstəyi verən artilleriya bölmələri, qardaş köşkləri, dağıdıcı qüvvələr və bütün bunların vahid şəkildə koordinasiya olunması idi. Əgər koordinatları düzgün verməsəydik və artilleriya düzgün atəş açmasaydı, uğur əldə etmək mümkün olmazdı.
Düşməni məhv etmək üçün nə qədər döyüşməliyik? Bəzən 6–7 gün davam edəcək döyüşlər lazım olur. Amma bizim düzgün koordinatlar və sürətli reaksiya imkanlarımız düşmənin məhdudlaşdırılmasını asanlaşdırırdı. Dağlıq şəraitdə döyüş çətindir.
Adətən, dağlıq ərazidə düşmənin postuna hücum üçün daha çox qüvvə tələb olunur — düzənlikdə bir bölük yetərsə, dağlıqda tağım və ya daha böyük qüvvə lazımdır. Dağlıq şəraitdə nisbət 1:6 kimi olurdu. Bizim say tərkibimiz o vaxt tam komplekt deyildi — əvvəlki itkilər və digər bölmələrdən tam şəkildə tamamlanmama səbəbindən.
Məsələn, deyirdik ki, 100 nəfər üzərinə 500 nəfər kimi nəzərə alınırdı. Dördüncü gün bizim topçu bölməmiz təmasda idi və biz irəliləyib təpəni ələ keçirdik. Ora qalxanda sayımızı toplamalı, növbəti tapşırıqları müəyyən etməli idik.
Ayın 4-ü səhəri — orada videolara baxmışam. Düşmənin texnikası barədə görüntüləri öz YouTube kanalımda göstərmişəm. Məsələn, ayın tarixini üstündə göstərəndə tankların, havadan atılan silahların görüntüləri var. Biz həmin koridordan düz gəlsəydik, ora daxil ola bilərdik. Amma düşmən bizi görərsə, gizliliyimiz pozulardı. İsa bulağı tərəfdən, Asıçı xan kəndindən keçəndə bizi qoruyan əsas amillərdən biri beş nəfərlik sıx qrup idi — məhz onlar bizi maskalayır, gizliliyimizi qoruyurdular. İkincisi isə səssizlik idi bizim üçün əlverişli idi. Ən birinci məqsədimiz gizliliyi qorumaq və oradan sakitcə keçmək idi. Qarşımıza 3-4 nəfər çıxsaydı da, onlardan qorxmazdıq. Sadəcə tapşırıq yerinə yetirilirdi — bəzən 4, 5, 6 nəfərlik qruplarla qarşılaşırdıq. Biz keçməyə çalışırdıq; daşların, tökülmüş materialların altından sürünərək, yuxarıdan aşağı tərəfə enirdik. Yenə də 5–6 metr aralıqlarla irəliləyirdik. Ayın 5-i günü düşmən artıq meşəyə mövqelər qurmağa başlamışdı. Onlar həm gecə hücum edə bilmirdilər, həm də mövqelərindən çıxmırdılar.
Meşədə qol qoyub əl qumbaraları, qumbaratanlarla müdafiə qururdular. İki qayalıqda mövqelənmişdilər. Orada ayağı sarğılı olanlar, yaralı yoldaşlar vardı. Və bizi tək qoymurdular.
O vaxt arxamızdan, yoldan meşəyə qumbara atdılar. Qumbara atılanda elə bildim ki, özümü ixtiyarı ilə onun üstünə atmışam — artıq həmin yoldaş yaralı idi, başqa bir yeni yaralı daha vardı. O anı dəqiq xatırlamıram. Belə situasiyalar çox olurdu və hər şeyi yadda saxlamaq çətin idi.
Qəhrəmanlıqdan danışıldıqda, bəzən bizə elə gəlirdi ki, sadəcə hərəkət edib keçməliyik. Xoşbəxtlikdən həmin qumbara partlamadı və biz zərər çəkmədik. Oradayıq — bunu sübut etmək üçün görüntülər, kadrlar var; Noyabrın 6–7-si kimi kadrlara baxsaq, Xankəndi yolunda nə baş verdiyini görmək olar.
Orada geniş meşəlik sahə var idi, biz ora atıldıq və orada mövqeləndik. Sonradan araşdırdım, hansı mövqelərdə olduğumuzu, haradan keçdiyimizi bildim. Xankəndinin sərhədindən keçmişik — oradan başqa istiqamətə də gedə bilərdik, amma komandadan Şuşaya doğru irəliləmək tapşırığı var idi. Ayın 6-cı günü artıq orada idik; vaxtın sonuna yaxın Şuşaya aparan yol yaxınlaşırdı.
O yola aşağıdan gəldik. Üzərimizdə daşıya bildiyimiz qədər sursat — əl qumbaraları, patrondan tutmuş digər silah və sürsata qədər var idi. Orada ərazinin enişli-yoxuşlu olması, qayalarda ayağın sürüşmə riski yüksək idi.
Əlimizdən gəldiyi qədər qazıb, sürünərək oradan çıxmağa çalışdıq. Bir-birimizə dəstək verirdik və gözləməli olduğumuz anlar olurdu. Hətta bəzən xəbərimiz olmadan bizim qarşımızda olan vəziyyət dəyişirdi və biz sürprizlə üzləşirdik.
Həmin ayın 6-cı günü hava qaraldı, dronlarımız qalxıb müəyyən hədəfləri vurdu. Biz Laçın dərəsində mövqe tutmuşduq; şəhərdən çıxmaq istəyən maşınlar vardı və biz onları bir-bir dayandırıb yoxlayırdıq. Havanın qaranlığı bizim üçün əlverişli idi — düşmən bizi görə bilmirdi. Orada hələ qala olduğunu, erməni futbolçunun evi kimi yerlərin olduğunu bilmirdik. Hər dəfə ora baxanda köhnə Şuşanı xatırlayırdım və uşaqlıq xatirələri gözümə gəlirdi. O vaxt doğulan uşaqlar üçün deyirdilər ki, onlar bu müharibəni görməyəcəklər; amma biz onu canlı yaşadıq. Ayın 6-7-si havanın qaralması komandaya irəliləmək üçün ən əlverişli vaxt kimi görünürdü. Biz yoldan keçib mövqelənəndə təxminən 300 nəfər idik. Bizi “300” kimi adlandırırdılar — 93 km yol qət etmişdik. Suyumuz yemeyimiz bitmişdi. Yolda palçıqlı, lilli su içirdik. Çətinliklərimiz çox idi.
Atəş səsləri bir müddət dayandı. Xankəndi istiqamətində irəliləyirdik; oradan Şuşaya qalxan yol var idi. Üzərimizdə daşıya bildiyimiz qədər sursat — əl qumbaraları, güllələr və s. — vardı. Ərazinin dikliyi, qayalarda sürüşmə riski bizi çətin vəziyyətə salırdı. Qazıb sürünərək irəliləyirdik, biri-birimizə dəstək verirdik və gözləməli olduğumuz anlar olurdu.
Biz orada mövqeləndik; tam səssizlik çökmüşdü. Düşmən avtomatlarla atəş açmağa başladı. Onların istifadə etdiyi patronlar 5.45 və 7.62 kalibr idi. Mən sol tərəfimdən güllərin keçdiyini, onların küləyini hiss etdim — donub qaldım, yerimdən tərpənmədim. Həmin atəş nəticəsində yoldaşlarımız da yaralandı.
Bu hadisə zamanı yaralı yoldaşımıza ilkin tibbi yardım göstərilirdi. Amma elə həmin anda başqa bir yoldaşımız da yaralandı. Biz qarşılıq atəşi açmırdıq — artıq məqsədimiz onlara birbaşa hücum etmək deyil, mövqeyimizi qorumaq idi. Sadəcə, qarşıdan çıxan düşməni məhv edirdik. Elə bil, çəkilən bir xətt vardı — öz mövqelərimizi, keçidimizi qoruyurduq.
Bu gərgin anlarda sanitarımız da yaralandı — güllə onun qoluna dəymişdi. Mən tapşırdım ki, yaralılara dayaq olsunlar. Amma bəziləri artıq şok vəziyyətində idi. Mən yaxınlaşanda gördüm ki, bəzi döyüşçülər halsızlıqdan yatıblar. Dedim ki, belə anlarda insan şoka düşür, çünki insan yaralananda bədən artıq gücsüz qalır.
Sanitarımızın yarası ağır idi, amma biz ona ağrıkəsici iynə də vura bilmirdik — vəziyyət imkan vermirdi. Bu zaman bizi bir qədər araladılar. O vaxt bölmə komandirimiz çox böyük qəhrəmanlıq göstərdi. O, həm lider, həm də əsl döyüşçü nümunəsi idi. Təəssüf ki, həmin vaxt o da ağır yaralandı: qəlpə burnundan, ağzından və sinəsindən keçmişdi. Hələ də onun o yaraların nəticələrini yaşadığını bilirəm.
Mən şəhidlərə və yaralılara baxmaq üçün bir qədər irəli getdim. Orada baş tibb işçimiz Əziz müəllim yaralı vəziyyətdə idi — ayağından zədə almışdı. Həmin vaxt Mehrab mənim səsimi eşitdi, qaranlıq idi, üzümü görmürdü, amma səslə tanıdı. “Şəmi, gəl yanıma,” — dedi. Mən yanına getdim, ayağımın altı da o vaxt yaralanmışdı. Mehrab deyirdi ki, “uşaqlarımı görmək istəyirəm, evə getmək istəyirəm.” Mən elə bildim ki, vəziyyəti o qədər də ağır deyil. Amma sonra anladım ki, vəziyyət düşündüyümdən daha pis imiş.
Bizim sanitarlar o vaxt düşmən obyektlərindən lazımi tibbi ləvazimatları — spirt, sarğı, təmizləyici vasitələri — götürüb gətirmişdilər. Çünki yaralılarımız çox idi və yardım üçün başqa şərait yox idi. Biz Şuşaya ilk qalxan bölmə idik; başqa bölmələr hələ bizə çata bilməmişdilər. Çünki ərazidə təmizləmə işləri davam edirdi.
Mehrab mənə “su ver” deyəndə, tibbi baxımdan su verilməməli idi — qan laxtalanması üçün təhlükəli idi. Amma o çox halsız idi. Mən bir anlıq tərəddüd etdim və su vermədən döyüş mövqeyimə qayıtdım. Düşünürdüm ki, ayağından yaralanıb vəziyyət o qədər də ciddi olmaz.
Səhər açıldı. Biz döyüş vaxtı nə yataq, nə döşək, nə də düzgün istirahət görmürdük. Üzərimizdə zirehli geyim, jilet, silah — hamısı ağırlıq idi. Uzanmaq belə mümkün deyildi; maksimum beş dəqiqə divarın küncündə gözümüzü yumurduq.
Mən artıq zabit kimi başa düşürdüm ki, komandir nümunə olmalıdır. Mən qorxmamalıydım, çünki mənə baxıb digərləri də ruhlanırdı. Mən həm silah, həm güllə daşıyırdım, döyüşçülərə çatdırırdım. Əgər mən dayanıb istirahət etsəydim, digərləri də döyüşə inamını itirərdi.
Səhər açılanda rabitə ilə məlumat verdilər ki, bizim istiqamətə dörd yüz nəfərlik bir heyət göndərilib. Eyni zamanda, Daşaltı istiqamətində başqa bir bölmə döyüşdə idi. Onlar pusquya düşmüşdülər — təxminən 120 nəfərdən ibarət bölmə. Həmin pusquda bütün şəxsi heyət demək olar ki, məhv olmuşdu.
Ayın 8-i günü o hadisəni eşitdik — dörd yüz nəfərlik bölmənin bir hissəsi pusquya düşmüşdü. Mənə tapşırıq verildi ki, həmin bölməni təxliyə edim. Biz üç istiqamətdə hərəkət etdik. Mən göstəriş verdim ki, düşmənin yerləşdiyi təpəyə atəş açılsın ki, koordinat verə bilməsinlər.
Avtomatlardan və pulemyotlardan atəş açıldı, düşmən mövqeləri susduruldu. Bizim məqsədimiz o pusquya düşən bölməni çıxarmaq idi. Gündüz vaxtı bu əməliyyatı həyata keçirdik və bir çox döyüşçünü oradan xilas edə bildik.
Bunların hamısı ayın 8-də, Şuşa istiqamətində gedən döyüşlər zamanı baş verib.
Kordinat verdim ki, sağdan və soldan həmin istiqamətlərə atəş açılsın — yəni tam sağ tərəfə atış açılsın. Nəticə belə oldu ki, düşmənin atəşi susdu və onlar geri çəkilməyə başladı. Mən də həmin təxliyə əməliyyatında iştirak etdim. Təxminən 163 nəfər şəxsi heyəti, on doqquz nəfər yaralı olmaqla, təxliyə etməyə nail olduq. O əməliyyatı gündüz saatlarında icra etmişdik; əgər orada boşluq yaranmış olsaydı, onlar hamısı şəhid ola bilərdi. Dörd yüz nəfərdən təxminən 163 nəfər bizə çatdı.
Komandirə neçə dəfə demişdik ki, yaralısınız geri çəkilin, tibbi yardım göstərilsin.Komandir nümunə göstərərək dedi: “Siz buradasınızsa, mən də sizin yanınızdayam, buradan getməyəcəyəm.” Biz əmrə uyğun olaraq olduğumuz mövqedən geri çəkilmədik. O vaxt mən yaralandım. Yoldaşlar kömək etmək istəyirdilər — “gəl, çıxaq” — deyirdilər. Mən isə demişdim ki, zədə almadan dayanın. Yaralılara ilkin yardım göstərmək üçün özüm bəzi dərmanları bir neçə dəfə böyük dozada verdim ki, vəziyyət ağırlaşmasın. Hətta bizə ağrıkəsici verilirdi ki, yaralananda istifadə edək. Mən onu da yoldaşlarım arasında bölmüşdüm deyə mənə qalmamışdı.
Heç kəs məni tək qoymadı. Silahımı da önə qoymadım; silahımı qucaqlayıb çıxmağa çalışdım. Təxminən 500–600 metr getdim; sonra yoldaşlar məni götürüb ilkin tibbi yardım göstərdilər. Axşama, hava qaralanda bizi təhvil verəcəkdilər. Oradan çıxanda təxminən beş saatlıq yolumuz vardı. Məndən xahiş etdilər ki, silahımı, kaskamı və avadanlığımı təhvil verim, rahat gedərəm. Mən cavab verdim ki, yox — döyüş hələ bitməyib, silahımı təhvil verməyəcəyəm. Döyüş ruhum pozulmamışdı.
Məni meşəlikdəki kənd yaxınlığında qarşıladılar, yaralılara diqqətlə yanaşdılar. Bəziləri mənə əl uzatdı, amma mən istəmirdim; nə qədər yaralı olsam da möhkəm dayanmaq istəyirdim. Sonra bizi səyyar hospitala apardılar. Orada üzərimdəki qəlpələr çıxarıldı. Buradan isə hospitala yola düşdük. Hospitala çatdıqda avadanlıqlarımız — silahlar, dəbilqələr — götürüldü. Televiziyada bizi göstərirdilər.
Mən oradan ayrılmaq istəmirdim; yoldaşlarımın yanından ayrıla bilmirdim. Həkimlər mənə yardım göstərdilər. Oktyabrın 4-də mən RPG-26 partlayışına məruz qalmışdım. O partlayış qulağıma ağır zərbə vurmuşdu — sol qulağım böyük zərər görmüşdü; indi də qulağımda səslər və problemlər hiss edirəm. Buna baxmayaraq, narahat olmayın, getmək istəmirəm — dedim.
Gördüm ki, ayın doqquzunda bizim üzərimizə güclü atəş açıldı və bu, bizə ağır təsir etdi. İnsanlar sual verirdilər: “Döyüşdən danışırsınızsa, niyə Xankəndinə daxil olmadınız? Mən bildirdim ki, biz bir hərbi birlik kimi öz qərarlarımızı verirdik; döyüşün içində idik və kənardan hansı addımların atılacağını bilmirdik. Hər şey müəyyən kontekstə və siyasi qərarlara bağlı idi.
Prezidentin siyasi addımları bizə dəstək oldu; bu addımlar vəziyyəti müəyyən dərəcədə asanlaşdırdı. Əgər biz əməliyyatları fərqli şəkildə icra etmiş olsaydıq, nizamsız vəziyyət yarana bilərdi və dünyanın bəzi ölkələri bizə qarşı iddia qaldıra bilərdi.
- Ali Baş Komandanımızın başçılığı ilə qazandıımız zəfərin 5 illiyidir. Bununla bağlı xalqımıza, gənclərə nə demək istəyirsiniz?
Xalqımıza zəfər yaraşır. Əgər bu zəfərdə mənim də bir payım varsa, bununla fəxr edirəm. Döyüş yolum və xidmətim üçün müxtəlif medallar, təşəkkürnamələr almışam. Bu medalları daşıyarkən mən şəhidlərimizin və qazilərimizin xatirəsini daşıdığımı bilirəm.
1991–1993-cü illərdə döyüşmüş qəhrəmanlarımız var idi; bəziləri medalları qəbul etmirdilər. Bəzi qəhrəmanlarımız demişdi ki, bu medalları açıqca taxmaq olmaz, torpaqlarımız işğal altındadır. Bu gün isə biz medallarımızı qürurla daşıyırıq — hər medalda şəhidin, qazinin, vətən uğrunda verilən canın izi var.
Mən bu medalları daşıyıram, çünki vətən uğrunda can verməyə hazıram. Xalqımızın firavan, azad və xoşbəxt yaşaması üçün məsuliyyət daşıyanlar məhz xalqdan çıxan oğullardır. Biz 30 il ərzində bu ruhu qorumuşuq və vaxtı gələndə haqqımızı geri almışıq. O dövrlərdə müəyyən torpaqlarımız itirilmişdi, amma biz mübarizəmizi davam etdirərək bu haqları geri qaytarmışıq. Biz 90-cı illərdə döyüşçülərimizin qoruduğu 80 faizi qorumaqla yanaşı 20% i də düşmən işğalından azad etdik. Biz nə qədər hazırlıqsız və arxayın olsaq düşmən bizə yenidən hücum edəəck. Biz torpaqlarımızı azad etmişiksə arxayın, rahat oturmamalıyıq. Vətən sevgisini ən yüksək səviyyədə yaşatmalıyıq. Düzdür vətən sevgisi tək döyüşmək deyil. Vəzifəni layiqincə və peşəkarlıqla yerinə yetirmək özü vətəni sevməkdir.
19:17 04.11.2025
Oxunuş sayı: 1528