Akademik Prezidentin çıxışından sonra hərəkətə keçdi: Tez bir zamanda iqtisadçılardan ibarət qrup yaradacam
Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə etdiyi çıxış həm elmi ictimaiyyət, həm də bütövlükdə cəmiyyət üçün yeni istiqamətlər müəyyənləşdirən tarixi bir nitq kimi dəyərləndirilir. Bu çıxışda dövlət başçısı təkcə keçilən 80 illik elmi yolun nəticələrini qiymətləndirməklə kifayətlənmədi, eyni zamanda, elmin gələcək inkişaf strategiyasını da aydın şəkildə ortaya qoydu.
Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə Prezident İlham Əliyevin AMEA-dakı çıxışı ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb: “Cənab Prezidentin çıxışı müstəqil Azərbaycan dövlətinin tarixində, Azərbaycan elminin gələcəyi ilə bağlı olan məsələləri özündə etiva edir. Bu çox dəyərli və fundamental çıxış idi. Bu çıxışda Azərbaycan elminin 80 ildə keçdiyi yol təhlil olundu və qarşısında duran məsələlər müəyyənləşdirildi. Ən vacib məsələlərdən biri kimi cənab Prezident Azərbaycan dilinin qorunması ilə bağlı öz göstərişini verdi. Həmin işin gələcəkdə araşdırılması və nəzərə alınması diqqətə alındı. Razılıq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan dilinin inkişafında son illərdə çox böyük işlər görülür. Azərbaycan dilinin müstəqil Azərbaycanın tanınması üçün çox önəmli olduğu qeyd edildi. Həmçinin qeyd olundu ki, biz çox vaxt fikir vermirik və dilimizə xarici sözlər daxil olur. Bu geniş xarakter almamalı, tədbir görülməlidir. Mən iqtisadiyyat sahəsində çalışan bir iqtisadçı kimi cənab Prezidentin fikirləri ilə razılaşıram. Hər bir elm nümayəndəsi elmin inkişafı üçün müəyyən işlər görməlidir. Elə iqtisadiyyat sahəsində də elə sözlər işlədilir ki, onlar Azərbaycan dilinə uyğun deyil. Bizim küçələrdə olan elanlar, reklamlar xarici dildədir və bu yolverilməzdir. Mən qısa zaman kəsimində gənc və professional iqtisadçılardan, ədəbiyyatçılardan ibarət qrup yaradacam. Burada müzakirələr apararaq hər sahədə olduğu kimi iqtisadiyyat sahəsində də yad sözlərin təmizlənməsi üçün işlər görəcəyik. Qısa zamanda mətbuatda bununla bağlı geniş çıxış edəəcəyik. Bu bizim vətən qarşısında ən vacib və müqəddəs vəzifələrimizdən biridir. Dilimiz varsa millət də yaşayır”.
Ayhan
17:29 03.11.2025
Oxunuş sayı: 3225