Prezidentin bu fikirləri bütövlükdə xalq üçün ruhlandırıcı xarakter daşıyır - Akademik
Azərbaycan dilinin qorunması və inkişafı məsələsi hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin, mədəni yaddaşın və mənəvi birliyin təməlidir. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə səsləndirdiyi fikirlər təkcə dil siyasətinə deyil, bütövlükdə milli ideologiyaya verilən dəyərin göstəricisidir. Dövlət başçısının ana dilinin 50 milyondan çox azərbaycanlının mənəvi varlığına çevrildiyini vurğulaması, ədəbi dilin saflığının və milli xüsusiyyətlərinin qorunması zərurətini xatırlatması Azərbaycan dilinə münasibətin yeni mərhələyə keçdiyini göstərir. Prezidentin dilin zənginliyinə, onun ifadə gücünə və qlobal səviyyədə daşıdığı mədəni dəyərə diqqət yönəltməsi isə həm alimlər, həm ziyalılar, həm də cəmiyyət üçün mühüm mesaj kimi dəyərləndirilə bilər.
Akademik, Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov Crossmedia.az-a açıqlama verərək Prezident İlham Əliyevin AMEA-dakı çıxışı zamanı Azərbaycan dilinin qorunması ilə bağlı səsləndirdiyi fikrə münasibətini bildirib: "Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə çıxışında dilimizlə bağlı çox maraqlı və dərin məzmunlu fikirlərə toxundu. Əvvəlcə o, Azərbaycan dilində 50 milyondan artıq insanın danışdığını və bu dilin onların ana dili olduğunu vurğuladı. Dövlət başçısı səviyyəsində bu faktın qeyd olunması, əlbəttə, mühüm hadisədir. Çünki bir var 10 milyonluq bir xalqın dili, bir də var 50 milyonluq bir dil birliyi. Bu, dilin daha zəngin, mükəmməl və əhatəli olmasına gətirib çıxarır. Prezident qeyd etdi ki, o, hər zaman dil məsələsinə xüsusi diqqət yetirib. Xatırlatdı ki, 10 il əvvəl Azərbaycan dilində bəzi problemlərin — xüsusilə alınma sözlərə meylin çox olması kimi halların — mövcud olduğunu bildirmişdi. Lakin bu gün artıq vəziyyətin xeyli dəyişdiyini, dilimizin inkişafında və ədəbi normanın qorunmasında müsbət təcrübələrin yarandığını söylədi. Bununla belə, dövlət başçısı ziyalıları ədəbi dilin milli xüsusiyyətlərinin qorunması istiqamətində mübarizəni davam etdirməyə çağırdı. Çünki bu proses dayanmaq bilməz, daim diqqət və qayğı tələb edir".
N.Cəfərov bildirib ki, Azərbaycan dilinin lüğət tərkibi son dərəcə zəngindir və istənilən fikri ifadə etməyə qadirdir: "Buna görə də xaricdən alınma sözlərə ehtiyac yoxdur — dilimizin öz imkanları ilə müasir fikirləri ifadə etmək mümkündür. Prezident həmçinin qeyd etdi ki, bizim dilimizi bəzi yerlərdə məişət dili səviyyəsinə endirməyə çalışırlar: "Amma bunun qarşısını almaq lazımdır. Ədəbi dil öz mükəmməlliyi ilə dayanmalıdır. Əgər kimsə cəhd göstərirsə ki, öz dilimizin yerinə başqa söz işlətsin, o ya səhvdi ya da təxribatdır. Bu da çox ciddi bir mesaj idi".
Akademik qeyd edib ki, Prezidentin bu fikirləri, əlbəttə, dil sahəsində çalışan mütəxəssislər üçün olduğu qədər, bütövlükdə xalq üçün də ruhlandırıcı xarakter daşıyır: "Çünki dilimizin inkişafı milli ruhun güclənməsi ilə birbaşa bağlıdır. Dövlət başçısının da qeyd etdiyi kimi, Vətən müharibəsində qazanılan böyük qələbədə Azərbaycan dili də mühüm rol oynadı. Prezidentin xalqla etdiyi müraciətlərdə Azərbaycan dilinin bütün bədii və emosional gücü istifadə olundu və bu, həm xalqda, həm orduda böyük ruh yüksəkliyi yaratdı. Nəticə etibarilə, Prezidentin bu çıxışı bir daha göstərdi ki, Azərbaycan dövləti ana dilimizin qayğısına yalnız ölkə daxilində deyil, bütün dünya azərbaycanlıları miqyasında qalır və Azərbaycan dilinin qorunması, inkişafı qarşısında ümumxalq məsuliyyəti daşıyır".
Ayhan
17:12 03.11.2025
Oxunuş sayı: 3074