Cəmiyyətin ən ümdə problemi: Erkən nikahlar niyə durmadan artır?- Araşdırma
Erkən nikah dövrümüzün aktual mövzularından biridir. Əsasən də qızların erkən yaşda evləndirilməsi və ya nişanlandırılaraq təhsildən kənarlaşdırılması vacib məsələlərdən biridir. Valideynlər, qohumlar və ya digər şəxslər yeniyetmələri erkən nikaha məcbur edərək onların həyatlarını demək olar ki, məhv edirlər.
Sadəcə qızlar deyil, eyni zamanda oğlanlar da erkən nikaha məcbur qalırlar. Erkən nikah həm qızların, həm də oğlanların istəmədikləri məsuliyyəti üzərlərinə götürməsinə səbəb olur (erkən yaşda ana olmaq, ailə başçısı olmaq, təhsildən uzaqlaşmaq və s.).
Dövlət statiatika komitəsindən aldığımız məlumata görə il ərzində orta hesabla:
Gəlinlərin (qızların) erkən nikah göstəriciləri
18 yaşadək gəlinlərin sayı – 185 nəfər
18-19 yaşlı gəlinlərin sayı – 11 915 nəfər
Bu rəqəmlər göstərir ki, ümumi nikahların təxminən 24%-i 19 yaşadək olan qızlar arasında baş verib. Bu isə ciddi sosial və psixoloji risk daşıyan erkən nikah hallarının hələ də geniş yayıldığını sübut edir.
Bəylərin (oğlanların) erkən nikah göstəriciləri
18 yaşadək bəy sayı – 1 nəfər
18-19 yaş aralığında olan bəylər – 247 nəfər
Bu statistika onu göstərir ki, erkən nikah əsasən qızlara təsir edir, çünki oğlanların demək olar ki, heç biri 18 yaşına çatmadan evlənmir. Cəmiyyətdə qızların daha tez ailə qurmaları ilə bağlı stereotiplər bu fərqi yaradır.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Jalə Əliyeva erkən nikaha münasibətində bildirib ki, Azərbaycanda nikah yaşı qanunla müəyyən edilib və erkən nikahların qarşısı əlaqədar icra qurumları tərəfindən qəti şəkildə alınır: “Dövlət bunun üçün bütün zəruri tədbirləri görür. Belə nikahların qarşısını almaq üçün mövcud qanuni əsaslar var. Lakin bəzən müşahidə olunur ki, nikaha daxil olan gənclərin yaşı nikah yaşına çatmadığı halda, onların elə valideynləri özləri bu qanunu pozmağa cəhd göstərirlər. Onlar müxtəlif yollarla dövlət qurumlarını aldatmağa, saxtakarlıqlara yol verməyə çalışır və bununla da öz övladlarının taleyinə zərbə vururlar. Yəni ölkəmizdə qanun var və qanunun aliliyi çox önəmlidir. Hər bir vətəndaş bu qanuna tabe olmalıdır. Sadəcə, görünən odur ki, bu cür nikahlara təhrik edən şəxslər arasında maarifləndirmə işi daha geniş şəkildə aparılmalıdır. Burada mətbuatın üzərinə böyük məsuliyyət düşür. Eyni zamanda internet səhifələrində, televiziya kanallarında, məktəblərdə və digər təhsil ocaqlarında tərbiyəvi mövzuların sayının artırılmasına böyük ehtiyac var.

Parlamentari söyləyib ki, valideynlər arasında bu mövzuda maarifləndirici çarxların hazırlanması və söhbətlərin aparılması da işin xeyrinə ola bilər: “Məsələyə təkcə hüquqi deyil, tibbi, sosial və əxlaqi nöqteyi-nəzərdən də yanaşmaq lazımdır. Bu, çoxşaxəli bir məsələdir və bütün istiqamətlər diqqətə alınarsa, yetkinlik yaşına çatmamış gənclərin ailə qurmasının qarşısını almaq mümkündür. Əsas məsələ odur ki, nikaha daxil olan şəxs özü bu məsuliyyəti dərk etsin. Onun yaşı azdırsa və tam formalaşmayıbsa, burada valideynlərin, ətrafın, ictimai qınağın, məktəbin və bütövlükdə cəmiyyətin rolu böyükdür. Cəmiyyət biganəlikdən uzaqlaşıb “mənə nə var” prinsipi ilə deyil, daha tələbkar və məsuliyyətli yanaşsa, erkən nikahların qarşısı daha effektiv şəkildə alına bilər. Yəni təkcə qanunların qəbul edilməsi deyil, həm də bu qanunların nə qədər vacib və ali olduğunu hər birimizin dərk etməsi, bunu qarşı tərəfə izah etməyə çalışması vacibdir. Ancaq bu yolla biz bu sahədə uğur əldə edə bilərik”.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən sorğumuza cavab olaraq bildirilib ki, erkən nikah yalnız fərdi və ailə məsələsi deyil, həm də sosial, hüquqi və mədəni aspektləri ilə cəmiyyətin gələcəyini ciddi şəkildə təsirləndirən bir problemdir: “Bu məsələnin həlli kompleks yanaşma tələb edir və dövlət, ictimaiyyət və ailə səviyyəsində paralel şəkildə tədbirlər həyata keçirilməlidir.İlk növbədə, maarifləndirmə əsas prioritetdir. Valideynlər və gənclər erkən nikahın hüquqi, psixoloji və sosial nəticələri barədə məlumatlandırılmalıdır. Bu istiqamətdə məktəblərdə, icma mərkəzlərində, media platformalarında həyata keçirilən maarifləndirici layihələrin sayı artırılıb və bu proses ardıcıl şəkildə davam etdirilir. İkinci mühüm istiqamət hüquqi mexanizmlərin gücləndirilməsidir. Nikah yaşına ciddi nəzarət olunmalı, dövlət qeydiyyatından kənar baş verən erkən nikah halları ilə bağlı hüquqi tədbirlər və sanksiyalar daha sərt tətbiq edilməlidir. Bundan əlavə, sosial-iqtisadi amillərin aradan qaldırılması da mühüm rol oynayır. Aztəminatlı ailələrin sosial dəstəklə təmin edilməsi, qızların təhsildən yayınmaması üçün təqaüd və mentorluq proqramlarının genişləndirilməsi zəruri addımlardandır.mEyni zamanda, ictimai nəzarətin və icma dəstəyinin gücləndirilməsi vacibdir. Yerli icra hakimiyyətləri, bələdiyyələr, QHT-lər və dini icmalar bu prosesdə birlikdə və fəal şəkildə iştirak etməlidir.”
Qeyd olunub ki, Dövlət Komitəsi bu sahədə həm maarifləndirici, həm də praktiki fəaliyyətlər həyata keçirir: “Biz mütəmadi olaraq “Erkən nikaha yox deyək!”, “Uşaq nikahı cinayətdir” kimi kampaniyalar və ictimai tədbirlər keçiririk. Sosial şəbəkələr, televiziya və bölgələrdə təşkil olunan görüşlər vasitəsilə həm gənclər, həm də valideynlər məlumatlandırılır. Bununla yanaşı, regionlarda monitorinqlər aparılır. Riskli ərazilərdə erkən nikah halları araşdırılır, həmin ailələrlə fərdi profilaktik söhbətlər və maarifləndirmə işi aparılır. Komitə həmçinin təhsil və təlim proqramları çərçivəsində məktəb psixoloqları, müəllimlər, din xadimləri və yerli icma nümayəndələri ilə görüşlər təşkil edir. Bütün bu tədbirlər hüquq-mühafizə orqanları, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Məqsəd – erkən nikah hallarını minimuma endirmək, uşaqların və gənclərin sağlam, təhlükəsiz və təhsilli gələcəyini təmin etməkdir”.
Sosioloq Rəvan Əliyev söyləyib ki, erkən nikah, cəmiyyətlərin qarşısında durduğu ən böyük bəlalardan biridir: “Cəmiyyətin strukturunu və inkişafını təhlükə altına alaraq, yalnız bir fərdin həyatı ilə məhdudlaşmır, həm də kollektiv bir problemə çevrilir. Bu sosial problemə yalnız hüquqi və praktiki yanaşmalarla yanaşmaq yetərli deyil. Əslində, erkən nikahın aradan qaldırılması və onun təsirlərinin minimuma endirilməsi üçün sosial təfəkkürün yeni bir xətti tələb olunur. Erkən nikahı yalnız şəxsi məsələ kimi görmək, bu problemi əhatəli şəkildə anlamağa kifayət etmir. Sosial şərtlər, mədəni dəyərlər və ənənələr erkən nikahın təkrarlanan və davamlı bir fenomenə çevrilməsində mühüm rol oynayır. Bir çox cəmiyyətdə, xüsusilə də kənd yerlərində erkən nikah, qadının “dəyəri” və cəmiyyətə “qatılması” üçün bir vasitə kimi görülür. Mədəniyyətlər qadınları ailənin təməlləri olaraq görür, lakin bu təməl əsasında qızların özünü kəşf etməsinə, təhsil almasına və müstəqil düşünməsinə heç bir yer verilmir”.

Onun fikrincə, problemin həlli üçün əsas addım təkcə qadağalarla olmamalıdır: “Məsələn, avropalı mütəxəssislər erkən nikahın sosial, psixoloji və fiziki təsirlərini araşdırmış və bu məsələnin yalnız hüquqi deyil, həm də sosial baxımdan müalicə edilməsini vurğulamışlar. Bu problem yalnız qanunların sərtləşdirilməsi və hüquqi tədbirlərlə həll ediləcək bir məsələ deyil. İnsanların bu mövzuya yanaşma tərzini dəyişdirmək, onların etik və sosial şüurunu inkişaf etdirmək də vacibdir.”
Psixoloq Aysu Həsənova psixoloji cəhətdən erkən nikaha münasibət bildirib: “Erkən nikah bir yeniyetmənin uşaqlıqdan gəncliyə keçid dövründə olan inkişaf prosesini yarımçıq saxlayır. Bu dövrdə insanın şəxsiyyət formalaşması, emosional sabitlik qazanması, sosial bacarıqları və həyat dəyərləri hələ tam oturuşmur. Yeniyetmə bu mərhələdə ailə məsuliyyətini daşımağa məcbur olanda, onun beynində “öz kimliyini tapmaq” və “başqasına uyğunlaşmaq” prosesi bir-birinə qarışır. Psixoloji olaraq bu, emosional yetişməzlik, depressiv hallar, anksiyete (təşviş), özünə inamsızlıq və travmatik stress kimi nəticələr doğura bilər. Xüsusilə məcburiyyət hissi — yəni qərarın özünə aid olmaması — insanın daxili nəzarət hissini (internal control) zəiflədir. Bu da gələcəkdə onun münasibətlərdə sərhəd qoya bilməməsinə, asılı davranışlara və öz dəyərlərini dərk etməkdə çətinliklərə səbəb olur. Yeniyetmənin “Mən kiməm?” sualına cavab axtardığı bir zamanda “Sən artıq həyat yoldaşısan” deyilməsi, onun kimlik böhranını dərinləşdirir. Nəticədə şəxsiyyət inkişafı sanki “dondurulur”.

Onun sözlərinə görə, travma sonrası şəfa prosesi vaxt, empatiya və psixoloji dəstək tələb edir: “Əvvəlcə bu insanların yaşadıqlarını “adi həyat hadisəsi” kimi deyil, zorakılıq forması kimi tanımaq lazımdır. Çünki yalnız problem qəbul olunduqda şəfa başlaya bilər. Terapevtik prosesdə məqsəd – insanın öz səsini bərpa etməsi, həyatı üzərində nəzarət hissini geri qazanması və keçmişdə yaşadıqlarının onun dəyərini müəyyən etmədiyini anlamaqdır. Bu məqsədlə trauma-focused terapiya, CBT (kognitiv davranış terapiyası) və EMDR (Eye Movement Desensitization and Reprocessing) kimi yanaşmalar çox effektivdir. Eyni zamanda, sosial dəstək mühiti də vacibdir. Qadın öz hekayəsini təhlükəsiz mühitdə paylaşa bildikdə artıq “tək deyiləm” hissi yaranır. O zaman bərpa prosesi başlayır — çünki travma təkbaşına yaranır, amma şəfa emosional əlaqə içində mümkündür”.
Fatimə Nəzərli
20:55 31.10.2025
Oxunuş sayı: 3130