Heydər Əliyev Fondunun milli musiqi alətlərini təbliği təqdirlə qarşılanır - Deputat və Xalq artisti danışdı
 
                                            Azərbaycanın mədəni həyatında mühüm yer tutan layihələrdən biri də Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən musiqi məktəblərinin maddi-texniki bazasının gücləndirilməsinə yönəlmiş proqramdır. Mədəniyyətin və incəsənətin inkişafını daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Fondu bu dəfə də ölkəmizin musiqi təhsili sisteminə dəyərli töhfə verib. Layihə çərçivəsində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi məktəbləri üçün müxtəlif növ yeni və müasir musiqi alətləri alınıb.
Bu təşəbbüs, bir tərəfdən, gənc istedadların daha keyfiyyətli musiqi təhsili almalarına imkan yaradaraq onların yaradıcılıq potensialının üzə çıxarılmasına şərait yaradır, digər tərəfdən isə milli musiqi mədəniyyətimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi işinə xidmət edir.
Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimi bu humanist və mədəni əhəmiyyət daşıyan layihənin rəmzi bir ifadəsinə çevrilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak etmiş, yeni alınan musiqi alətləri ictimaiyyətə təqdim olunmuşdur. Bakı ilə yanaşı, ölkəmizin müxtəlif regionlarını da əhatə edən layihə çərçivəsində musiqi məktəblərinə 11 adda 70-dən çox musiqi aləti — tar, kamança, qanun, nağara kimi milli musiqi alətləri, həmçinin skripka, violonçel, pianino, royal və digər klassik alətlər təqdim edilmişdir.
Beləliklə, Heydər Əliyev Fondunun bu təşəbbüsü bir daha sübut edir ki, Azərbaycanın gələcəyi olan gənclərin yaradıcılıq inkişafı, milli musiqi alətlərinin, irsinin yaşadılması və mədəniyyətin yeni nəsillər arasında təbliği dövlətin və cəmiyyətin prioritet istiqamətlərindəndir.

Mövzu ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, millət vəkili Tənzilə Rüstəmxanlı Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Əlbəttə, Heydər Əliyev Fondu Azərbaycanın milli ornamentlərinin, milli mədəniyyətinin təbliği xüsusəndə milli musiqi alətlərinin qorunması sahəsində çox böyük xidmətlər göstərmişdir. Fondun fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq miqyasda Azərbaycan mədəniyyətinin tanıdılmasına mühüm töhfələr verir. Bu gün Heydər Əliyev Fondu Avropada, Türk dünyasında və ümumilikdə bölgəmizdə Azərbaycan mədəniyyətini, incəsənətini, musiqisini və bizim qədim musiqi alətlərimizi təbliğ edən, onları tanıdan ən nüfuzlu qurumlardan biridir.
Fondun fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyətinin ən incə nümunələri, o cümlədən milli musiqi alətlərimiz, muğam sənətimiz dünya səviyyəsində tanınmağa başlayıb. Xüsusilə, muğam sənətinin bu qədər geniş miqyasda təbliği tariximizdə ilk dəfədir ki, bu səviyyəyə çatıb. Heydər Əliyev Fondu muğam ifaçılarına və bu sənətin inkişafına daim xüsusi qayğı göstərir.
Fondun dəstəyi ilə Azərbaycanın milli koloritini əks etdirən bir çox layihələr həyata keçirilir ki, bunlardan biridə ötən gün milli musiqi alətlərimizin təqdimatı ilə bağlı keçirilən tədbiri qeyd edə bilərik. Bu layihələr həm milli-mənəvi dəyərlərimizin qorunmasına, həm də onların dünya mədəni irsi siyahısına daxil edilməsinə xidmət edir. Bu, həm dövlətimiz, həm də xalqımız üçün böyük qürur mənbəyidir.
Heydər Əliyev Fondu yalnız mədəniyyət sahəsində deyil, həmçinin təhsil və səhiyyə istiqamətlərində də mühüm işlər görür. Məsələn, mənim seçildiyim rayonda Fond tərəfindən bir sıra təhsil müəssisələri əsaslı şəkildə təmir edilərək, müasir standartlara uyğun səviyyədə təhvil verilib. Bu məktəblər bu gün gənc nəslin yüksək səviyyədə təhsil alması üçün gözəl şərait yaradır.
Bundan əlavə, Fondun uşaq evlərinə, sosial müəssisələrə göstərdiyi diqqət və qayğı da təqdirəlayiqdir. Heydər Əliyev Fondu Azərbaycan xalqının yalnız mədəniyyətinə deyil, həm də onun gələcəyini müəyyən edən mənəvi, təhsil və sosial dəyərlərinə xidmət edir.
Qeyd etmək istərdim ki, bu istiqamətdə fondların fəaliyyəti dünyada geniş yayılmış təcrübədir. Məsələn, Türkiyədə Türk İrsinə Xidmət Fondu, Yunus Əmrə Fondu və digər vaqflar bu sahədə mühüm rol oynayır. Azərbaycanda isə bu ənənənin əsasını Heydər Əliyev Fondu qoyub. Fond bu gün milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, elm və təhsilimizə xidmət edən müasir fond modelinin parlaq nümunəsidir.
Deputat həmçinin bütün bu işlərin birinci vitse-prezidentimiz, hörmətli Mehriban Əliyevanın rəhbərliyi və şəxsi təşəbbüsləri nəticəsində olduğunu qeyd edib: "Onun təşəbbüsü ilə həyata keçirilən layihələr Azərbaycan dövlətçiliyinə, milli kimliyimizin qorunmasına və mədəni irsimizin dünya miqyasında tanıdılmasına mühüm töhfə verir.
Mən Heydər Əliyev Fonduna gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıram və Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə və sosial həyatına verdiyi dəyərli xidmətlərə görə fondun rəhbərliyinə və bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm".

Məsələ ilə bağlı Xalq artisti Vamiq Məmmədəliyev də Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Milli musiqi alətlərinə göstərilən diqqət çox müsbət bir haldır. Nəzərə alaq ki, alət olmasa bir musiqi ərsəyə gələ bilməz. Ona görə bu alətlərin təqdimatı gənc nəsillərə ötürülməsi çox xoş bir haldır. Tar, kamança aləti üzrə aparılan işlər milli musiqimizə çox böyük xidmət edir".
Xalq artisti həmçinin Heydər Əliyev Fondunun təşəbbüsünün alqışalayiq hal olduğunu bildirib.
"Mən bir sənətkar kimi fondun bu addımını çox alqışlayır və təqdirəlayiq bir addım kimi qiymətləndirirəm" - deyə o qeyd edib.
Elmir Heydərli
15:44 31.10.2025
Oxunuş sayı: 4332
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        