Müəllimlərin iş saatı əsaslı əməkhaqqı alması məktəbdə keyfiyyət mərkəzli iş mədəniyyətini təmin edir - Ekspert
Məlum olduğu kimi, Azərbaycanda müəllimlərin əməkhaqqısı artıq dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcək.
Bu qərar son illər Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü islahatlar silsiləsinin davamı kimi qiymətləndirilir. Yeni yanaşma müəllim əməyinin yalnız sinifdə keçilən dərslərlə deyil, həm də dərsə hazırlıq, şagirdlərin qiymətləndirilməsi, metodik fəaliyyət və peşəkar inkişafla bağlı sərf olunan zamanla ölçülməsini nəzərdə tutur.
Bu, həm də müəllim peşəsinin sosial statusunun və nüfuzunun yüksəldilməsinə yönəlmiş addımdır. Çünki əvvəlki sistemdə pedaqoqların gəlirləri əsasən dərs yükündən asılı idi və bu, bir çox hallarda real əməyin tam şəkildə dəyərləndirilməsinə imkan vermirdi. Yeni model isə müəllim əməyini daha ədalətli və şəffaf əsaslarla qiymətləndirməyə şərait yaradacaq.
Ekspertlərə görə, bu islahat həm də təhsil keyfiyyətinə birbaşa təsir göstərəcək. Müəllimlər artıq dərs saatını artırmaq yox, tədrisin məzmununa və keyfiyyətinə fokuslanacaq, bu isə nəticə etibarilə həm şagirdlərin bilik səviyyəsinə, həm də ümumi təhsil mühitinə müsbət təsir göstərəcək.
Mövzu ilə bağlı təhsil mütəxəssisi Vaqif Fətullayev Crossmedia.az-a açıqlama verib:
"Bu günlərdə gündəmdə olan əsas məsələ müəllimlərin də digər peşə sahibləri kimi məktəbdə “8 saatlıq iş günü” prinsipinə uyğun fəaliyyət göstərməsidir. Hazırda məktəblərdə iki status mövcuddur: ştat və saathesabı. Yeni yanaşma müəllim əməyini yalnız sinif içərisində keçirdiyi iş saatları ilə deyil, məktəbdaxili hazırlıq, qiymətləndirmə, metodik fəaliyyət, şagird və valideynlərlə iş kimi ümumi peşə öhdəliklərinin cəmi kimi nəzərə almağa yönəlib".
Ekspert həmçinin qeyd edib ki, beynəlxalq tədqiqatlar bu yanaşmanın vacibliyini təsdiqləyir: "OECD-nin (İƏİT) TALIS tədqiqatının məlumatlarına görə, müəllimlərin bir çox ölkələrdə həftəlik ümumi iş yükü 45–50 saatdır və bunun yalnız yarısı dərslərlə bağlıdır, qalan hissəsi dərsə hazırlıq, qiymətləndirmə, fərdi dəstək və müasir təlim metodları üzərində işləməyə gedir. Məsələn, ABŞ-də orta hesabla müəllim həftədə 46 saat çalışır, bunun təxminən 28 saatı dərsdir, qalanı isə dərsdənkənar məktəbdaxili peşə fəaliyyətidir. Bu faktlar göstərir ki, müəllim işinin böyük hissəsi sinifdən kənarda formalaşır və bu əməyin rəsmi olaraq tanınması peşəkar keyfiyyətin vacib şərtidir. Bu kontekstdə təkcə “2-3 saat gəlib dərs demək və məktəbdən çıxıb getmək” modeli müasir təhsil sistemi üçün kifayət etmir. Bu hallar müəllimin məktəb həyatına inteqrasiyasını zəiflədir, şagirdə fərdi dəstək imkanlarını məhdudlaşdırır, həmçinin məktəb-valideyn-müəllim əlaqələrini zəiflədə bilir. Daha optimal olan elə məhz müəllimin yarımştat və ya tam ştat rejimində müəyyən saat çərçivəsində məktəbdə olmasıdır. Bu, beynəlxalq təcrübə ilə də üst-üstə düşür. Finlandiya, Sinqapur və Estoniya kimi yüksək nəticələr göstərən təhsil sistemlərində müəllimlər məktəbdə həm tədris, həm də komanda işi, planlaşdırma, mentorluq və şagird dəstəyi üçün stabil vaxt çərçivəsinə malikdirlər".
V.Fətullayev son olaraq qeyd edib ki, OECD araşdırmaları göstərir ki, müəllimlərin məktəbdaxili əməkdaşlıq saatlarının artırılması şagird nəticələrini və müəllim peşəkarlığını gücləndirir: "Eyni zamanda TALIS-də müəllimlərin ən çox ehtiyac duyduğu iki amil kimi “metodik əməkdaşlıq üçün vaxt” və “fərdi şagird dəstəyi üçün resurslar” göstərilir. Yəni müəllimin məktəbdə müəyyən olunmuş zaman çərçivəsində olması həm komanda mədəniyyətini gücləndirir, həm də şagirdyönümlü təlimə şərait yaradır. Son nəticədə iş saatı əsaslı model həm əməkhaqqında ədaləti, həm peşəkar inkişafı, həm də məktəbdə keyfiyyət mərkəzli iş mədəniyyətini təmin edir. Həmçinin nəzərə almaq lazımdır ki, müəllimin məktəbdə daha çox zaman keçirməsi onların daha çox iş görməsi demək deyil daha strateji, daha koordinasiyalı və daha keyfiyyətli iş görməsi deməkdir".
Ayhan
18:19 30.10.2025
Oxunuş sayı: 1296