Bu ilin sonunadək ölkə üzrə elektron növbə sisteminin istifadəyə verilməsi planlaşdırılır - Vüqar Qurbanov
Artıq Bakıda və Abşeron ərazisində yerləşən 17 tibb müəssisəsində 33 növbə terminalı və 99 monitor, regionlarda isə 28 tibb müəssisəsində 51 növbə terminalı və 133 monitor quraşdırılıb.
Crossmedia.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025”in açılış mərasimində deyib.
O bildirib ki, il sonuna qədər bu sistemin ölkə üzrə əksər tibb müəssisələrində istifadəyə verilməsi planlaşdırılır.
"Bundan başqa, son 5 il ərzində 95 tibb müəssisəsində Laboratoriya İdarəetmə Sistemi tətbiq edilib, bu müddət ərzində cəmi 110 milyon laborator xidmət, o cümlədən 90 milyon ambulator və 20 milyon stasionar xidmət qeydə alınıb.
Vətəndaşlar artıq şəxsi kabinet və “e-TABIB” mobil tətbiqi vasitəsilə laborator nəticələrini onlayn əldə edə bilirlər"- deyə o vurğulayıb.
O əlavə edib ki, bu rəqəmsal həllər sayəsində TƏBİB-in idarəetmə sistemi real vaxt rejimində məlumat mübadiləsini təmin edir, qərarların qəbulunda dəqiqliyi artırır və səhiyyə sistemində şəffaf idarəetməni möhkəmləndirir.
11:44 30.10.2025
Oxunuş sayı: 1715