Cəmiyyət üçün SOS: Boşanmalar artır- Ekspertlər danışdı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib ki, Azərbaycanda nikahların azalması, boşanmaların artması dünyada ailə institutu ətrafında baş verənlərin pis nümunəsidir.
Onun sözlərinə görə, cəmiyyət olaraq mövcud vəziyyətlə birgə mübarizə aparmaq lazımdır:
"Ailələr dövlətin yanında olmalıdırlar. Onlar "Azərbaycan ailə modeli necə olmalıdır" düşüncəsini yaxşı nümayiş etdirməlidirlər".
Son illər Azərbaycanda nikahların azalması və boşanmaların artması cəmiyyətin sosial həyatında ciddi narahatlıq doğuran mövzulardan birinə çevrilib. Bu halın əsas səbəbləri kimi ailədəki maddi çətinliklər, ailə məsuliyyətinə hazır olmamaq və yaxud da sosial şəbəkələrin ailə münasibətlərinə mənfi təsiri və dəyərlərin tədricən dəyişməsi göstərilir. Bütün bunlar ailə institutunun zəifləməsinə, ailədaxili münasibətlərdə anlaşılmazlıqların artmasına və nəticədə boşanma hallarının çoxalmasına səbəb olur.
Məsələ ilə bağlı psixoloq İmdad Əlizadə Crossmedia.az-a açıqlama verib: “Təbii ki, bu məsələ bir sıra ölkələrin demoqrafik vəziyyəti ilə bağlı göstəricilərlə də əlaqələndirilir. Son onilliklərdə bir çox ölkələrdə ailə institutu ətrafında müəyyən mənfi proseslər baş verir və bu da öz növbəsində cəmiyyətin sosial sabitliyinə təsir göstərir. Ailə institutunun zəifləməsi bəzi ölkələrdə əhalinin sayının azalmasına, bəzilərində isə doğum səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Nəticədə həmin ölkələrdə işçi qüvvəsinin çatışmazlığı yaranır və bu səbəbdən onlar kənar ölkələrdən işçi qüvvəsi cəlb etməyə məcbur qalırlar.

Bütövlükdə burada söhbət ailə institutunun zəifləməsi nəticəsində nikaha girənlərin sayının azalmasından və bunun doğum səviyyəsinə mənfi təsirindən gedir. Bu proses sonda əhalinin ümumi sayının azalmasına, yaşlı nəslin sayının artmasına və gənc işçi qüvvəsinin çatışmamasına gətirib çıxarır. Təəssüf ki, bu mənfi tendensiyalar Azərbaycan ailə modelinə də müəyyən qədər təsir göstərir.
Mənə elə gəlir ki, ailə münasibətlərinin dağılmasını yalnız bir amillə əlaqələndirmək düzgün olmaz. Burada sosial, iqtisadi və psixoloji faktorlar bir-birinə sıx bağlıdır. Bu amillərin hər biri ailənin həm möhkəmlənməsində, həm də dağılmasında mühüm rol oynayır”.
O, həmçinin çıxış yollarını da göstərib: “Məncə, ilk növbədə ailə sevgi üzərində qurulmalıdır. Ailədə kiçik problemləri böyütməyə ehtiyac yoxdur, tərəflər bir-birini anlamalı və birgə qərarlar qəbul etməlidirlər. Xüsusilə indiki çətin dövrdə ailə qayğıları, uşaqların tərbiyəsi və məişət məsələləri həm kişi, həm də qadın arasında bərabər şəkildə bölüşdürülməlidir. Bu vəhdət ailəni daha da möhkəmləndirə bilər. Digər tərəfdən, bu gün ailə münasibətlərinə mənfi təsir göstərən bir sıra sosial amillər də mövcuddur. Bura insanların sosial şəbəkələrdə sürətlə yayılan mənfi tendensiyalara şüursuz şəkildə qoşulması, qadın azadlığının düzgün qiymətləndirilməməsi və “insan həyatı bir dəfə yaşayır, istədiyi kimi yaşamalıdır” kimi yanlış yanaşmalar daxildir. Eyni zamanda, televiziyaların da bu məsələdə rolu danılmazdır. Təəssüf ki, bəzi televiziya proqramlarında ailə institutunun möhkəmlənməsi deyil, əksinə, ailə dəyərlərinin zəifləməsi daha çox təbliğ olunur. Bütün bu hallar Azərbaycanda ailə institutunun qarşısında müəyyən təhlükələr yaradır. Ona görə də bu gün ailə institutu ciddi risklərlə üz-üzədir və bu proseslərin qarşısını almaq üçün həm dövlət, həm də cəmiyyət səviyyəsində məqsədyönlü tədbirlər görülməlidir”.
Sosioloq Rəvan Əliyev isə söyləyib ki, son illərdə boşanmaların çoxalmasının əsas səbəbləri insanların həyat tərzində və dəyərlərində baş verən dəyişikliklərdir: “Əvvəllər ailə daha çox birgə məsuliyyət və hörmət üzərində qurulurdu. İndi isə fərdiyyətçilik və “öz azadlığım” düşüncəsi önə keçib. İnsanlar ailəni bir komanda kimi yox, şəxsi rahatlığa təsir edən bir məhdudiyyət kimi görməyə başlayıblar.

İnsanlar sosial şəbəkələrdə “ideal ailə” obrazları görür və öz həyatlarını onlarla müqayisə edirlər. Bu da narazılıq və məyusluq yaradır. Halbuki real həyat elə deyil.
Ailə münasibətlərinin möhkəm qalması üçün gənclər nikaha psixoloji və mənəvi cəhətdən hazır olmalıdırlar.Məktəblərdə və universitetlərdə ailə mədəniyyəti, qarşılıqlı anlayış, konfliktin düzgün həlli kimi mövzular öyrədilməlidir. Gənclər ailəni romantik yox, real baxışla dəyərləndirməlidirlər. Azərbaycan üçün ideal ailə modeli isə ənənə və müasirliyin vəhdətində olmalıdır. Biz həm Şərq dəyərlərinə – hörmət, sədaqət, birliyə – sadiq qalmalı, həm də Qərb dəyərlərindən – bərabərlik və açıq dialoqdan – istifadə etməliyik. Bu iki yanaşma birləşsə, ailələr daha sabit və xoşbəxt olar. Ancaq buna tezliklə nail olmaq mümkün deyil"
Beləliklə, həm psixoloq, həm də sosioloqun fikirlərindən aydın olur ki, ailə institutunun zəifləməsi təkcə fərdi münasibətlərdən deyil, daha geniş – sosial, iqtisadi və mədəni dəyişikliklərdən qaynaqlanır. Maddi çətinliklər, dəyərlərin dəyişməsi, sosial şəbəkələrin təsiri və ailə məsuliyyətinə hazır olmamaq kimi amillər bu prosesin əsas səbəblərindəndir”.
Gülbəniz Bayramova
22:33 28.10.2025
Oxunuş sayı: 1329