“Xəzər hövzəsi araşdırmaları” proqramı Türk Dövlətləri Təşkilatı üzv və müşahidəçi ölkələrin diplomatlarını bir araya gətirdi
ADA Universitetinin İxtisasartırma Proqramı tərəfindən hər il ənənəvi olaraq təşkil edilən “Xəzər hövzəsi araşdırmaları” proqramı 18–26 oktyabr tarixlərində keçirilib.
Crossmedia.az xəbər verir ki, artıq bu il ikinci dəfə baş tutan proqramda Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr nümayəndələri iştirak ediblər.
Oktyabrın 20-də keçirilən açılış tədbirində ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov və onun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva çıxış ediblər. Onlar proqramın əsas məqsədi Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi olan ölkələrin diplomatlarını regional yeniliklərlə tanış etmək, onların Xəzər regionu üzrə biliklərini dərinləşdirmək və Azərbaycanın tarixi, siyasəti və inkişaf istiqamətləri haqqında daha dolğun təsəvvür formalaşdırmaqdır.
Diplomatlar ADA Universitetinin Beynəlxalq və İctimai Əlaqələr fakültəsinin dekanı Dr. Azər Babayevla yanaşı digər professor-müəllim heyəti, habelə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə, XİN-in İqlim Diplomatiyası İdarəsinin rəisi Elçin Allahverdiyev, Regional Təhlükəsizlik İdarəsinin rəisi Azər Musayev, SOCAR-ın İqtisadiyyat və Enerji Sektorunun Təhlili Departamentinin direktoru Əhməd Hümbətov və həmçinin digər dövlət qurumlarının nümayəndələri ilə interaktiv müzakirələr aparıblar.
Proqram çərçivəsində diplomatlar Milli Məclisə səfərləri zamanı deputatlarla maraqlı fikir mübadiləsi aparıblar.
Proqramın son günü Xarici İşlər Nazirinin müavini Samir Şərifov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov ilə dəyirmi masa müzakirəsi ilə yekunlaşıb.
Həmçinin qonaqlar Ədibin Evi, Heydər Əliyev Mərkəzi və Xalça Muzeyini və paytaxtın digər mədəni və tarixi məkanlarını ziyarət ediblər.
Oktyabrın 24-də keçirilən “Məzun günü”ndə 8 ölkəni təmsil edən 12 gənc və orta rütbəli diplomata sertifikatlar təqdim olunub. Sertifikatları ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov və İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva təqdim ediblər.
İştirakçılar qeyd ediblər ki, proqram çərçivəsində keçirilən sessiyalar onlara Azərbaycanı daha yaxından tanımaq, regionun geosiyasi və iqtisadi reallıqları barədə biliklərini genişləndirmək imkanı yaradıb.
Qeyd edək ki, ildə bir neçə dəfə keçirilən “Xəzər hövzəsi araşdırmaları” proqramında bu günə qədər 108 ölkədən 500-dən çox diplomat iştirak edib.
16:45 27.10.2025
Oxunuş sayı: 981