Qəzzanın gələcək həyatında HƏMAS-ın rolu olmayacaq - Ekspert
Atəşkəs sazişinə uyğun olaraq Qəzza zolağında yerləşdiriləcək beynəlxalq təhlükəsizlik qüvvələri İsrailin özünü "rahat" hiss etdiyi ölkələrdən ibarət olmalıdır.
Bunu ABŞ dövlət katibi Marko Rubio İsrailə səfəri zamanı bildirib.
Onun sözlərinə görə, Qəzza zolağında gələcək idarəetmə HƏMAS-ın iştirakı olmadan İsrail və tərəfdaş ölkələr tərəfindən razılaşdırılmalıdır.
M.Rubio həmçinin vurğulayıb ki, Fələstin Administrasiyasının potensial rolu hələ müəyyən edilməyib.
Məsələ ilə bağlı politoloq Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, HƏMAS-ın Qəzzanın idarəçiliyindən getməsi bölgədə sülhün təmin olunacağı anlamına gəlmir, çünki tərəflər arasında etimadsızlıq hələ də qalmaqdadır:
“Əvvəla qeyd edim ki, ümumilikdə atəşkəs məsələsi İsrail və HƏMAS arasında ciddi şəkildə gündəmə gəldikdən sonra, HƏMAS rəhbərliyindən, təxminən bir həftə əvvəl Livanda yaşayan HƏMAS rəsmilərindən biri – Usama Hamdan açıqlama verdi ki, HƏMAS Qəzzanın idarəçiliyindən gedə bilər. Dolayısı ilə, Qəzzanın gələcək həyatında HƏMAS-ın rolu olmayacaq. Yəni bu gün HƏMAS-ın orada olması, təşkilat üçün əsas mahiyyət daşımır.
Lakin HƏMAS-ın qəbul etmədiyi, daha doğrusu, güvənmədiyi bir İsrail mövcuddur. Bunun da təbii ki, səbəbləri var. Çünki son iki il ərzində dəfələrlə İsrail tərəfindən atəşkəs elan olunsa da, tərəflər razılığa gəlsələr belə, həmin atəşkəslər məhz İsrail tərəfindən pozulub. Buna görə də, bu gün HƏMAS İsrailə güvənmir – bu, danılmaz bir reallıqdır".
Politoloqun sözlərinə görə, tərəfdaş ölkələrin kimliyinin müəyyənləşdirilməsi də məsələnin taleyində mühüm rol oynayacaq:
“Tərəfdaş ölkələr məsələsinə gəlincə, ilk növbədə sual yaranır: kimdir bu tərəfdaş ölkələr? Bu, ABŞ-dırmı, Böyük Britaniyadırmı, yoxsa Türkiyədir? Fərqli variantlar mümkündür. Hətta elə fikirlər də səslənir ki, Azərbaycanın belə orada sülhməramlı kontingent tərkibində çıxış etməsi gündəmdədir – bunu açıq şəkildə etiraf edənlər də var. Qəzzada sabitliyin bərqərar olması üçün nə diplomatik, nə də hərbi addımlar indiyə qədər real nəticə verməyib. Problemin yeganə diplomatik həlli 1967-ci il sənədlərinə qayıtmaqdan keçir.
“Qəzzada sülhün bərqərar olması üçün diplomatik addımların da, hərbi addımların da effektiv olmadığını görürük. Çünki diplomatik təşəbbüslər dəfələrlə pozulub, hərbi əməliyyatlar isə nə İsrailin, nə də HƏMAS-ın maraqlarına uyğun nəticə verib. İsrail iddia edirdi ki, 7–10 gün ərzində HƏMAS-ı tam məhv edəcək, lakin iki ildir müharibə davam edir və nəticə hələ də yoxdur. HƏMAS isə əməliyyatlar vasitəsilə dünyaya səsini duyurmaq istədi, amma ilkin məqsədlərinə nail ola bilmədi.
Burada diqqət yetirilməli əsas məqam odur ki, bu gün bölgə sabit deyil və insan tələfatı davam edir".
Politoloq həmçinin bildirib ki, ümumilikdə İsraili xarakterizə etsək, demək olar ki, o, hərbi cəhətdən nəhəng ola bilər, lakin beynəlxalq müstəvidə baş verən hadisələrin fonunda İsrailin yalnızlaşması nəticəsində bu nəhənglik artıq mənasını itirib – İsrail bu gün “cırtdana” çevrilib: "HƏMAS bunu bacardı və bu, bir reallıqdır.
Eyni zamanda, İsrail də Qəzza daxilində HƏMAS-a qarşı narazılıq toxumu səpə bildi və hətta müxtəlif qruplaşmalar arasında qarşıdurmaların yaranmasına səbəb oldu. Bu problemin yeganə diplomatik həlli konkret olaraq 1967-ci il sənədlərinə qayıtmaqdan keçir. Təəssüf ki, bu gün İsrail dövləti HƏMAS-ı “real təhlükə” kimi göstərməyə çalışır, lakin reallıq odur ki, bölgədə sülh üçün bir nömrəli təhlükə məhz İsrailin özüdür. Bu da bir gerçəkdir".
Gülbəniz Bayramova
15:22 25.10.2025
Oxunuş sayı: 1550