E-manat komissiyası narazılıq yaradır - xidmət haqqı, yoxsa məcburi ödəniş?
E-manat ödəniş terminallarında tətbiq edilən yeni komissiya siyasəti cəmiyyətdə haqlı narazılıq doğurub.
Ən sadə kommunal ödənişdən tutmuş mobil balans artırılmasına qədər hər əməliyyata 1 manat xidmət haqqının əlavə olunması, xüsusilə aşağı gəlirli vətəndaşlar üçün əlavə maliyyə yükünə çevrilib.
Rəqəmsal ödənişlərin təşviq edildiyi bir dövrdə belə addımın atılması isə suallar doğurur: bu, xidmət haqqıdır, yoxsa alternativsiz qalan istehlakçıdan əlavə qazanc əldə etməyin bir yolu?
Məsələnin daha problemli tərəfi isə seçim imkanlarının məhdud olmasıdır. Bir çox bölgələrdə insanlar üçün yeganə əlçatan ödəniş vasitəsi məhz bu terminallardır.
Belə olan halda komissiyanın tətbiqi faktiki olaraq məcburi xarakter alır ki, bu da istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Çünki istehlakçı seçim azadlığından məhrum edilirsə, tətbiq olunan hər hansı əlavə ödəniş artıq könüllü deyil.
Digər tərəfdən, bu qərarın hansı iqtisadi əsaslara söykəndiyi də açıqlanmır. Əgər söhbət texniki xidmət, infrastruktur və ya əməliyyat xərclərindən gedirsə, bu xərclərin şəffaf şəkildə ictimaiyyətə təqdim olunması vacibdir. Əks halda, belə bir addım sosial həssas qrupların üzərinə düşən əlavə yük kimi qəbul olunur və ictimai etimadı zədələyir.
Nəticə etibarilə, hər ödənişə sabit məbləğdə komissiyanın tətbiqi nə iqtisadi baxımdan əsaslandırılmış görünür, nə də sosial ədalət prinsiplərinə uyğun gəlir. Bu yanaşma istehlakçıların hüquqlarını məhdudlaşdırmaqla yanaşı, rəqəmsal ödəniş sistemlərinə olan inamı da sarsıda bilər.
Mövzu ilə bağlı ReAl partiya sədri Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib:

"Formal olaraq bu özəl bir ödəniş vasitəsidir və onların ödəniş qoymaq haqqı var. Sadəcə onlar alternativ qoymalıdır ki, insanlar ondan istifadə etməyib, başqa provayderdən istifadə etsinlər.
Hər ödəniş əməliyyatı üçün rüsumun tutulması və standart rüsumun tutulması təmamilə qanunsuzdur və istehlakçıların hüquqlarının pozuntusudur. Yəni bəlli rüsum qoyula bilərdi məbləğin həcminə görə amma o da çox az bir məbləğ olmalı idi. Hər əməliyata görə rüsum tutmaq istehlakçı hüquqlarının pozuntusudur".
Ayhan
13:41 18.04.2026
Oxunuş sayı: 52