İranın genişmiqyaslı kompromisə getməsi gözlənilmir-Rəy
Beynəlxalq siyasi arenada ABŞ və İran arasında gərginliyin azaldılması, həmçinin mümkün sülh sazişinə nail olunması istiqamətində yeni diplomatik təşəbbüslər diqqət mərkəzində qalmaqda davam edir. Verilən məlumatlara görə, Misir, Pakistan və Türkiyədən olan vasitəçilər yaxın vaxtlarda tərəflər arasında fikir ayrılıqlarının yumşaldılması və aprelin 21-də başa çatacaq atəşkəsin müddətinin uzadılması məqsədilə yeni danışıqlar raundunun təşkilini planlaşdırır. Mövcud vəziyyətə baxmayaraq, tərəflərin tam dalana dirənmədiyi, diplomatik kanallar vasitəsilə əlaqələrin hələ də davam etdiyi bildirilir. Bu proses regionda sabitliyin qorunması və uzunmüddətli razılaşmanın əldə olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu barədə Crossmedia.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, ilkin mərhələdə razılaşmanın əldə olunması və görüşlərin keçirilməsi qaçılmaz idi. Onun sözlərinə görə, tərəflər mövqelərini kifayət qədər sərt şəkildə ortaya qoyur və İran bu qarşıdurma fonunda özünü müəyyən mənada üstün tərəf kimi qiymətləndirir: "Xüsusilə Hörmüz boğazı kimi strateji əhəmiyyətli bölgələrdə və İranın daxili siyasi idarəetmə sistemində nəzarət faktoru Tehranın mövqeyini daha da gücləndirir. Hörmüz boğazından başlayaraq İran daxilində bütün əsas idarəetmə mexanizmləri rəsmi siyasi hakimiyyətin nəzarətindədir. Bu da Tehranın danışıqlarda daha inamlı davranmasına səbəb olur. Vasitəçilərin optimist bəyanatlarına baxmayaraq, İranın ciddi güzəştlərə gedəcəyi real görünmür. Vasitəçilər müəyyən ambisiyalı yanaşma sərgiləyir. Lakin hazırkı şərtlərdə İranın genişmiqyaslı kompromisə getməsi gözlənilmir”.
Onun sözlərinə görə, ABŞ də prosesdə öz mövqeyini qorumağa çalışır və tərəflər arasında güc balansını saxlamaq niyyətindədir: “ABŞ vəziyyətin dəyişəcəyi ilə bağlı xəbərdarlıqlarını davam etdirir. Vaşinqton mesaj verir ki, qarşı tərəf daha ağır nəticələrlə üzləşə bilər. Hər iki tərəfin əlində ciddi siyasi və hərbi imkanlar mövcuddur və bu da danışıqlar prosesini daha mürəkkəb edir. Onun fikrincə, İranın “itiriləcək heç nə yoxdur” yanaşması prosesin gedişinə təsir göstərən əsas amillərdən biridir. Gələcək mərhələdə müəyyən razılaşma əldə oluna bilər, lakin bunun tam olaraq nə ABŞ-nin, nə də İranın istədiyi formada olmayacağını düşünür. Nəticədə ya kompromis, ya da qismən üstünlük əsasında bir razılaşma mümkündür. Tam qələbə ssenarisi real görünmür”.
O həmçinin qeyd edib ki, prosesdə Türkiyə, Pakistan və Misir kimi ölkələrin vasitəçilik səyləri münaqişənin genişlənməsinin qarşısının alınmasına yönəlib: “Bu ölkələr müharibənin daha da dərinləşməsini istəmir. Çünki belə bir vəziyyət regionda qaçqın axını, siyasi xaos və təhlükəsizlik risklərini artıra bilər”.
Mehriban Yariyeva
18:01 15.04.2026
Oxunuş sayı: 62