Yaxın Şərqdəki müharibə qlobal iqtisadiyyata necə təsir etdi?
İran və İsrail arasında baş vermiş münaqişə nəticəsində yalnız bu iki dövlət deyil, regionun ərəb ölkələri də ciddi iqtisadi və infrastruktur zərərlərinə məruz qalmışdır. Təxminən 40 gün davam edən hərbi əməliyyatlar ərəb ölkələrinin enerji infrastrukturuna, nəqliyyat və logistika marşrutlarına, eləcə də ticarət və sərmayə axınlarına ciddi təsir göstərmişdir. Xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətər kimi enerji ixracatçı dövlətlərdə qaz və neft ixracatının ləngiməsi və logistika problemləri iqtisadi göstəricilərdə əhəmiyyətli azalmaya səbəb olmuşdur.
Həmçinin, münaqişə nəticəsində ərəb ölkələrində bir sıra biznes və ticarət obyektləri zərər görmüş, regional sərmayə axını qeyri-müəyyənliyə uğramışdır. Turizm, daşınmaz əmlak və investisiya sahələri xüsusilə təsirlənmiş, bu da dövlətlərin maliyyə planlaşdırmasına uzunmüddətli çətinliklər yaratmışdır.
Bu baxımdan, İran və İsrail arasında baş vermiş qarşıdurmanın yaratdığı iqtisadi və infrastruktur fəsadları yalnız bir və ya iki ölkəni əhatə etmir, həmçinin ərəb dövlətlərinin iqtisadi sabitliyinə də ciddi təzyiq göstərir. Bölgədə bərpa işlərinin həyata keçirilməsi, enerji və ticarət marşrutlarının normallaşdırılması üçün illər tələb olunur və bu, regional strateji prioritetlər siyahısında ön sırada yer alır.
Məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Müharibənin iqtisadi təsirləri, şübhəsiz ki, qaçılmazdır. Beynəlxalq Valyuta Fondunun hesabatlarına əsasən, müharibədən çıxmış ölkələrin iqtisadiyyatları adətən ən azı 5 il ərzində, bəzi hallarda isə 7 faizə qədər geriləmə ilə özünü göstərir. Hazırda konkret olaraq İranda vəziyyətin daha ağır olacağı gözlənilir. Bunun əsas səbəbi istehsal və infrastrukturun geniş miqyaslı olmasıdır. Ən mənfi tendensiyalardan biri kəskin qiymət artımı və yüksək inflyasiyadır. Bununla yanaşı, işsizliyin artması sosial problemlərin dərinləşməsinə gətirib çıxaracaq. Üstəlik, gəlirlərin azalması fonunda bərpa işləri üçün tələb olunan xərclər büdcə yükünü əhəmiyyətli dərəcədə artıraraq, vəziyyəti daha da çətinləşdirəcək.
Eyni zamanda, İsrail tərəfi üçün də problemlər kifayət qədər ciddidir. Müdafiə xərclərinin artması büdcə tarazlığına mənfi təsir göstərir. İnvestorlar üçün əsas prioritet artıq gəlir əldə etmək deyil, mövcud sərmayələrin qorunmasıdır ki, bu da investisiya mühitinə mənfi təsir edir. Ümumilikdə, vəziyyət təkcə bu iki ölkə ilə məhdudlaşmır, bütövlükdə regionda investisiya mühiti əhəmiyyətli dərəcədə pisləşir. Biznes layihələrinin və yatırımların azalması iqtisadi aktivliyi zəiflədir və yeni problemlərin yaranmasına səbəb olur. Bundan əlavə, əhalinin rifah səviyyəsinin aşağı düşməsi və sosial təminat göstəricilərinin pisləşməsi hər iki tərəf üçün qaçılmaz mənfi nəticələr doğurur".
Elmir Heydərli
20:30 14.04.2026
Oxunuş sayı: 57