Cahangir Məmmədli: Crossmedia.az-da çalışan hər kəs dövlətimizə və xalqımıza sevgi ilə xidmət edir

Crossmedia Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunacaq. İldönümü ərəfəsində redaksiyamıza təbriklər artıq daxil olmağa davam edir.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli Crossmedia.az-ın bir yaşı ilə bağlı fikirlərini bölüşüb: "Crossmedia.az xəbər saytı izləyiciləri üçün ən maraqlı media platformalarından biridir. Həm də bu sayt Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə doğmadır. Çünki burada çalışanların əksəriyyəti bizim tələbələrimizdir. Crossmedia.az dəqiq faktlara söykənən bir media qurumudur. Burada heç vaxt saxta xəbərlə qarşılaşmamışam. Bütün yazılar diqqətlə və böyük ustalıqla hazırlanır və paylaşılır. Sayt Azərbaycanın dövlət siyasətini, Prezidentimizin fəaliyyətini və diplomatik görüşlərini izləyicilərə çatdıran dəyərli bir media orqanıdır. Crossmedia-nın fəaliyyəti ilə bağlı çox söz demək olar. Əsas bunu vurğulamaq istəyirəm ki, qısa bir müddətdə, cəmi bir il ərzində bu qədər tanınmaq və izləyicilərin sevgisini qazanmaq hər xəbər saytına nəsib olmur".
"Bu səbəbdən mən orada çalışan hər bir şəxsin əməyini yüksək qiymətləndirirəm. Bir məsələni də qeyd etmək istərdim ki, məncə, Crossmedia.az özünü təqdim etməkdən bir qədər çəkinir. Mən istərdim ki, bu gözəl media qurumu özünü təqdimetmə formatına da müraciət etsin. Crossmedia.az ilə bağlı ən böyük arzum odur ki, gələcəkdə daha da genişlənsin və izləyici sayı artsın. Orada çalışan hər kəs dövlətimizə və xalqımıza sevgi ilə xidmət edir. Kollektivə və Crossmedia.az saytına uğurlar arzulayıram və bir illik fəaliyyətlərini tamamlamaları münasibətilə onları səmimi-qəlbdən təbrik edirəm", - professor əlavə edib.
Fatimə Hacıəliyeva
14:41 23.10.2025
Oxunuş sayı: 3454