"Vərəm hələ də cəmiyyətdə qorxu və yanlış inanclar yaradır - Səhiyyə Nazirliyi

“Təəssüf ki, vərəm hələ də cəmiyyətdə qorxu və yanlış inanclar doğuran xəstəliklərdəndir”.
Crossmedia.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlayıb.
Onun sözlərinə görə, vərəm hava-damcı yolu ilə, yəni xəstə öskürəndə, asqıranda və ya danışanda havaya yayılan vərəm mikobakteriyaları vasitəsilə yoluxulur:
“Amma o demək deyil ki, hər təmasda olan şəxs dərhal yoluxur. Bununla belə, eyni evdə və ya uzunmüddətli yaxın təmasda olanlarda, immuniteti zəif şəxslərdə (uşaqlar, yaşlılar, xroniki xəstələr), qapalı, havasız, günəş işığı az olan məkanlarda yaşayan insanlar üçün yoluxma riski daha yüksəkdir”.
İ.Axundova bildirib ki, təmas zamanı aşağıdakı qorunma qaydalarına əməl edilməsi tövsiyə edilir:
“Xəstə olduğu otaq gündə bir neçə dəfə açıq havaya verilməlidir. Xəstə öskürərkən, maskadan istifadə etməli, ünsiyyət zamanı 1–2 metr məsafə saxlamaq tövsiyə olunur. Qeyd edim ki, günəş şüaları vərəm mikrobunu öldürür. Ona görə də, otağın işıqlı və təmiz olması çox vacibdir. Eyni zamanda, xəstə tənəffüs gigiyenasına əməl etməli (öskürərkən ağzını örtməli, salfetdən istifadə etməli), sonra əllərini yumaq önəmlidir.
Bilmək vacibdir ki, düzgün müalicə alan vərəmli insan artıq bir neçə həftə sonra yoluxucu olmur. Bununla belə, xəstə ilə təmasda olan şəxslər ildə bir dəfə flüoroqrafiya və Mantu/Diaskin test müayinəsindən keçməlidirlər”.
Direktor sonda qeyd edib ki, vərəm müalicə olunan xəstəlikdir:
“Xəstədən uzaqlaşmaq, onu təcrid etmək düzgün deyil. Əsas məqsəd müalicəni davam etdirmək və həm xəstəni, həm ətrafdakıları qorumaqdır”.
16:08 22.10.2025
Oxunuş sayı: 714