Fransadakı problemin kökündə dayanan əsas məsələ parlamentdəki parçalanmadır - Politoloq

Son illərdə Fransada dərinləşən siyasi gərginlik və iqtisadi qeyri-sabitlik ölkənin maliyyə mühitində ciddi dalğalanmalara səbəb olub. Daxili siyasi qüvvələr arasında yaranan qarşıdurmalar, islahatların ləngiməsi və vergi siyasətindəki qeyri-müəyyənliklər biznes dairələrində və varlı təbəqələr arasında artan narahatlıq doğurub. Bu vəziyyət nəticəsində fransız sahibkarlar, iri investorlar və yüksək gəlirli ailələr öz maliyyə aktivlərini ölkə xaricinə çıxarmağa üstünlük verməyə başlayıblar.
“Financial Times” qəzetinin məlumatına əsasən, hazırda Fransa mənşəli sərmayələrin əhəmiyyətli hissəsi Lüksemburq və İsveçrə kimi sabit və etibarlı maliyyə mərkəzlərinə yönəlir. Bu ölkələr uzun illərdir kapital üçün təhlükəsiz liman kimi tanınır və fransız investorların artan etimadını qazanıb. Parisdə fəaliyyət göstərən aktivlərin idarə edilməsi şirkətlərindən biri olan Scala Patrimoine şirkətinin qurucusu Giyom Lukkini bildirib ki, idarə etdikləri aktivlərin böyük əksəriyyəti artıq Fransadan kənarda yerləşir. Vergi məsləhətçiləri və maliyyə ekspertləri də təsdiqləyirlər ki, son illərdə müşahidə olunan bu kapital axını təkcə iqtisadi səbəblərlə deyil, həm də siyasi etimadsızlıqla bağlıdır.
Ekspertlərin fikrincə, bu proses ölkənin iqtisadi dayanıqlığına və daxili investisiya mühitinə mənfi təsir göstərməklə yanaşı, Avropa maliyyə balansında da müəyyən dəyişikliklər yaradır. Fransadan çıxarılan vəsaitlərin İsveçrə və Lüksemburq kimi ölkələrə yönəlməsi region daxilində maliyyə güc mərkəzlərinin yenidən formalaşmasına təkan verir. Beləliklə, yaranmış vəziyyət təkcə maliyyə axınlarının coğrafiyasını deyil, həm də Avropanın iqtisadi sabitlik xəritəsini dəyişdirən mühüm tendensiya kimi qiymətləndirilir.
Məsələ ilə bağlı politoloq, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Sultan Zahidov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, Fransada hazırkı iqtisadi böhranın kökündə siyasi qeyri-müəyyənlik dayanır. Son bir il ərzində ölkədə artıq üç hökumət dəyişib. Bu isə həm idarəetmədə, həm də iqtisadi siyasətdə davamlılığın pozulmasına gətirib çıxarıb. Xatırladaq ki, ötən ilin sonunda Prezident Emmanuel Makron tərəfindən baş nazir vəzifəsinə təyin olunan Sebastyan Lekornu çox qısa müddət sonra istefa vermişdi. Buna baxmayaraq, dövlət başçısı onu yenidən həmin vəzifəyə gətirdi. Lakin Lekornu hələ də nə siyasi baxımdan sabit hökumət formalaşdıra bilib, nə də qarşıdakı ilin büdcəsi ilə bağlı parlamentdə vahid mövqe yarada bilib. Ötən həftə sağ və sol spektrin radikal qanadları tərəfindən ona qarşı iki etimadsızlıq səsverməsi irəli sürüldü. Lekornu bu səsvermələrdən çox az fərqlə xilas olsa da, onu qarşıda daha ciddi sınaqlar gözləyir – əsasən də dövlət büdcəsinin qəbulu məsələsi. Yeni büdcənin təsdiqlənməsi üçün baş nazir parlamentin əksəriyyətini razı salmalı, digər partiyalarla ortaq məxrəcə gəlməlidir. Lakin hazırkı siyasi böhran fonunda bu proses olduqca çətin görünür. Büdcə layihəsinin taleyi ilə bağlı qeyri-müəyyənlik ölkə iqtisadiyyatına mənfi təsir göstərməkdədir. Hazırda Fransanın dövlət borcu 3,3 trilyon avronu keçib, büdcə kəsiri isə ümumi daxili məhsulun 5,4 faizinə bərabərdir. Bu göstərici Avropa İttifaqının müəyyən etdiyi 3 faizlik həddi xeyli aşır. Beynəlxalq reytinq agentlikləri də vəziyyəti diqqətlə izləyir. Cəmi iki həftə əvvəl “Fitch” agentliyi, ötən həftə isə “S&P Global Ratings” Fransanın kredit reytinqini aşağı salıb. Bu addımlar ölkənin iqtisadi sabitliyinə, biznes mühitinə və investorların inamına mənfi təsir göstərir. Məhz bu səbəbdən fransız sahibkarları və varlı ailələr öz kapital və sərmayələrini qonşu ölkələrə – xüsusən Lüksemburq və İsveçrəyə – yönəltməyə üstünlük verirlər”.
O bildirib ki, daxili kapitalın ölkədən çıxarılması təkcə maliyyə balansına deyil, ümumilikdə biznes mühitinə də zərbə vurur: “Əgər bu meyl davam edərsə, ölkə daxilində investisiya vəsaitlərinin qıtlığı, qiymət artımı və inflyasiya təzyiqlərinin güclənməsi müşahidə oluna bilər. Bu da öz növbəsində Fransa Mərkəzi Bankını daha sərt monetar siyasət həyata keçirməyə məcbur edəcək. Mövcud vəziyyətdən çıxış yolu kimi, Fransa hökumətinin ən qısa zamanda siyasi qüvvələr arasında razılıq əldə etməsi və dövlət büdcəsi ətrafında konsensus formalaşdırması vacibdir. Əks təqdirdə, beynəlxalq reytinq agentlikləri ölkənin qiymətləndirməsini daha da aşağı sala bilər ki, bu da həm iqtisadi, həm də sosial sabitlik baxımından ciddi fəsadlar doğura bilər. Hazırda heç bir partiya mütləq çoxluğa malik deyil. Bu isə mühüm qərarların qəbulunu ləngidir, siyasi iradəni zəiflədir və dövlət idarəçiliyində qeyri-müəyyənliyi dərinləşdirir".
Elmir Heydərli
21:02 20.10.2025
Oxunuş sayı: 1689