Rusiya yeni taktikaya keçib: NATO ilə birbaşa müharibə...
“Bloomberg”
nəşrinin iddiasına görə, Böyük Britaniya, Fransa və Almaniya
səfirləri Moskvada keçirilən gizli iclasda üç Rusiya qırıcısının Estoniya hava
məkanına daxil olmasından narahat olduqlarını bildiriblər. Lakin Rusiya tərəfi
bunu Kiyevin Krıma endirdiyi zərbələrə cavab adlandırıb.
Avropalı diplomatlar bağlı qapılar arxasında Kremlə xəbərdarlıq ediblər ki, Rusiya təyyarələri yenidən NATO sərhədlərini pozarsa, alyans təyyarələri vurmaq da daxil olmaqla sərt tədbirlər görməyə hazırdır. Moskvada keçirilən görüş gərgin keçib, Böyük Britaniya, Fransa və Almaniya nümayəndələri Estoniya səmasında üç MiQ-31 təyyarəsi ilə insidentə etiraz ediblər.
Onların qiymətləndirməsinə görə, bu, təsadüfi deyil, Rusiya komandanlığının əmri ilə qəsdən törədilmiş təxribatdır. Lakin agentliyin mənbələrinə görə, Moskvada danışıqlar zamanı rusiyalı diplomat avropalılara birbaşa bildirib ki, bu cür müdaxilələr Ukraynanın Krıma hücumlarına cavabdır.
Kreml hesab edir ki, NATO-nun yardımı olmadan belə zərbələr mümkün deyil, yəni artıq Rusiya ilə Avropa ölkələri arasında qarşıdurma gedir. Mənbələrin bildirdiyinə görə, Rusiya nümayəndələri görüşün ətraflı qeydlərini aparıblar ki, bu da NATO-nun mövqeyinə dair hesabatın birbaşa komandanlıq zəncirindən yuxarıya ötürüləcəyini göstərir.
Almaniya kansleri Fridrix Merts görüşü təsdiqləyib və Paris, London və Varşava ilə addımları koordinasiya etdiyini, bütün lazımi tədbirləri gördüyünü bildirib. Eyni zamanda, Fransa prezidenti Emmanuel Makron NATO-nun növbəti hava müdaxiləsi halında hansı addımları atacağına birbaşa cavab verməkdən yayınıb.

Sözügedən
iddialar barədə Crossmedia.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, Rusiya yeni taktikaya keçir: “Rusiyanın bu uçuşları kəşfiyyat
xarakteri daşıyır. Moskva NATOnun Ukraynaya verdiyi hərbi texnikaların hansı ərazidə
yerləşdirildiyini müəyyənləşdirməyə çalışır.NATO-nun “sərt tədbirlər görüləcək” mesajı əslində Rusiyaya
yönəlik xəbərdarlıq xarakteri daşıyır. Alyansın tam gücü ilə bu tədbirləri planlaşdırdığını
demək düzgün olmaz.
S. Hümbətov Fransanın NATOnun sərt tədbirləri ilə bağlı
birbaşa cavab verməməsinin səbəbini də izah edib: “NATO daxilində Rusiyaya
qarşı mövqelərdə parçalanma var. Fransanın mövqeyi də bununla bağlıdır. Paris
Ukraynada müharibəyə qarışmaq istəmir. Onun məqsədi Ukraynaya sülhməramlı adı
ilə daxil olaraq orada əsasən təhsil gücünü formalaşdırmaqdır. Lakin bu planın
reallaşması hələki mümkün görünmür.”
Politoloq qeyd edib ki, Rusiya ilə
NATO arasında birbaşa müharibə ehtimalı mövcuddur: “Lakin bu müharibənin miqyasının nə
qədər böyük və geniş olacağı tərəflərin atacağı növbəti addımlardan asılıdır.
Əlavə olaraq əgər ABŞ bu müharibənin reallaşmasını istəyirsə, bu baş verəcək.
Əks halda, problemlər başqa yollarla həll edilə bilər”.
Fatimə
Hacıəliyeva
23:49 26.09.2025
Oxunuş sayı: 7610