Rusiya texnologiya siyasətini dəyişir
Rusiyada süni intellekt texnologiyalarının inkişafı üçün xarici elektronika və İT avadanlıqlarının idxalına tətbiq edilən məhdudiyyətlərin yumşaldılması müzakirə olunur.
Crossmedia.az bu barədə "Forbes" istinadən xəbər verir.
Məlumata görə, Rusiya hökumətinin süni intellekt üzrə alt komissiyasının "Süni intellekt üçün infrastruktur və məlumatların emalı mərkəzləri" işçi qrupu xarici elektronikanın ölkəyə gətirilməsi prosedurlarının sadələşdirilməsi imkanlarını nəzərdən keçirir.
Mənbələrdən biri bildirib ki, təklif olunan tədbirlər idxala tətbiq edilən məhdudiyyətlərin minimum səviyyədə saxlanılmasını nəzərdə tutur. Bu məsələnin yenidən gündəmə gəlməsinə qrafik prosessorların (GPU) çatışmazlığı və süni intellekt avadanlıqlarının yüksək qiyməti səbəb olub.
Lakin bu təşəbbüs Rusiyanın Sənaye və Ticarət Nazirliyinin əvvəlki siyasəti ilə ziddiyyət təşkil edir. Nazirlik indiyədək yerli istehsalçıları dəstəkləmək məqsədilə aparıcı beynəlxalq şirkətlərin elektronika məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib.
Belə ki, may ayından etibarən paralel idxalına icazə verilən məhsulların siyahısından təxminən 20 beynəlxalq brend çıxarılıb.
"Forbes"in mənbəsinin sözlərinə görə, həmin qərarın ləğvi nəzərdən keçirilir. Buna səbəb sifarişçilərin "Samsung" və "SK Hynix" kimi istehsalçıların yaddaş komponentlərini əldə etməkdə çətinlik çəkməsidir.
"Rustam Kurmayev və tərəfdaşları" şirkətinin İT və əqli mülkiyyət mübahisələrinin həlli istiqamətinin rəhbəri Yaroslav Şitsle bildirib ki, siyahıdan çıxarılan brendlərin məhsullarını Rusiyaya gətirmək hələ də mümkündür. Lakin bunun üçün hüquq sahibinin razılığı tələb olunur.
Onun sözlərinə görə, belə razılıq olmadan idxal edilən məhsullar gömrük orqanları tərəfindən götürülə və müsadirə oluna bilər.
"MoyOfis" şirkətinin həmtəsisçisi Dmitri Komissarov isə "Samsung" və "SK Hynix"in yaddaş mikrosxemləri və SSD yaddaş qurğuları bazarında aparıcı istehsalçılar olduğunu xatırladıb.
O qeyd edib ki, bu komponentlər olmadan elektronika istehsalı mümkün deyil. Rusiyada isə müvafiq məhsulların tələb olunan həcmdə istehsalı üçün kifayət qədər imkan yoxdur.
Yaroslav Şitsle əlavə edib ki, Sənaye və Ticarət Nazirliyinin idxalı məhdudlaşdırmaq siyasəti yerli elektronika yığımını qorumağa yönəlsə də, istehsal üçün zəruri komponentlərin haradan əldə ediləcəyi məsələsini həll etməyib.
Nəticədə yerli istehsalçılar gözlənilən dəstək əvəzinə əlavə çətinliklərlə üzləşiblər.
14:01 20.10.2026
Oxunuş sayı: 57