Praqa görüşü bizim bütün təhlükəsizlik strategiyamızı dəyişdi - Paşinyan

“Təhlükəsizliyin təmin edilməsində əsas vasitələrin sırasında biz, tamamilə olmasa da, ən azından ən vacib institutlardan birini unutmuşduq. Bu institut sonradan təhlükəsizlik strategiyamızın əsaslarından birinə çevrildi. Həmin vasitə legitimlikdir”.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən “Əhatəli Təhlükəsizlik və Müqavimət 2025” beynəlxalq konfransında çıxış edərkən bildirib.
“Biz anladıq ki, öz ərazi bütövlüyümüzü hərbi-siyasi ittifaqların tanıdığı kimi tanıyaq. Əgər sən öz ərazi bütövlüyünü bir cür tanıyırsansa, amma sənin təhlükəsizlik sisteminin əsasını təşkil edən qurum onu başqa cür tanıyırsa, bu, o deməkdir ki, sən ən azı bu iki yanaşmanın arasında öz ərazi bütövlüyünü itirirsən. Bu isə praktik olaraq 2021-ci ilin mayında, 2022-ci ilin dekabrında baş verdi.
Ən vacib söhbət məhz burada, 2022-ci ilin oktyabrında Praqada oldu. Bəs Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdırmı? Çünki əgər məlum olsa ki, hazır deyil, onda bu söhbətin bütün məzmunu dəyişəcək.
Əvvəlcə biz müəyyən etməli idik ki, bizim ərazi bütövlüyümüz nədir? Biz qərara gəldik ki, mübahisəsiz legitimliyə söykənək. Alma-Ata Bəyannaməsinə əsaslandıq və məsələ qoyduq: biz Azərbaycanın ərazi bütövlüyünü Alma-Ata Bəyannaməsi əsasında tanımağa hazırıq, çünki biz öz ərazi bütövlüyümüzü də həmin bəyannamə əsasında tanımağa hazırıq”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, Praqada Ermənistan və Azərbaycan siyasi razılığa gəliblər ki, onlar bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini Alma-Ata Bəyannaməsi əsasında tanımağa hazırdırlar.
“Bu o dönüş nöqtəsi idi ki, bizim bütün strategiyamızı dəyişdi. Bu, legitimliyi təhlükəsizlik vasitəsinə çevirmək cəhdimizin ilk addımı idi. Həmin andan bu vasitə işləməyə başladı. Onun ifadəsi belədir: “Alma-Ata Bəyannaməsi əsasında Ermənistanın 29 743 kv.km beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin və həmin ərazini əhatə edən sərhədlərin həm daxildən, həm də xaricdən toxunulmazlığı”, - deyə Ermənistanın Baş naziri vurğulayıb.
13:44 15.09.2025
Oxunuş sayı: 599