Ermənistanla sülh prosesi qısa müddətdə həllini tapmayacaq, çünki... - Tofiq Zülfüqarovla

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətində faydalı heç nə yox idi.
"Mən Minsk qrupunun fəaliyyətində faydalı heç nə görmürəm, orada belə bir şey olmayıb. Bu fəaliyyət münaqişəni dərinləşdirməyə, onu təkcə Ermənistanı deyil, bütün regionu nəzarətdə saxlamaq alətinə çevirməyə yönəlib", - Paşinyan vurğulayıb.
Bundan əvvəl Paşinyan bildirib ki, avqustun 8-də Vaşinqtonda imzalanan sənədlərdə Ermənistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı göstərildiyi üçün Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi bağlanana qədər ATƏT-in Minsk qrupunun buraxılmasına razılaşıb.
Paşinyanın səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan Baş nazirinin fikrinin həqiqət olduğunu qeyd edib: "Məlum olduğu kimi, Ermənistan rəhbərliyi son bəyanatında ATƏT-in Minsk qrupunun fəaliyyətini faydasız hesab edərək, bu qurumun münaqişənin həllinə deyil, əksinə, onun uzadılmasına xidmət etdiyini vurğulayıb. Həqiqətən də, illər boyu müşahidə olunurdu ki, bəzi vasitəçilər məsələnin tezliklə həllini deyil, prosesin uzanmasını məqsəd kimi qarşıya qoyurdular və müəyyən mənada buna nail olurdular. Bəyanatda diqqət çəkən digər məqam isə odur ki, Ermənistanın həm daxilində, həm də xaricində müxtəlif qüvvələr Azərbaycanla münaqişədən öz maraqları üçün istifadə ediblər. Bu yanaşma, əslində, Azərbaycanın ictimaiyyətinin də böyük bir hissəsi tərəfindən qəbul edilən reallıqdır".
Keçmiş XİN rəhbəri həmçinin sülh prosesinin belə qısa müddətdə həll ediləcəyini gözləmədiyini bildirib: "Qeyd olunmalıdır ki, sülh prosesinin qısa müddətdə bütün məsələləri həll edəcəyi gözlənilmir. Çünki, məsələn, Zəngəzur dəhlizi ilə bağlı müxtəlif və bəzən ziddiyyətli mövqelər səslənir. Bu isə onu göstərir ki, Ermənistan tərəfinin açıqlamaları ilk növbədə öz maraqlarını əks etdirir və çox vaxt həmin maraqlar Azərbaycanın mövqeyi ilə ziddiyyət təşkil edir. Beləliklə, Ermənistan rəhbərliyinin son bəyanatlarında səslənən fikirlər, ilk baxışdan görünməsə də, dərin siyasi məna daşıyır və bu baxımdan diqqətlə izlənilməlidir".
Elmir Heydərli
14:43 11.09.2025
Oxunuş sayı: 1144