Daxili qoşunlar dövlətçilik və vətəndaşlarımızın təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır – Səbinə Salmanova
“Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsinin hazırlanmasını vacib hesab edirəm və sənədin parlamentin plenar iclasına tövsiyə olunmasına səs verəcəyəm.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, daxili qoşunlar ictimai asayişin təmin olunmasında, dövlətçiliyin və vətəndaşlarımızın təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır:
“Bu səbəbdən onların fəaliyyətinin hüquqi əsaslarının dəqiq müəyyənləşdirilməsi zəruridir. Qanun həm daxili qoşunların statusunu, hüquq və vəzifələrini, həm də onların səlahiyyət dairəsini aydın şəkildə tənzimləyəcək. Bu qanun layihəsi hüquq-mühafizə sistemimizin daha da təkmilləşməsinə, dövlət təhlükəsizliyinin möhkəmlənməsinə və ictimai asayişin etibarlı şəkildə qorunmasına xidmət edəcək”.
Deputat qanun layihəsi ilə bağlı aşağıdakı təkliflə çıxış edib:
“Sənədin 15.2-ci maddəsində “vəzifələri həvalə edildikdə” sözləri “hüquqları verildikdə” sözləri ilə, “onlara” sözünün “onlar” sözü ilə, “hüquqları şamil olunur” sözləri “hüquqlarından istifadə edirlər” sözləri ilə əvəz edilməlidir”.
S.Salmanova qeyd edib ki, yeni qanun layihəsinin 15.2-ci maddəsi aşağıdakı kimidir:
“Daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı daxili qoşunlara polis orqanlarının əməkdaşlarının vəzifələri həvalə edildikdə, onlara “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş polis əməkdaşının hüquqları şamil olunur”.
16:05 09.09.2025
Oxunuş sayı: 7238