ABŞ Dəniz Piyadaları Venesuela yaxınlığında genişmiqyaslı təlimlər keçirir

ABŞ Dəniz Piyadaları Korpusu Karib hövzəsində, Venesueladan təxminən 800 kilometr aralıda yerləşən Puerto-Rikoda genişmiqyaslı amfibiya desant təlimləri keçirir. Təlimlər Vaşinqtonla Karakas arasında münasibətlərin yenidən gərginləşdiyi bir dövrə təsadüf edir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, təlimlərdə 22-ci Ekspedisiya Dəniz Piyada Dəstəsi (MEU) iştirak edir. Ümumilikdə 4500 dənizçi və dəniz piyada əsgərinin cəlb edildiyi təlimlərdə ABŞ-nin amfibiya hücum gəmisi USS Iwo Jima, eləcə də desant gəmiləri USS San Antonio və USS Fort Lauderdale yer alır. Məlumata görə, gəmiləri havadan və dənizdən ABŞ Hərbi Dəniz Qüvvələrinin “Arleigh Burke” tipli raketdən müdafiə sistemləri ilə təchiz edilmiş esminesləri qoruyur.
Digər tərəfdən, Venesuela Prezidenti Nikolas Maduro ABŞ-dən gələn mümkün təhlükələrə cavab olaraq ölkədə əlavə hərbi hazırlıq elan edib. O, 8 milyon vətəndaşı hərbi xidmətə çağıraraq ölkənin potensial təhlükələrə hazır olmasının vacibliyini vurğulayıb.
Bu addımlar ABŞ və Venesuela arasında gərginliyin daha da artmasına səbəb ola biləcək yeni hərbi-siyasi qarşıdurma ehtimalını gündəmə gətirir.
23:30 05.09.2025
Oxunuş sayı: 739