Deputatla müsahibə: Azərbaycanın xarici siyasət kursu bir neçə onilliyə hesablanır

Crossmedia.az analitik- informasiya portalı Milli Məclisin deputatları ilə silsilə müsahibələri davam etdirir.
Bu dəfəki müsahibimiz Milli Məclisin deputatı Azər Allahverənovdur. O, Cənubi Qafqazdakı mövcud dinamika, həmçinin rəsmi Bakının xarici siyasət kursu barədə suallarımız cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Məlum
olduğu kimi, avqustun səkkizində ABŞ-də Azərbaycan və Ermənistan liderləri
arasında əldə olunan razılıqlardan sonra Cənubi Qafqazda yeni nizam yaranıb. Bu
yeni nizamı necə səciyyələndirirsiniz?
- Azərbaycanın
44 günlük Vətən müharibəsində əldə etdiyi zəfər
və 2023-cü ilin sentyabr ayında keçirilən dövlət suverenliyinin tam bərpası
əməliyyatı ilə Cənubi Qafqazda yeni reallıq formalaşdı. Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması, Konstitusiyanın hüquqi qüvvəsinin bütün ərazilərdə
təmin olunması bu reallığın əsas göstəricisidir. Onun əsas qayəsini Birinci
Qarabağ savaşı ilə Dağlıq Qarabağ Ermənistan – Azərbaycan münaqişəsinin bitməsi
təşkil edir. Bu, beynəlxalq hüququn tələb, norma və prinsiplərinə uyğun hadisə
idi. Çünki beynəlxalq hüquq, BMT-nin nizamnaməsi və digər sənədlər ölkənin ərazi
bütövlüyünün təmin olunmasını müəyyənləşdirən əsas hüquqi çərçivələrdir. Amma
BMT-nin məlum dörd qətnaməsi və bir sıra beynəxlalq təşkilatların bu qəbildən
olan digər qətnamələri icra edilmirdi. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə
bunu təmin etdi. Beynəlxalq ictimaiyyət də bunu çox müsbət qiymətləndirdi.
Çünki cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan İkinci
dünya müharibəsindən sonra ərazisi işğala məruz qalan və onu təmin edən yeganə
dövlətdir. İkinci dünya müharibəsindən sonra ikinci belə hadisə olmayıb. Həmçinin
Azərbaycan faktiki olaraq ölkə ərazisində separatizmə son qoydu. Bu gün
dünyanın bir çox inkişaf etmiş dövləti separatizmdən əziyyət çəkir. Eyni
zamanda Qlobal Cənuba aid bir sıra dövlətlərdə də belə meyillər və problemlər kifayət
qədər çoxdur. Azərbaycan onlar üçün də örnəyə, uğurlu modelə çevrildi. Həmçinin
üçüncü proses - Böyük Qayıdış və quruculuq işləri başlandı. Kənardan heç bir dəstək
olmadan Azərbaycan böyük qayıdış və quruculuq işlərini öz resursları hesabına-
uğurla və sürətlə həyata keçirdi.
- Bəs
Ağ Evdə əldə olunan razılaşmalar prosesi necə dəyişdi?
- ABŞ
Prezidenti Donald Tramp vasitəçi qismində olmasa belə, Vaşinqton “meydanını”
danışıqlar üçün açıq elan etdi. Beləliklə, keçirilən ikitərəfli və üçtərəfli
görüşlər nəticəsində məlum bəyannamə imzalandı. Müxtəlif ikitərəfli sənədlər
imzalandı. Nəticədə yeni reallıq formalaşdı. Bu reallıq özündə nəqliyyat-
kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasını, ATƏT-in
Minsk Qrupunun buraxılmasına dair birgə müraciəti ehtiva edir. Artıq bu istiqamətdə
müvafiq işlər görülür.
- Bəs
Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən Ermənistan
konstitusiyasının dəyişdirilməsi?
- Bu,
Ermənistan üçün həyati əhəmiyyətli məsələdir. Çünki gələn ilin iyununda keçiriləcək
parlament seçkilərinə qədər konstitusiyanın dəyişdirilməsi Ermənistan hakimiyyəti
üçün ciddi təhdidlər yarada bilər. Bunu rəsmi İrəvan yaxşı başa düşür. ABŞ Ermənistana
müəyyən siyasi dəstək göstərir. Ancaq Rusiya faktoru da unudulmamalıdır. Bu
baxımdan Ermənistan hakimiyyəti müəyyən siyasi manevrlər edərək, Rusiya ilə də
münasibətləri pisləşdirmədən prosesi davam etdirməyə çalışır. Odur ki, baş
nazir Nikol Paşinyan növbəti seçkilərə qədər prosesi öz xeyrinə dəyişmək niyyətindədir.
Azərbaycanla sülh sazişinin imzalanması üçün artıq konstitusiya dəyişikliyindən
başqa tələb yoxdur. Bu prosesin uğurla həyata keçməsi üçün İrəvanın üzərinə
götürdüyü müəyyən öhdəliklər var. Bu öhdəliklərdən biri də Zəngəzur dəhlizinin
açılması ilə bağlıdır.
- Yeri
gəlmişkən, Zəngəzur dəhlizinin perspektivdə açılması region üçün nə vəd edir?
- İndi
imzalanmış bəzi beynəlxalq sənədlərdə həm də “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”
adlanan Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın əsas hissəsi ilə quru
torpaq üzərindən Naxçıvanla əlaqələnin qurulması demək deyil. Bu, geniş anlamda
Avrasiya qitəsini əlaqələndirən böyük beynəlxalq nəqliyyat-logistika mənzərəsini
dəyişdirə biləcək və ona əlavə imkanlar yarada biləcək layihədir. Yeni nizamda
məhz bununla bağlıdır: Cənubi Qafqazda Bakı- Tbilisi – Qars marşrutu ilə
yanaşı, yeni marşrutun da istifadəyə
verilməsi gözlənilir. Ermənistan başa düşür ki, bu proesi uzatmaq onun öz
ziyanıdadır.
- Niyə?
- Çünki
Zəngəzur dəhlizinə alternativ - İrandan keçən Araz dəhlizi də var. Ermənistan Zəngəzur
dəhlizini ləngitsə, beynəlxalq yüklər çox rahat şəkildə Araz dəhlizindən keçmiş
olacaq. Beləliklə, İrəvan yeni imkanlardan məhrum ola bilər. Ona görə Zəngəzur
dəhlizinin mümkün qədər tez işə düşməsinə çalışırlar. Rəsmi Bakı üçün önəmli
olan Azərbaycan sərnişinləri və mallarının keçidi üçün “Azərbaycandan – Azərbaycana”
prinsipinin tətbiqidir. Beynəlxalq yüklər beynəlxalq qaydalara uyğun daşına bilər. Zəngəzur dəhlizinə paralel olaraq yeni
kommunikasiya xətlərinin açılması isə Ermənistan üçün əlavə gəlir deməkdir.
İqtisadi zəmində olan belə faydalı addımlar Cənubi Qafqazda uzunmüddətli sülhün
təmin olunmasına kömək edir. Ümumiyyətlə, Zəngəzur dəhlizi geostrateji baxımdan
çox əhəmiyyətli layihədir. Prezidentin İlham Əliyevin “Əl- Arabiya”
telekanalına müsahibəsində də dediyi kimi, bizim kimsə ilə müharibə aparmaq
niyyətimiz yoxdur. Yəni bizim Ermənistanla bağlı sülhdən başqa niyyətimiz
yoxdur. Müəyyən praqmatik qüvvələr bunu anlayır. Amma hakimiyyətə qarşı çıxan
revanşist qüvvələr də var. Onlar prosesi ləngitmək istəyirlər.
- Bəs
buna nail ola biləcəklər?
- Ermənistan
üçün sülhün alternativi yoxdur. Növbəti müharibə Ermənistan üçün böyük fəlakət
ola bilər. Ermənistan nə qədər praqmatik düşünsə, uzaqgörən davransa, bu, onun
üçün o qədər yaxşıdır. Otuz illik işğaldan sonra Azərbaycan Ermənistanla
münasibətlərin normallaşmasına çalışır. Amma Ermənistanda bu reallığı dəyişməyə
çalışan qüvvələr də var. Hərçənd bu dinamika rəsmi İrəvan üçün yaxşı nə isə vəd
etmir. Radikalara qarşı müqavimət göstərir ki,
israrlıdır. Sadəcə kənar müdaxilələr və təsirlər də Ermənistan hakimiyyətindən
yan keçmir.
- Azərbaycan
Prezidenti bu yaxınlarda Çində oldu. Bu səfər bir daha göstərdi ki, rəsmi Bakı
həm Vaşinqton, həm də Pekinlə münasibətlərini qoruyan, inkişaf etdirən nadir
dövlətlərdəndir. Siz xarici siyasətimizdəki bu məqamı necə dəyərləndirirsiniz?
- ABŞ-Çin
rəqabəti hazırda daha çox iqtisadi zəmindədir. Düzdür, Demokratların hakimiyyəti
dövründə münasibətlər kifayət qədər gərgin idi. İndi isə elə deyil.
Respublikaçılar münasibətlərə daha çox iqtisadi zəmində baxır. Prezident İlham
Əliyevin də dediyi kimi, Tramp yeganə ABŞ prezidentidir ki, onun dövrdə heç bir
müharibə olmayıb, əksinə, münaqişələr dayanıb. Əslində Çinlə ABŞ arasında hərbi
toqquşma onların heç birinə sərf etmir. Azərbaycan hər iki dövlətlə münasibətlərini
qoruyur. Biz Çinlə birlikdə bir çox vacib layihələr həyata keçiririk. Bu layihələrin
böyük əksəriyyəti inteqrasiya xarakteri daşıyır. Məsələn, Orta dəhliz layihəsi
buna nümunədir. Beynəlxalq yükdaşıma və logistika məsələlərində hələ ki,
ABŞ-nin iştirakı yoxdur. Zəngəzur dəhlizinin
açılması ilə rəsmi Vaşinqtonla da bu istiqamətdə əməkdaşlıq təmin olunacaq. Azərbaycan
ABŞ üçün də, Çin üçün də açıq dövlətdir. Ümumiyyətlə, Cənubi Qafqaz kifayət qədər
geostrateji əhəmiyyətə malikdir. Yeri gəlmişkən deyim ki, beynəlxalq yollar
artıq Cənubi Qafqazdan keçir. Bu nöqteyi- nəzərdən həm Azərbaycan, həm də Çin hərtərəfli
əməkdaşlıqda hər iki tərəf maraqlıdır. Çin üçün Azərbaycan yaxın dostdur. Çin və
Azərbaycan xalqları dostdurlar. Azərbaycan Çin üçün qərbə, Çin isə Azərbaycan
üçün şərqə açılan pəncərədir. Yeri gəlmişkən, Prezident İlham Əliyev bildirib
ki, Azərbaycan beynəlxalq yükdaşımaların həcmini 15 milyon 25 milyona
qaldırmağı hədəfləyir. Bunun böyük infrastruktur, böyük layihələr olmalıdır. Zəngəzur
dəhlizi də Cənubi Qafqazdan keçən digər nəqliyyat marşrutları ilə birlikdə bu
işin öhdəsindən gəlmək iqtidarındadır. Ələt beynəlxalq dəniz limanının
potensialının genişləndirilməsi və gələcəkdə Ələtdə beynəlxalq hava limanının
istifadəyə verilməsi böyük infrastuktur layihələrdən xəbər verir. Bu konteksdə
Çin Azərbaycanın əsas strateji tərəfdaşlarından biridir. Azərbaycanla ABŞ
arasındakı əlaqələr isə daha çox siyasi məzmunludur. Məsələn, ABŞ üçün xüsusi əhəmiyyət
kəsb edən terrorçuluqla mübarizə, enerji sahəsində əməkdaşlıq sahəsində ikitərəfli
münasibətlərdə xüsusi əhəmiyyət kəsb edir. ABŞ-nin Cənubi Qafqazla bağlı böyük
planları var. Azərbaycan isə Cənubi Qafqazın əsas oyunçusu kimi ABŞ üçün
xüsusilə maraqlıdır. Bundan narahat olan qüvvələr. Amma rəsmi Bakı bütün tərəflərlə
praqmatik və balanslı siyasət yeridir. Azərbaycanın milli maraqları əsas
götürülür. Nəticə etibarı ilə bu gün rəqib olan iki dövlət- Çin və ABŞ Azərbaycanı
etibarlı tərəfdaş kimi görür. Bir çox halda onların maraqları Azərbaycan üzərindən
reallaşan layihələrdə üst- üstə düşür və təmin olunur. Zəngəzur dəhlizi bu
layihələrdən biridir.
-
Bundan sonra ABŞ minalı ərazilərin xəritəsinin təhvil verilməsində və əsir
və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşməsində Azərbaycana təzyiq göstərə
bilərmi?
- Konstruktiv dialoq ən düzgün alətlərdən biridir.
Azərbaycan hər zaman bunda maraqlı olduğunu göstərib. Ermənistanla vasitəçisiz
danışıqlar daha effektli olub, nəinki vasitəçi ilə. Çünki vasitəçilərin də öz
maraqları olur. Ermənistanla Azərbaycan arasında formalaşan və davam edən
kommunikasiya imkan yaradır ki, məsələləri özümüz həll edək.
- Deməli, ikitərəfli təmaslar nəticəsində də
sözügedən topoqrafik nümunəni əldə etmək mümkündür?
- Təəssüf ki, Ermənistan basdırılmış minaların xəritəsini Azərbaycana vermir. Verilən xəritələrin dəqiqliyi isə çox azdır. Amma Ermənistan müəyyən addımlar atır. Məsələn, Qazaxda, Ermənistanla sərhəd ərazidəki minaların təmizlənməsi buna misaldır. Amma beynəlxalq ictimaiyyət bu məsələdə o qədər də maraqlı deyil. Azərbaycan isə yumşaq güc vasitəsilə Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması üçün zəruri addımları atmaqdadır. Ermənistan da öz növbəsində bu addımların bəzilərini müsbət qarşılayır və müvafiq addımlar atır. Düşünürəm ki, kommunikasiyaların intensivləşməsi, dialoqun genişləndirilməsi bir çox açıq suala cavab tapılması ilə nəticələnə bilər.
- Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu
günlərdə dedi ki, Ankara indiyə kimi olduğu kimi, bundan sonra Ermənistanla
normallaşma prosesində Bakının yanında olacaq.
Türkiyənin növbəti mərhələdə regionla bağlı hansı addımları ata bilər?
- Türkiyə Cənubi Qafqazda sülhdə çox
maraqlıdır. Zəngəzur dəhlizinin açılması və digər layihələr Ankara üçün əlavə
dividentdir. İqtisadi maraqlar göz qabağındadır. Türkiyə yaranmış vəziyyətdən
yararlanacaq. Odur ki, proseslərə bəri başdan töhfə verə biləcək tərəf kimi
çıxış edir. Vasitəçilik təşəbbüsləri də buradan qaynaqlanır. Yeri gəlmişkən,
deyim ki, bütövlükdə Cənubi Qafqaz sülh və sabitliyin tam təmin olunması Türkiyənin
burada və qonşu bölgələrdə nüfuzunun artmasına və siyasi mövqelərini güclənməsinə
səbəb ola bilər. Ümumiyyətlə, heç bir dövlət qonşuluğunda gərginlikdə maraqlı
deyil. Çünki münaqişə istər- istəməz həmin ölkələrin özünə də təsir edir. Onu
da deyim ki, qardaş ölkə həm də Azərbaycanla birlikdə ideya müəllifi olduğu 3+3
layihəsinin fəal iştirakçısıdır. Bölgədə sülhün təmin olunması həm də bu
platformanın uğurlun inkişafına şərait yaradar. Digər tərəfdən, Türk Dövlətləri
Təşkilatı böyük bir coğrafi ərazini əhatə edir. Zəngəzur dəhlizinin açılması həm
də Türk dünyasının bütövləşməsinə şərait yaradacaq. Odur ki, rəsmi Ankara dəhlizin
mümkün qədər tez açılmasında, beləliklə, Türk dünyasının bütövləşməsində
maraqlıdır. Bu, uzaqgörən siyasətin komponentləridir. Belə ki, Azərbaycan kimi
Türkiyənin xarici siyasət kursu beş-on illiyə yox, bir neçə onilliyə
hesablanır. Buna misal olaraq deyim ki, zamanında söylənilən “XXI əsr Türk əsri”
olacaq” fikri bu gün özünü doğruldur.
Kənan Novruzov
15:10 05.09.2025
Oxunuş sayı: 3936