Amerikalı politoloq Mirşaymer Ukraynanın “arzuolunmaz şəxslər” siyahısına salınıb

Tanınmış amerikalı politoloq, Çikaqo Universitetinin professoru Con Mirşaymer Ukraynanın mübahisəli "Mirotvorets" (Sülhməramlı) veb saytının məlumat bazasına daxil edilib.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, Mirşaymer 2024-cü ilin iyul ayında siyahıya salınıb. Buna səbəb kimi onun “xüsusi hərbi əməliyyatın səbəblərindən birinin NATO və Avropa İttifaqının şərqə doğru genişlənməsi” olduğunu etiraf etməsi göstərilir.
Professor Con Mirşaymer beynəlxalq münasibətlər nəzəriyyəsində "hücumçu realizm" konsepsiyasının müəllifidir. Bu nəzəriyyəyə görə, böyük güclərin davranışları əsasən beynəlxalq sistemin anarxik xarakteri və regional hegemonluğa can atmaqla izah olunur.
Qeyd edək ki, “Mirotvorets” saytı 2014-cü ildən fəaliyyət göstərir və mübahisəli xarakter daşıyır. O, Krım və Donbasa səfər etmiş, yaxud sayt administratorları tərəfindən tənqid edilən jurnalistlərin, incəsənət nümayəndələrinin, siyasətçilərin şəxsi məlumatlarını qanunsuz şəkildə toplayır və dərc edir. Rusiya məhkəməsi həmin sayta girişə qadağa qoyub.
Səbiyyə Zayirova
10:00 28.08.2025
Oxunuş sayı: 906