Məcnun Məmmədov Şərurda vətəndaşları qəbul edib, təsərrüfat və müəssisələrə baş çəkib

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şərur rayon icra hakimiyyətinin inzibati binasında Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirlik məlumat
yayıb.
Məlumata görə nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin
iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciəti əsasən əkin sahələrinin
təsərrüfat suyu ilə təmin olunması, torpaq sahələrinin icarəyə verilməsi, işlə
təminat, kənd təsərrüfatı texnikasının lizinq yolu ilə əldə olunması, damazlıq
heyvanların lizinqi və digər məsələlərlə bağlı olub. M.Məmmədov qaldırılan məsələlərin
hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll
edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir
qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün
nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər
müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Nazir qəbuldan sonra Əliabad qəsəbəsində süd və süd məhsullarının
istehsalı ilə məşğul olan şirkətin fəaliyyəti ilə maraqlanıb, Babək rayonun
Hacıvar kəndində quş əti istehsalı üzrə ixtisaslaşmış müəssisəyə baş çəkib, Şərur
rayonunun Arpaçay kəndində fermer Yaqub Tağıyevin istixana təsərrüfatına, Cəlilkənd
kəndində fermer Abdulla Abdullayevin əkin sahələri və soyuducu anbarına baş çəkib.
Təsərrüfatlarda keçirilən görüşlər zamanı fermerlərə aqrar sahəyə dövlət maliyyə
dəstəyi mexanizmləri barədə məlumat verilib, görülən işlər ətrafında fikir
mübadiləsi aparılıb.
18:12 15.08.2025
Oxunuş sayı: 609