Hindistan sahillərində Rusiyaya məxsus dörd neft tankeri boşaldıla bilmir

Ən azı dörd Rusiya neft tankeri Hindistan sahillərində boşaldılmadan gözləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Səbəb kimi Hindistanın neft emalı zavodlarının (NEZ) Rusiya neftindən imtina etməsi göstərilir.
Gəmi izləmə məlumatlarına əsasən, Achilles və Elyte adlı tankerlər hazırda Camnagar şəhəri yaxınlığında lövbərdə dayanıb. Hər iki gəmi iyunun sonunda Rusiyanın Primorsk və Ust-Luqa limanlarından yüklənib. Bu limanlar adətən Rusiya neftinin əsas növü olan Urals markalı xam neftlə təchizat üçün istifadə olunur.
Achilles və Elyte tankerlərinin hər biri təxminən 700 min barrel neft daşıyır. Onların avqustun 2-si və 3-də boşaldılması planlaşdırılmışdı. Hər iki gəmi Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalıb.
Bundan əlavə, Destan və Horae adlı digər iki tanker də Urals markalı Rusiya nefti ilə yüklənmiş vəziyyətdə Hindistan sahillərində lövbər salıb. Bu tankerlər 24 iyun – 1 iyul tarixləri arasında yüklənib.
Məlumatlara görə, Hindistanın bəzi NEZ-ləri Rusiya neftinin alınmasında ehtiyatlı davranmağa başlayıb ki, bu da bölgədə neft bazarına təsir göstərə bilər.
Xumar Emilqızı
20:42 01.08.2025
Oxunuş sayı: 1210