Zelenski: “Əgər Rusiya müharibəni dayandırmaqda səmimidirsə, liderlər səviyyəsində görüşə hazırıq”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, əgər Rusiya həqiqətən müharibəni bitirmək və davamlı sülh yaratmaq istəyirsə, Ukrayna liderlər səviyyəsində görüşə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Zelenski Telegram kanalında paylaşım edib.
Dövlət başçısı vurğulayıb ki, Kiyev ABŞ-nin prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatdırılması və ədalətli, uzunmüddətli sülhün təmin edilməsi istiqamətindəki səylərini dəstəkləyir. O, həmçinin sülh prosesinə dəstək verən bütün ölkələrə təşəkkürünü bildirib.
“Biz Rusiyadan verilən bəyanatları eşidirik və əgər bu, müharibəni ləyaqətlə bitirmək və həqiqi, uzunmüddətli sülh qurmaq istiqamətində ciddi niyyətlərinin göstəricisidirsə – bu, sadəcə zaman qazanmaq və sanksiyalardan yayınmaq cəhdi deyilsə – Ukrayna bir daha bildirir ki, istənilən vaxt liderlər səviyyəsində görüşə hazırdır”, – deyə Zelenski qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin ölkəsinin guya Ukrayna ilə müharibənin dayandırılması üzrə danışıqlara hazır olduğunu bildirmişdi.
Xumar Emilqızı
20:44 01.08.2025
Oxunuş sayı: 1198