Rusiya bir ayda Ukraynanı 6297 dronla vurdu

2025-ci ilin iyul ayında Rusiya Ukraynaya qarşı 6297 pilotsuz uçuş aparatı (PUA) istifadə edib. Bu göstərici, demək olar ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində ümumilikdə buraxılan dronların sayı ilə eynidir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Mənbənin bildirdiyinə görə, hücumların intensivliyində müşahidə olunan bu kəskin artım bir neçə amillə bağlıdır: Rusiyada dron istehsalının genişləndirilməsi, Ukraynanın hava hücumundan müdafiə sisteminə artan təzyiq və müharibənin yeni mərhələyə qədəm qoyması.
İyul ayı ərzində demək olar ki, hər gün dalğavari hücumlar həyata keçirilib. Əsasən “kamikadze” tipli dronlardan istifadə olunub ki, bu da Ukraynanın müdafiə xəttinə, kritik infrastrukturuna və şəhərlərinə əlavə təhlükə yaradıb.
Ekspertlər hesab edirlər ki, Moskvanın cəmi bir ayda rekord sayda PUA tətbiq etməsi həm texnoloji imkanların gücləndiyini, həm də Ukraynanın hava hücumundan müdafiə ehtiyatlarının sürətlə tükənməsinə səbəb ola biləcəyini göstərir. Bununla yanaşı, Qərbin Ukraynaya yeni hava hücumundan müdafiə vasitələri ilə dəstəyinin vacibliyi daha da aktuallaşıb.
Nigar Rəhimova
17:20 01.08.2025
Oxunuş sayı: 1010