Rusiya: Fransa Yeni Kaledoniyada yerli əhalini azlığa çevirmək istəyir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Yeni Kaledoniyanın gələcək statusu ilə bağlı razılaşma hələ qiymətləndirilməlidir. O, Fransanı arxipelaqın yerli əhalisinin qanuni hüquq və maraqlarını təmin etməyə çağırıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Mariya Zaxarova bu barədə TASS-a verdiyi açıqlamada danışıb. Onun sözlərinə görə, son bir il ərzində Rusiya bu məsələyə dəfələrlə qayıdıb və Yeni Kaledoniyada ictimai-siyasi vəziyyətin pisləşməsinə diqqət çəkib: “Çünki suallar var idi, mövzu qızışdırılmışdı, xüsusilə də Fransanın daim başqa ölkələrdəki vəziyyətə müdaxilə etdiyi, mülki əhalinin hüquqları və azadlıqları haqqında danışdığı bir vaxtda. Amma öz məsuliyyət zonası hesab etdiyi Yeni Kaledoniya ilə daha az maraqlanması təəccüb doğurur".
Diplomat qeyd edib ki, 12 iyulda Parisdə elan edilən razılaşma Fransa metropoliyasının arxipelaqda dərinləşən böhrana məcburi reaksiyasıdır. Zaxarovanın sözlərinə görə, 2024-cü ilin yazında Yeni Kaledoniyada kütləvi xalq etirazları və iğtişaşlar baş verib. Bu hadisələr Fransa hökumətinin bu dənizaşırı əraziyə qarşı yürütdüyü kolonial və uğursuz siyasət nəticəsində baş verib.
Zaxarova bildirib ki, Yeni Kaledoniyada yaranmış gərgin vəziyyət XX əsrdə başa çatmamış dekolonizasiya prosesinin nəticəsidir.
Fransa tərəfindən “arxipelaqa daha çox muxtariyyət verən və onun sakinlərinin hüquqlarını genişləndirən əhəmiyyətli kompromis” kimi təqdim edilən razılaşmanın real məzmunu hələ tam bəlli deyil. Mariya Zaxarova hesab edir ki, bu razılaşma indidən dəyərləndirilməməlidir, çünki hələ bütün maraqlı tərəflər tərəfindən təsdiqlənməlidir.
“Əldə olan məlumatlara əsasən demək olar ki, Parisin bu razılaşma ilə Yeni Kaledoniyaya formal suverenlik görüntüsü verməklə yanaşı, arxipelaqa nəzarəti qoruyub saxlamaq və yerli seçki qanunvericiliyində islahat adı altında onun seçki xəritəsini dəyişmək niyyəti var. Bu isə yerli əhalinin azlığa çevrilməsi ilə nəticələnə bilər. Fransa hökumətini bir daha çağırırıq ki, Yeni Kaledoniyanın yerli əhalisinin hüquq və maraqlarını təmin etməyə yönəlmiş real addımlar atsın" – deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb.
Fatimə Nəbiyeva
19:14 30.07.2025
Oxunuş sayı: 1281