İrana Azərbaycan kimi dost ölkə lazımdır - Deputat

Son dönəmlər Azərbaycan-İran arasında münasibətlərdə müsbət tendensiya müşahidə olunmaqdadır. Buna ölkə başçısı İlham Əliyevin İran prezidenti Məsud Pezeşkianla görüşü və ikitərəfli əlaqələrin inkişafı barədə fikir mübadiləsinin aparılması həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında telefon danışığını bu əlaqələrin inkişafında misal kimi göstərə bilərik. Əlbəttə İranın Azərbaycana qarşı anidən münasibətlərini müsbət istiqamətdə dəyişməsi və ikitərəfli əlaqələrin inkişafında maraqlı olması səbəbsiz deyil.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Aqil Abbas həqiqətən belə çətin geosiyasi vəziyyətdə İrana Azərbaycan kimi dost ölkə lazım olduğunu qeyd edib: "İrana əslində yaxşı qonşu lazımdır, dost ölkə lazımdır. Elmi, mədəniyyəti, musiqisi, tarixi, mədəni kökləri olan bir Azərbaycan var və bu cəhətdən Azərbaycan İran üçün mühüm tərəfdaş ola bilər. Əgər münasibətlər mehriban olsa, bu İran üçün yalnız xeyirli olar və heç bir halda ziyan verməz".
Deputat həmçinin Zəngəzur dəhlizinin açılmasında İranın birbaşa maraqlı tərəf olmadığını qeyd edib: "Zəngəzur dəhlizinin açılması məsələsinə gəldikdə isə, İran bu məsələdə birbaşa maraqlı deyil. Amma istəyir ki, Zəngəzur dəhlizi əvəzinə alternativ yol kimi Azərbaycan Naxçıvanla birbaşa deyil, İran ərazisindən – Arazboyu – keçsin. Bu halda İran həm nəqliyyat üzərində nəzarət imkanı əldə edir, həm də ciddi iqtisadi gəlir qazanır, ancaq bu proses artıq İranın istədiyi şəkildə getmir. İndi məsələ İranın və ya başqa bir tərəfin istəyinə uyğun deyil. Ermənistan özü dəhlizin açılması ilə bağlı addımlar atır və prosesə təsir göstərir".
Məsələ ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli isə İranda hazırda iki hakimiyyətin mövcud olduğunu və hər iki hakimiyyətində Azərbaycana qarşı eyni münasibətdə olmadığını qeyd edib.
"İranda iki paralel hakimiyyət mövcuddur: biri dini hakimiyyətdir, digəri isə administrativ – prezidentliyə əsaslanan dövlət strukturlarıdır. Bu iki qanadın Azərbaycanla münasibətlərə baxışı fərqlidir. Biri Azərbaycanla müsbət münasibətlərin tərəfdarıdırsa, digəri daha çox anti-Azərbaycan mövqeyində dayanır.
Bununla yanaşı, İran-Azərbaycan münasibətlərində siyasi müstəvidə müəyyən gərginliklər yaşansa da, iqtisadi sahədə bu münasibətlər davam edir. İdxal, ixrac və ticarət əlaqələri konkret nəticələrlə irəliləyir. Yəni siyasi gərginlik iqtisadi əməkdaşlığı tam şəkildə poza bilməyib.
Hazırda hər iki tərəf üçün ortaq maraq nöqtələrindən biri Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistanın ABŞ-la imzaladığı bəzi razılaşmalar və Zəngəzur məsələsi İranı narahat edir. Müharibədən sonra İran müəyyən mənada zərbə alıb, onun “qırmızı xətləri” tapdalanıb. Bu baxımdan, Ermənistanın dəhlizə dair atdığı addımlar və əcnəbi müşahidəçilərin regiona gətirilməsi Tehranda ciddi narahatlıq doğurur. İran bu səbəbdən Azərbaycanla münasibətlərə yenidən baxmaq zərurətini hiss edir".
Siyasi şərhçi həmçinin hazırki vəziyyətdə Azərbaycanın rəsmi Tehranı yoxladığını bildirib: "Azərbaycan nöqteyi-nəzərindən də, Zəngəzur dəhlizinin açılması mühüm əhəmiyyət kəsb edir. Rəsmi Bakı həm regionun iqtisadi dinamikasını artırmaq, həm də nəqliyyat üstünlüyü qazanmaq istəyir. Bu prosesdə İranın mövqeyi də müşahidə edilir. Azərbaycan Tehranı da müəyyən mənada “yoxlayır”.
Eyni zamanda qeyd etmək lazımdır ki, İranda müəyyən dairələr öz uğursuzluqlarını Azərbaycana yönəltməyə çalışır. Bu yanaşma təkcə İran daxilində deyil, Rusiyada, Ermənistanda və Avropada da dəstəklənən bir fikirdir. Bunun qarşısının alınması üçün konkret addımlar atılmalıdır. Düzgün qurulmuş diplomatik səfərlər bu gərginliyi aradan qaldıra bilər, amma hələ də açıq qalan məsələlər mövcuddur".
Siyasi şərhçi İranın Zəngəzur dəhlizin açılmasın qəti maraqlarına uyğun olmadığını qeyd edub: "Cavab aydındır – xeyr, İran bu məsələdə maraqlı deyil. Çünki dəhlizin açılması onun ərazi bütövlüyünə və iqtisadi mövqeyinə alternativ nəqliyyat yolları yaradılması deməkdir. Digər tərəfdən, bölgəyə beynəlxalq müşahidəçilərin və İranın istəmədiyi qüvvələrin – o cümlədən İsrailin – daxil olması Tehran üçün milli təhlükəsizlik baxımından ciddi təhdiddir".
Elmir Heydərli
16:35 30.07.2025
Oxunuş sayı: 2693