Rusiyada güclü zəlzələ olub, ölkələrdə sunami təhlükəsi edilib və insanlar təxliyə edilir

Rusiyanın Severo-Kurilsk şəhərində 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Rusiya mətbuatı xəbər verir ki, sunami təhlükəsi elan edilib, sakinlər təxliyə edilir.
Təcili yardım xidmətləri tam gücü ilə işləyir, vəziyyət nəzarət altındadır.
Ərazidə insanların təhlükəsizliyinin təmin edilməsi, normal həyatın bərpası üçün bütün zəruri tədbirlər görülür. Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, 8,7 bal gücündə zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 150 kilometr aralıda yerləşib.
Zəlzələ Petropavlovsk-Kamçatskidəki 15 saylı uşaq bağçasının binasında divarın uçmasına səbəb olub. Yaponiya və ABŞ-da da sunami təhlükəsi elan edilib.
Yaponiyanın Milli Meteorologiya İdarəsi bildirib ki, Kamçatkadakı zəlzələdən sonra ölkənin şərq və şimal-şərq sahillərinə doğru istiqamətlənən sunaminin hündürlüyü 3 m olacaq. Ölkənin şərq, şimal-şərq və şimal hissələrində sahilyanı ərazilərin sakinləri təcili olaraq təxliyə olunmağa çağırılır. Sunaminin ilk dalğalarının yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 06:30) Yaponiyanın Sakit okean sahillərinə çatacağı gözlənilir.
Yaponiyanın “Tokyo Electric Power” (TEPCO) enerji şirkətinin sunami təhlükəsi ilə əlaqədar “Fukusima-1” AES-dən təmizlənmiş suyun axıdılmasının növbəti mərhələsini dayandırıblar. Stansiya əməkdaşları da təxliyyə həyata keçirib. Bunun ölkədə sunami təhlükəsi elan olunduğu halda standart təhlükəsizlik proseduru olduğu vurğulanır. “Fukusima-1” AES Sakit okean sahilində yerləşir.
ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) Kamçatkada baş verən zəlzələ ilə əlaqədar sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Bu arada Kamçatkanın Yelizovski rayonunda, “Vodopadnaya” meteostansiyasının yaxınlığında dalğanın hündürlüyü 3-4 m olan sunami qeydə alınıb. (report)
05:56 30.07.2025
Oxunuş sayı: 1306