ÜST: Qəzzada iyul ayında qida çatışmazlığından 63 nəfər ölüb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2025-ci ildə Qəzza zolağında qida çatışmazlığı səbəbindən ümumilikdə 74 nəfərin həyatını itirdiyini, bu ölümlərin 63-nün iyul ayında baş verdiyini açıqlayıb.
ÜST-ün yaydığı yazılı bəyanatda bildirilir ki, İsrailin intensiv hücumları və blokadası altında olan Qəzzada qida çatışmazlığı təhlükəli şəkildə davam edir və bunun nəticəsində ölüm hallarının sayı kəskin artıb.
Bəyanatda qeyd olunub:
“2025-ci ildə qeydə alınan 74 ölümün 63-ü iyulda baş verib. Həlak olanlardan 24-ü 5 yaşdan kiçik uşaq, 1-i 5 yaşdan yuxarı uşaq, 38-i isə böyük yaşlı şəxslərdir. Onların əksəriyyəti tibb müəssisələrinə çatdırıldıqdan dərhal sonra və ya az bir müddət sonra orqanizmdə ciddi zəifləmə əlamətləri ilə vəfat edib. Bu böhran tamamilə qarşısı alına biləcək bir vəziyyətdir.”
Bəyanatda əlavə olunub ki, iri miqyaslı ərzaq, səhiyyə və humanitar yardımların qəsdən ləngidilməsi və qarşısının alınması çoxsaylı insanın ölümünə səbəb olub. ÜST bildirir ki, Qəzzada 5 yaşdan kiçik uşaqların təxminən 5-dən 1-i kəskin qida çatışmazlığından əziyyət çəkir.
İyulun ilk iki həftəsində 5 minə yaxın azyaşlının qida çatışmazlığı səbəbilə ambulator müalicəyə ehtiyacı olduğu vurğulanıb. Onlardan 18 faizinin həyat üçün ən təhlükəli vəziyyət sayılan ağır kəskin qidalanma problemi ilə üzləşdiyi qeyd olunub.
23:57 27.07.2025
Oxunuş sayı: 725