Tehran hərəkətə keçdi- İsrailin hücumu zamanı baş verənlər sənədləşdirilir

İranın "Mehr" agentliyinin məlumatına görə, ölkənin xarici İşlər naziri Seyid Abbas Əraqçi Xarici İşlər Nazirliyində (XİN) keçirilən görüşdə 12 günlük İsrail-İran müharibəsi
dövründə və ondan sonrakı mərhələdə nazirliyin apardığı geniş diplomatik səylər
barədə ətraflı məlumat verib. Görüşdə İran Prezidenti Məsud Pezeşkian və XİN-in
yüksək vəzifəli rəsmiləri də iştirak ediblər.
Crossmedia.az-ın
xarici mediaya istinadən verdiyi məlumata görə Əraqçi bildirib ki, münaqişə
boyunca XİN İran Silahlı Qüvvələrini dəstəkləyib və bu prosesi “döyüş meydanı
ilə diplomatiya arasında sıx əməkdaşlığın bariz nümunəsi” adlandırıb. “Silahlı
qüvvələrimiz ölkəni qəhrəmancasına müdafiə etdi, diplomatlarımız isə fasiləsiz
çalışdı”, – deyə o vurğulayıb.
Nazir
əlavə edib ki, İran diplomatları açıq təcavüz fonunda xalqın özünü müdafiə
hüququnu beynəlxalq arenada hüquqi əsaslarla müdafiə ediblər. Onun sözlərinə
görə, nazirliyin zəngləri və xaricdəki səfirliklərinin fəaliyyəti nəticəsində
120-dən çox ölkə İsrailin hücumlarını qınayıb və İrana dəstək ifadə edib.
Əraqçi
həmçinin qeyd edib ki, BMT Təhlükəsizlik Şurası və MAQATE-nin İdarəçilər Şurası
kimi qurumların gözlənilən mövqeyinə baxmayaraq, demək olar ki, bütün beynəlxalq
təşkilatlar İrana dəstəyini ifadə edib.
“Diplomatik
danışıqlar apardığımız bir vaxtda belə bu dəstək göstərildi. Bu da göstərdi ki,
sülhə kim sadiqdir, kim isə zor və təzyiqlə yol gedir”, – deyə XİN rəhbəri əlavə
edib.
Əraqçi
sonda bildirib ki, İran Prezident Administrasiyasının hüquq şöbəsi ilə əməkdaşlıq
çərçivəsində İsrailin İran ərazisində törətdiyi cinayətlər sənədləşdirilir və
bu proses beynəlxalq platformalarda davam etdiriləcək.
Nicat Rüstəmzadə
13:15 26.07.2025
Oxunuş sayı: 1027