Çin xarici kəşfiyyatı nadir torpaq metalları qaçaqmalçılığına qarşı əməliyyat keçirib

Çin Dövlət Təhlükəsizliyi Nazirliyi xarici kəşfiyyat xidmətinin təşkil etdiyi nadir torpaq metalları qaçaqmalçılığı kanalını aşkarlayaraq zərərsizləşdirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Bloomberg məlumat verib.
İllər ərzində xarici kəşfiyyat agentləri yerli cinayətkarlarla əməkdaşlıq edərək Çin istehsalı olan, ixrac nəzarətinə tabe məhsulları ölkədən qanunsuz yollarla çıxarmağa çalışıblar. Bu məqsədlə onlar poçt xidmətlərindən istifadə edib, qablaşdırma və etiketləri saxtalaşdıraraq məhsulun mənşəyini gizlədiblər.
Nazirliyin açıqlamasına görə, adları açıqlanmayan bir ölkənin strateji sənaye sahəsində çalışan podratçı Çin məhsullarını saxta sənədlərlə öz ölkəsinə göndərib. Qaçaqmalçılar həmçinin məhsulun tərkibi barədə yalan məlumatlar verib, saxta adlar istifadə edib, kiçik partiyalarla ekspress daşımalar həyata keçiriblər və nəqliyyat marşrutlarını tez-tez dəyişiblər.
Təhlükəsizlik orqanları əldə olunan sübutlar əsasında müvafiq qurumlarla birgə qanuni tədbirlər görərək qaçaqmalçılıq kanalını bağlayıb və nadir torpaq resurslarının, eləcə də milli təhlükəsizliyin qorunmasını təmin ediblər.
Nigar Rəhimova
16:10 18.07.2025
Oxunuş sayı: 880