İran prezidenti keyfiyyətsiz benzinə görə yolda qaldı

İran prezidenti Məsud Pezeşkian qeyri-rəsmi səfər çərçivəsində Təbrizə gedərkən maraqlı insidentlə qarşılaşıb.
Bu barədə Crossmedia.az "Nasr News" saytına istinadən xəbər verir ki, Pezeşkianın xüsusi müfəttişi Mustafa Moləvi deyib ki, prezidentin kortejindəki bütün avtomobillər Qəzvin əyaləti yaxınlığında dayanmalı olub.
Moləvinin sözlərinə görə, kortej Rəşt magistralının çıxışında yerləşən bir yanacaqdoldurma məntəqəsində benzin doldurduqdan sonra hərəkətə davam edib. Takestan şəhəri yaxınlığında hər üç avtomobil nasazlıq səbəbindən dayanıb. Texniki baxış zamanı məlum olub ki, avtomobillərə vurulan benzin su ilə qarışdırılıb.
Qeyd edilir ki, eyni yanacaqdoldurma məntəqəsində bundan əvvəl də oxşar keyfiyyətsizlik halları qeydə alınıb. Hadisəyə rəğmən, Pezeşkian əyalət rəhbərliyi ilə əlaqə saxlamayıb və rəsmi araşdırma başlanmayıb. Bunun əvəzinə o, taksi ilə səfərini Təbrizə qədər davam etdirib.
20:23 17.07.2025
Oxunuş sayı: 644