"Sertifikasiya təhsil sistemində kifayət qədər müsbət nüanslarla yadda qaldı" - Ekspert

Müasir təhsil sistemində müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və tədrisin keyfiyyətinin yüksəldilməsi əsas prioritetlərdən biridir. Bu məqsədlə Azərbaycanda son illərdə həyata keçirilən islahatlardan biri də müəllimlərin sertifikatlaşdırma prosesidir. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən bu proses, müəllimlərin bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirmək, təhsil müəssisələrində peşəkar kadr potensialını gücləndirmək məqsədi daşıyır. 2025-ci ilin sonunadək ölkədə fəaliyyət göstərən bütün müəllimlərin bu qiymətləndirmədən keçməsi nəzərdə tutulur. Bu yanaşma, təhsilin keyfiyyətinə birbaşa təsir göstərmək, eyni zamanda müəllimlərin davamlı inkişafına şərait yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Sertifikatlaşdırma yalnız bir yoxlama mexanizmi deyil, həm də müəllimlərin motivasiyasını artıran və onların əməyini daha ədalətli qiymətləndirməyə imkan verən mühüm bir addımdır.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov Crossmedia.az-a açıqlama verib: “Sertifikasiya təhsil sistemində kifayət qədər müsbət nüanslarla yadda qaldı. Çünki müəllimlər artıq öz üzərlərində işləməyi, rəqabət nəticəsində inkişaf etməyin müəyyən mənada fəaliyyətlərinin bir hissəsində yer almasına nail oldular. Burda sertifikasiyanın mativasiya yönü də var idi ki, əldə edilən nəticəyə görə müəllimlərin əməkhaqqılarında əhəmiyyətli dərəcədə artımlar olurdu. Təbii ki, bu proseslər kütləvi olduğu üçün müəyyən xətalar ola bilər. Amma mahiyyət olaraq faydalı oldu. Çünki sertifikasiya nəticəsində şagirdlərə daha savadlı və daha bacarıqlı müəllimlər dərs keçməyə başladı. Sual verilə bilər ki, müəllimin sertifikasiyadan keçib keçməməsi təhsil prosesinə necə təsir göstərir? Sertifikasiyadan keçmək üçün müəyyən hazırlıq olur, köhnə biliklər yenilənir, bəzən müəllimin 15 il əvvəl aldığı biliyin təkmilləşmək zərurəti yaranır. Buna görə düşünürəm ki, bu müəllimlərin öz bilik və bacarıqlarının təkmilləşməsi və özünü inkişaf etdirməsi baxımından müsbət bir implus oldu. Eyni zamanda təhsil sistemində də müəllimlərin müəyyən mənada data-bazası formalaşdı. Hər bir müəllimin işə qəbul olunanlar xaric olmaqla, bilik və bacarıqları indiyə qədər ölçülməmişdi. Bu mənada çoxdan çalışan müəllimlərin bilik və bacarıqları yenilənmış oldu”.
Ayhan
15:14 11.07.2025
Oxunuş sayı: 792