Prezidentin nümayəndəsi İrana getdi: İkitərəfli münasibətlərdə yeni mərhələ başlayır

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun İran səfəri çərçivəsində Tehran şəhərində İranın xarici işlər naziri Seyid Abbas Əraqçı, Prezidentin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi və Nazir müavini Kazem Qəribabadi ilə görüşləri keçirilib.
Görüşlərdə iki ölkə arasında dostluq və qonşuluq əlaqələrinin inkişafı, enerji, nəqliyyat, infrastruktur və logistika sahələrində əməkdaşlıq, Xəzər dənizində birgə layihələr, regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) Azərbaycan sədrliyinin gündəliyi müzakirə olunub. Səfər həm Azərbaycan–İran əlaqələrinin tarixi və mədəni köklərə əsaslanan inkişafını, həm də regionda dialoqun əhəmiyyətini bir daha vurğulayıb.
Səfərlə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Xasay Gəraylı bildirib ki, enerji sahəsində əməkdaşlıq Azərbaycanın enerji təhlükəsizliyini gücləndirir, regionda enerji inteqrasiyasını artırır: “Nəqliyyat və tranzit sahəsində birgə layihələr isə Azərbaycanın logistik imkanlarını yüksəldir və regional ticarəti asanlaşdırır. Xəzər dənizində əməkdaşlıq isə həm iqtisadi, həm də təhlükəsizlik baxımından önəm daşıyır. Səfər diplomatik mesaj baxımından da əhəmiyyətlidir. Azərbaycan qonşu ölkələrlə dialoqu dərinləşdirməyə və regional sabitliyi gücləndirməyə davam edir. İranın hazırkı hakimiyyətlə münasibətlərin inkişafı isə əməkdaşlıq strategiyasının xarakterini və mövcud iradəni göstərir. Məsud Peyzeşkian hakimiyyətə gəldikdən sonra Azərbaycanla münasibətlərdə daha aktiv siyasət aparır və vəziyyət kifayət qədər pozitivdir".
Siyasi şərhçi əlavə edib ki, Azərbaycan-İran münasibətlərində əsas rol Prezident İlham Əliyev və Məsud Peyzeşkian arasında qarşılıqlı səfərlər və görüşlər oynayır: “Xələf Xələfovun Tehrana səfəri iki ölkə arasında qarşılıqlı əməkdaşlığın yeni mərhələsinin başlanğıcını göstərir. Görüşlər yalnız iqtisadi əməkdaşlıq deyil, həm də regional inteqrasiya, sülh və sabitliyi gücləndirən imkanları ortaya qoyub”.
Mehriban Yariyeva
23:36 21.10.2025
Oxunuş sayı: 818