Səfir: Estoniya şirkətləri Azərbaycan bazarına maraq göstərirlər

Estoniya şirkətləri Azərbaycan bazarına, xüsusilə rəqəmsal xidmətlər və "yaşıl" keçid sahələrinə maraq göstərirlər.
Crossmedia.az xəbər verir ki, bunu Estoniyanın Azərbaycandakı səfiri Vayno Reynart "Mərkəzi Baltik - Azərbaycan" Biznes Forumu çərçivəsində deyib.
"Rəqəmsal inkişaf sahəsində ciddi potensialımız var. Rəqəmsal xidmətlər və rəqəmsal transformasiya ilə bağlı hər şey eyni zamanda "yaşıl" keçidə də töhfə verəcək. Azərbaycan mühüm enerji qovşağıdır və Şərqlə Qərb arasında körpüdür. Buna görə də müzakirə etmək istədiyimiz bir çox perspektivli sahələr var. Biz ölkələrimiz arasında ticarəti inkişaf etdirmək üçün müxtəlif qurumlarla - istər özəl, istərsə də dövlət qurumları ilə əməkdaşlığa hazırıq", - diplomat qeyd edib.
Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi hələlik az olsa da, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.
Səfir həmçinin Estoniya xarici işlər nazirinin Azərbaycana gözlənilən səfəri və onun zəngin gündəliyindən də danışıb.
"Biz bu gün artıq bir çox sənəd imzalamışıq və göründüyü kimi, nazirin nümayəndə heyətinin tərkibinə kifayət qədər təmsil olunmuş iş adamları qrupu da daxildir. Əsas məqsəd siyasi görüşlərdən əlavə, Azərbaycan və Estoniya arasında işgüzar əməkdaşlığı inkişaf etdirməkdir. Biz, əlbəttə ki, ikitərəfli siyasi əlaqələri və Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrini nəzərdən keçiririk. Bütün bunlar gündəmdədir. Biz həmçinin Bakıdan regional proseslər barədə məlumat almaqdan və gələcək mümkün perspektivləri müzakirə etməkdən məmnun olarıq", - Reynart vurğulayıb.
Estoniyanın Azərbaycanda səfirliyinin açılmasının mümkünlüyü ilə bağlı sualı cavablandıran diplomat bildirib ki, bu məsələ müzakirə olunur: "Bəli, bu məsələ müzakirə olunur, lakin Azərbaycanın xarici işlər naziri və digər dövlət qurumlarının nümayəndələri ilə sabah Bakıda keçiriləcək danışıqların nəticəsini öncədən mühakimə etmək istəməzdim. Ona görə də hələlik hadisələri qabaqlamaq, irəli getmək istəməzdim".
20:11 21.10.2025
Oxunuş sayı: 988