Ukraynanın Azərbaycan qazını alması siyasi və enerji təhlükəsizliyi baxımından mühüm hadisədir - Deputat

Ukraynanın enerji təhlükəsizliyində Azərbaycan amili: Kiyev yeni tərəfdaşlıq istiqamətində addımlar atır
Ukraynanın enerji təhlükəsizliyinin təmin edilməsi ölkənin xarici siyasət və iqtisadi strategiyasının əsas prioritetlərindən biridir. Rusiya ilə uzunmüddətli münaqişə nəticəsində enerji asılılığını azaltmağa çalışan Kiyev müxtəlif mənbələrdən qaz tədarükü istiqamətində fəal addımlar atır. Prezident Volodimir Zelenskinin sözlərinə görə, Ukrayna 2 milyard ABŞ dolları dəyərində qaz almağa hazırdır və bu məqsədlə Azərbaycan, Yunanıstan və ABŞ ilə razılaşmalar əldə olunub. Bu təşəbbüslər ölkənin enerji sabitliyini möhkəmləndirməklə yanaşı, beynəlxalq əməkdaşlığın genişlənməsinə də xidmət edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bildirib ki, son dövrdə Moskva–Bakı münasibətlərində müşahidə olunan gərginlik fonunda Azərbaycan–Ukrayna diplomatik əlaqələrində canlanma nəzərə çarpır. Onun sözlərinə görə, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın güclənməsi Moskvanı narahat edə bilər, lakin bu əlaqələr Rusiya əleyhinə yönəlməyib.
“Ukraynanın Azərbaycan qazını alması həm siyasi, həm də enerji təhlükəsizliyi baxımından mühüm və simvolik hadisədir. Bu qaz tranziti Rusiya qazından asılılığın azaldılması yolunda Ukrayna üçün ciddi addım olmaqla yanaşı, Azərbaycanın Avropa enerji xəritəsindəki rolunu da daha da gücləndirir,” – deyə deputat vurğulayıb.
Tənzilə Rüstəmxanlının fikrincə, Azərbaycan qazının Ukraynaya daxil olması həm Qərbin dəstəklədiyi enerji təhlükəsizliyinin, həm də Bakı–Kiyev əməkdaşlığının dərinləşməsinin bariz göstəricisidir. Bu tranzit prosesi Cənub Qaz Dəhlizinin şaxələnməsinə, Azərbaycan qazının Balkanlar və Şərqi Avropa bazarlarında təsirinin artmasına xidmət edir.
Deputat əlavə edib ki, bu hadisə Azərbaycanın geosiyasi çəkisini artırır:
“Azərbaycan artıq təkcə Avropa İttifaqı ilə deyil, Rusiya ilə toqquşma xəttində olan Ukrayna ilə də enerji əməkdaşlığı qurmaqla beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirir".
Mehriban Yariyeva
21:48 21.10.2025
Oxunuş sayı: 1796