Neft və Sənaye Universitetində VII Beynəlxalq Avrasiya Risk Konfransı işə başlayıb



Oktyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “RİSK-2025” VII Beynəlxalq Avrasiya Risk Konfransının açılış mərasimi keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, “İnfrastruktur sistemlərinin riskyönümlü dizaynı və işləməsi: davamlılıq paradiqması” mövzusuna həsr olunmuş konfrans mühəndislik, energetika, ekosistemlərin idarə olunması, texnoloji risklər və davamlı inkişaf sahəsində aparıcı beynəlxalq mütəxəssisləri bir araya gətirib.
Konfrans “AMİR Technical Services” şirkəti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ABŞ-ın Qnedenko Forumu – Dayanıqlılıq üzrə Beynəlxalq Qrup, Beynəlxalq Suvarma və Drenaj Komissiyası (ICID) və İtaliyanın Milan Politexnik Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirin açılışında ADNSU-nun rektoru dosent Rüfət Əzizov çıxış edərək bildirib ki, sürətlə dəyişən müasir dünyada infrastruktur sistemlərinin təhlükəsiz və dayanıqlı idarə olunması qlobal əhəmiyyət daşıyır. Rektor vurğulayıb ki, bu istiqamətdə elmi əməkdaşlığın və bilik mübadiləsinin gücləndirilməsi, xüsusilə də süni intellekt texnologiyalarının tətbiqi ilə risklərin idarə edilməsinə yeni baxışların formalaşdırılması gələcək nəsil mühəndislərin hazırlığında mühüm rol oynayır.
ADNSU rektoru qeyd edib ki, “RİSK-2025” konfransı təkcə elmi araşdırmaların mübadiləsi üçün deyil, həm də regional və beynəlxalq tərəfdaşlığın möhkəmlənməsi baxımından mühüm platforma rolunu oynayır. O, konfransın nəticələrinin infrastruktur layihələrinin planlaşdırılması, enerji təhlükəsizliyi və davamlı inkişaf strategiyalarına praktik töhfələr verəcəyinə əminliyini ifadə edib.
Konfransın ümumi sədri professor Vüqar Əliyev tədbir haqqında ətraflı məlumat verərək qeyd edib ki, builki toplantı risk mühəndisliyinin yeni istiqamətlərini, texnoloji dəyişikliklərin ekosistemlərə təsirini və insan amilinin rolunu müxtəlif aspektlərdən araşdırır.
Daha sonra Proqram Komitəsinin həmsədri, Rusiya Elmlər Akademiyasının Ural Federal Universitetinin Elm və Mühəndislik Mərkəzinin rəhbəri, Nobel Sülh Mükafatı laureatı professor Svyatoslav Timaşev “İnfrastrukturların riskəsaslı dizaynında və istismarında süni intellekt: təhlükələr və imkanlar” mövzusunda məruzə ilə çıxış edib. O, süni intellektin sənaye sistemlərində tətbiqinin həm potensial təhlükələri, həm də mühüm imkanları barədə elmi arqumentlər irəli sürüb. Timaşev qeyd edib ki, risk yalnız təhlükə deyil, eyni zamanda, inkişafın zəruri mərhələsidir. O, infrastruktur layihələrinin dizaynında süni intellekt alqoritmlərinin etik və təhlükəsizlik aspektlərinin daha dərindən araşdırılmasının vacibliyinə diqqət çəkib.
London Universitet Kollecinin Risk və fəlakətlərin azaldılması departamentinin rəhbəri professor İlan Kelman “Seçim nəticəsində fəlakət: “Təbii fəlakətlər” niyə nadir hallarda mövcuddur?” mövzusunda çıxış edərək insan qərarlarının fəlakətlərin qarşısının alınmasında əsas amil olduğunu vurğulayıb. O, fəlakət anlayışının çox zaman sosial və idarəetmə problemlərinin nəticəsi olduğunu, risk azaldılmasının isə düzgün planlaşdırma və ictimai davranış modellərinin formalaşdırılmasından asılı olduğunu bildirib.j
17:32 21.10.2025
Oxunuş sayı: 767