Gümrü-Qars dəmir yolunun bərpası region üçün nə cəd edir?- İqtisadçılar danışdı

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan brifinqdə bildirib ki, yaxın vaxtlarda Ermənistan və Türkiyə idarələrarası komissiyaların Gümrü-Qars dəmir yolunun bərpası ilə bağlı iclası keçiriləcək.
"Tezliklə idarələrarası komissiyaların Gümrü-Qars dəmir yolunun bərpası və yenidən işə başlamasına həsr olunmuş iclası keçiriləcək", - o qeyd edib.
R.Rubinyanın sözlərinə görə, görüşün keçiriləcəyi yerlə bağlı daha sonra ətraflı məlumat veriləcək.
Vitse-spiker həmçinin sərhədlərin açılması məsələsi ilə bağlı müzakirələrin davam etdiyini bildirib.
Sözügedən layihənin iqtisadi dividentləri barədə Crossmedia.az-a danışan iqtisadçı ekspert-Akif Nəsirli söyləyib ki, Ermənistan və Türkiyənin Gümrü–Qars dəmir yolunu bərpa etmək üzrə danışıqlar aparması, regionda nəqliyyat və ticarət əlaqələrinə bir neçə mühüm təsir göstərə bilər: “Dəmiryolu vasitəsilə mal və sərnişin daşımaları daha sürətli və ucuz olacaq. Həmçinin, Ermənistan və Türkiyə arasında ticarət həcmi artacaq, xüsusilə kənd təsərrüfatı məhsulları, sənaye malları və tranzit yük daşımaları üçün yeni imkanlar yaranacaq. Gümrü–Qars dəmir yolu Azərbaycanın, Gürcüstanın və Türkiyənin tranzit şəbəkələri ilə bağlılığına töhfə verə bilər. Bu yol İran, Türkiyə və Avropa ölkələri arasında yük daşımalarında qısa yol kimi çıxış edə bilər. Dəmiryolunun açılması regionda sərmayələrin cəlb olunmasını təşviq edə bilər”.
A.Nəsirli, həmçinin, logistika xərcləri azalacağını, bununla da yerli məhsulların rəqabət qabiliyyətinin artacağını bildirib: “Bu layihə iki ölkə arasında dialoqu gücləndirə və etimad mühitini yaxşılaşdıra bilər. Eyni zamanda, regional sabitliyə müsbət təsir göstərərək digər ölkələr üçün də ticarət və nəqliyyat imkanlarını genişləndirə bilər. Amma siyasi gərginlik və sərhəd məsələləri layihənin ləngiməsinə səbəb ola bilər. Yüklərin və sərnişinlərin təhlükəsizliyi və logistika xidmətlərinin səmərəliliyi layihənin uğuru üçün müstəsna amin olacaq. Yəni Gümrü–Qars dəmir yolunun bərpası, regional nəqliyyat və ticarət əlaqələrini sürətləndirə, Ermənistan–Türkiyə ticarətini artıraraq regional inteqrasiyaya töhfə verə və iqtisadi fayda gətirə bilər. Eyni zamanda, siyasi və logistika riskləri layihənin reallaşmasını çətinləşdirə bilər”.
İqtisadçı Eyyub Kərimli isə düşünür ki, Gümrü-Qars dəmir yolunun bərpası və açılması həm Ermənistan-Türkiyə münasibətlərinə, həm də iqtisadi əlaqələrə müsbət təsir göstərə bilər: “Bu layihə yalnız iki ölkə arasında ticarət əlaqələrini artırmaqla qalmayacaq, eyni zamanda Türkiyəyə Gürcüstan və Rusiya dəmiryolu çıxışlarından istifadə etmək imkanı da verəcək. Bu isə gələcəkdə Zəngəzur dəhlizinin açılmasına və regionun logistika və nəqliyyat imkanlarının genişləndirilməsinə müsbət təsir göstərə bilər. Layihə, həmçinin Türkiyənin şimalda Gürcüstan və Rusiya, eləcə də Avropaya dəmiryolu çıxışlarını təmin edəcək”.
Fidan Quliyeva
21:54 21.10.2025
Oxunuş sayı: 1319