ABŞ və Çin müəyyən razılığa gələcək - Açıqlama

Qlobal iqtisadi münasibətlərin gərgin və dinamik şəkildə dəyişdiyi bir dövrdə ABŞ Prezidenti Donald Trampın beynəlxalq ticarət siyasətinə dair açıqlamaları yenidən diqqət mərkəzinə gəlib. O, yaxın günlərdə Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində Çin Xalq Respublikasının sədri Si Cinpin ilə keçirəcəyi görüşdən ədalətli ticarət razılaşması əldə olunacağına ümid etdiyini bildirib.
Tramp Ağ Evdə Avstraliyanın Baş naziri Entoni Albaneze ilə görüş zamanı verdiyi bəyanatda vurğulayıb ki, ABŞ artıq Avropa İttifaqı və Yaponiya ilə əlverişli ticarət sazişləri üzrə uğurlu danışıqlar aparıb və indi oxşar nəticəni Çinlə də əldə etməyə çalışır. Onun sözlərinə görə, ədalətli ticarət prinsipləri əsasında formalaşacaq razılaşma yalnız iki ölkə arasında deyil, qlobal iqtisadi sabitlik baxımından da mühüm əhəmiyyət daşıyacaq.
Bu açıqlama Tramp administrasiyasının beynəlxalq ticarətdə balanslı münasibətlər qurmaq, eyni zamanda ABŞ iqtisadi maraqlarını qorumaq istiqamətindəki siyasətinin davamı kimi qiymətləndirilir. APEC sammiti isə bu baxımdan ABŞ-Çin münasibətlərində yeni bir mərhələnin başlanğıcı ola bilər.
Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-la fikirlərini bölüşüb:
"ABŞ ilə Çin arasında ciddi geosiyasi rəqabət mövcuddur və tərəflər bir-birlərini iqtisadi baxımdan təcrid etmək üçün müxtəlif alətlərdən istifadə edirlər. Həm Amerika Birləşmiş Ştatları, həm də Çin qarşılıqlı şəkildə vergi və gömrük tarifləri tətbiq edirlər. ABŞ əvvəlcə düşünürdü ki, Çin bu təzyiqlər qarşısında geri çəkiləcək, lakin gözlənildiyinin əksinə olaraq, Çin geri addım atmadı, əksinə, tarifləri daha da artırdı".
Politoloq həmçinin tərəflərin müəyyən ortaq razılaşmaya gələcəklərini istisna etməyib:
"Mənim fikrimcə, tərəflər müəyyən bir ortaq məxrəcə gələ bilərlər və bu mərhələdə geri çəkilməli olan tərəf ABŞ olacaq. Çünki əgər Çin güzəştə getsə, bu, onun bölgədəki iqtisadi və siyasi mövqelərini zəiflədə bilər. Görünür, ABŞ konkret bir kompromis axtarışındadır və sonda hər iki tərəfin maraqlarını qismən qoruyan bir razılığa gəlmək mümkündür".
Elmir Heydərli
20:52 21.10.2025
Oxunuş sayı: 1524