Ermənistan Rusiya ilə gərginləşən münasibətləri fonunda Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmağa çalışır

Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Qırğızıstanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasına qatılmayacaq. Rəsmi İrəvan bu qərarın səbəbi barədə açıqlama verməyib. Müşahidəçilər hesab edirlər ki, bu addım Ermənistanın KTMT ilə münasibətlərindəki gərginliyin növbəti göstəricisidir.
Mövzu ilə bağlı Politoloq Anar Əliyev Crossmedia.az-a açıqlama verib. Anar Əliyev, Ermənistanın KTMT ilə münasibətlərini faktiki olaraq dayandırması və təşkilatın tədbirlərində iştirakdan imtina etməsi ilə bağlı mövqeyi haqda danışıb: "Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qırğızıstanda keçiriləcək Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcəyini bəyan edib. Hesab edirəm ki, bu, ötən ilin yayından etibarən Ermənistanın KTMT-də fəaliyyətini dondurmaqla bağlı qeyri-rəsmi mövqeyinin davamı kimi qiymətləndirilməlidir".
Politoloq bildirib ki, Ermənistanın 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatlarını KTMT-yə şikayət etməsindən və bu əməliyyatları guya öz suverenliyinə təhdid kimi qələmə verir: "Çünki 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri zamanı, həmçinin ondan sonrakı dövrlərdə Ermənistan tərəfi dəfələrlə KTMT-yə əsasız müraciətlər ünvanlayaraq Azərbaycanın öz ərazilərində apardığı hərbi əməliyyatları – yəni torpaqlarımızın işğaldan azad olunması və separatizmin kökünün kəsilməsi istiqamətində atdığı addımları – guya Ermənistanın suverenliyinə müdaxilə kimi təqdim etmişdi. Bu əsasla KTMT-nin proseslərə cəlb olunmasını tələb edirdi".
A.Əliyev qeyd edib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini dayandırıb və 2024-cü il üzrə üzvlük ödənişini etməyəcəyini bəyan edib: "Lakin Ermənistan bu dəstəyi görə bilmədiyi üçün ötən ilin yayında KTMT-dəki fəaliyyətini dayandırdığını bəyan etdi. Hətta təşkilatın maliyyələşməsi ilə bağlı üzv dövlətlərin ödədiyi vəsaiti də 2024-cü il üzrə ödəməyəcəyini açıqlayıb".
Politoloq, Ararat Mirzoyanın bəyanatının Ermənistanın Rusiya və KTMT-yə qarşı açıq mövqe tutmaqdan çəkinərək, bu istiqamətdə ehtiyatla addımlar atdığını vurğulayıb: "Hesab edirəm ki, Ararat Mirzoyanın son bəyanatı da Ermənistanın bu xətt üzrə davam edən siyasətinin növbəti addımıdır. Bununla belə, Ermənistan açıq şəkildə nə anti-Rusiya, nə də anti-KTMT mövqeyi sərgiləyə bilməyəcəyini yaxşı bilir".
Anar Əliyev, Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlıq etməsinin Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərə təhlükə yaratdığını qeyd edib: "Eyni zamanda, Ermənistan Qərb havadarlarının maraqlarına xidmət edən, Rusiyanın Cənubi Qafqazdakı mövqeyini zəiflədə biləcək proseslərdə iştirak edə bilməyəcəyinin də fərqindədir. Təsadüfi deyil ki, Rusiya Baş nazirinin müavini Ermənistan Baş nazirinin müavininə məktub hazırladığını və bu məktubda Avropa İttifaqı ilə əməkdaşlığın Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərə ciddi zərbə vuracağına dair xəbərdarlığın əks olunacağını bildirib".
Politoloq, Ermənistanın Rusiya ilə gərginləşən münasibətləri fonunda Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmağa çalışdığını deyib: "Müxtəlif səviyyələrdə Ermənistana ünvanlanan bu cür xəbərdarlıqlar, əslində, onun maraqlarına zərbə vuracağını izah etməyə yönəlib. Bunu nəzərə alan rəsmi İrəvan müxtəlif istiqamətlər üzrə addımlar atmaqla Rusiya tərəfindən gələcək təzyiqləri neytrallaşdırmağa, təsir gücünü azaltmağa çalışır. Bu çərçivədə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa səy göstərdiyi müşahidə olunur".
A.Əliyev bildirib ki, Ermənistan təhlükəsizlik üçün, Türkiyə ilə əlaqələri normallaşdırmağa çalışır: "Ermənistan Baş nazirinin Türkiyəyə səfərindən sonra nazir səviyyəsində də eyni səviyyəli təmaslar baş tutmuş, müxtəlif sahələrdə əməkdaşlığın konturları müzakirə edilmiş, xüsusilə də nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsi mütəmadi şəkildə gündəmə gətirilmişdir. Bütün bunlar Ermənistanın özünü mümkün təhlükələrdən sığortalamağa yönəlmiş cəhdləri kimi qiymətləndirilə bilər".
O, Ermənistanın sülh olmadan xarici təhdidlərə qarşı dayanıqlı ola bilmədiyini deyib: "Lakin Ermənistan bilməlidir ki, Azərbaycanla münasibətləri normallaşdırmadan, sülh müqaviləsini imzalamadan və bu müqavilənin imzalanmasına maneə olacaq şərtləri aradan qaldırmadan, kənar güclərdən – xüsusilə də Rusiyadan – gələcək risklərə qarşı dayanıqlı müqavimət formalaşdırmaq demək olar ki, mümkün deyil".
Politoloq yekunda Ermənistanın regional təhlükəsizlik və sabitliyə nail olmaq üçün Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməsinin vacib olduğunu vurğulayıb: "Ermənistanın bu təhlükələrdən xilas ola biləcəyi yeganə yol isə Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Bu birlik və tərəfdaşlıq Ermənistan üçün ən etibarlı təhlükəsizlik zəmanəti kimi dəyərləndirilə bilər".
Fatimə Nəbiyeva
17:42 30.06.2025
Oxunuş sayı: 777