Müxalifət ayağa qalxıb, Paşinyan hakimiyyətdən gedir? - "Başa düşür ki, bu mübarizənin axırı yoxdur"- MÜSAHİBƏ

Ermənistan İstintaq Komitəsi müxalifət lideri, arxiyepiskop Baqrat Qalstanyanın evində axtarışlar aparıb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
"Müqəddəs mübarizə" adlı hərəkatın iştirakçıları və liderləri Ermənistanda hakimiyyəti ələ keçirməyə yönəlmiş terror aktları və fəaliyyətlər həyata keçirməyi planlaşdırırdılar", - İstintaq Komitəsi Qalstanyanın, eləcə də onun tərəfdarlarının evlərində aparılan axtarışların səbəbini belə izah edib.
Ardınca isə Ermənistanda hakimiyyəti silahlı yolla ələ keçirmə cəhdi ilə bağlı artıq 15 nəfər həbs edilib.
Məlum olduğu kimi , Baqrat uzun müddətdir hakimiyyətə qarşı mübarizə aparır. Onun adı Ermənistanda geniş xalq kütləsinə keçən ilin aprelində məlum olub. O, Tavuş vilayətində başlanan etiraz aksiyaları zamanı önə çıxıb. Keşişin başçılığı ilə tərəfdarları mayın 4-də Tavuşdan İrəvana doğru yürüşə başlayıblar. Yürüş iştrakçıları mayın 9-da paytaxtın Respublika meydanında ilk mitinqlərini keçiriblər. Mitinqdə Qalstanyan Nikol Paşinyanın istefasını tələb edib. Mayın 26-da erməni müxalifəti arxiyepis
Nikol Paşinyanın istefasını tələb edib.
Keşişin tərəfdarları kifayət qədərdir. Bunda onun din xadimi olması da mühüm rol oynayır.
Ermənistanda hakimiyyətin müxalifətə qarşı davam edən təzyiqləri barədə politoloq Tofiq Abbasov Crossmedia.az-ın suallarını cavablandırıb:
- Ermənistanda terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib.
Bu həbslər dalğası və müxalifətə qarşı təyziq nə ilə bağlıdır?
- Ermənistanda hazırda daxili və ictimai-siyasi vəziyyət, həqiqətən də, çox gərgindir. Ölkədə mövcud olan bütün qütblər və güc mərkəzləri arasında əvvəllər gizli şəkildə gedən mübarizə artıq açıq qarşıdurmaya çevrilib. Baş nazir Nikol Paşinyan isə, hökumətin başçısı kimi anlayır ki, onun hakimiyyətinə qarşı səfərbərlik elan olunub. Məhz bu səbəbdən son dövrlərdə baş verən həbslər birbaşa olaraq hökuməti devirmək istəyən qüvvələr və onların əsas aktorları ilə bağlıdır.
- Bu hadisə Ermənistanın daxili siyasi mənzərəsinə və kilsə-dövlət münasibətlərinə necə təsir göstərə bilər?
- Kilsə Ermənistanda siyasi institutdur. O, dini qurum deyil. Halbuki, dini pərdə altında çalışırlar ki, özlərinə bəraət qazandırsınlar və özlərini ağ çıxarsınlar. Amma əslində, kilsə hələ Ermənistan quberniyası yaranandan sonra milli ocaq yaratmaq və dövlət qurmaq ideyasını daşıyırdı. Bu proseslərdə kilsə birbaşa əlaqələndirici və təşkilatlandırıcı rol oynayırdı. Təsadüfi deyil ki, Ermənistanda XIX əsrin sonunda yaranmış ilk partiyalar – “Armenakan”, “Daşnaksutyun”, “Hnçak” və digərləri – kilsənin xeyir-duası ilə təsis olunmuş və fəaliyyətə başlamışdı. Lakin bu partiyaların hamısı sağçı və radikal-terrorçu qurumlar idi. Onların tərkibində quldurların sayı kifayət qədər çox idi. Özünü apostolik kilsə adlandıran bu dini qurum onlara həm rəhbərlik edir, həm də əlaqə yaradırdı. Xarici ölkələrlə münasibətlər qurmaqda, silah-sursatın Qafqaz bölgəsinə gətirilməsində əsas rolu məhz kilsə oynayırdı. Bundan əlavə, müxtəlif dağıdıcı və təxribat xarakterli ədəbiyyat da kilsənin təşəbbüsü ilə məktəblərdə və tədris prosesində yayılırdı. Ona görə də XIX-cu əsrin sonu – XX əsrin əvvəllərində erməni kilsəsi, demək olar ki, sovet dövründə Kommunist Partiyasının SSRİ-də oynadığı rolu ermənilər üçün üzərinə götürmüşdü. Bu gün isə Paşinyan deyir ki, mifləşdirilmiş Ermənistandan uzaqlaşıb real Ermənistan qurmalıyıq. O, bununla nəzərdə tutur ki, erməni məsələsi uzun illərdir ki, dünyanın gündəmində saxlanılır və bu, əsasən kilsənin fəaliyyəti ilə bağlıdır. Ən azı üç ölkədə – ABŞ, Fransa və Rusiyada – “erməni məsələsi” bu gün də gündəmdədir. Niyə? Çünki onların varlığı və fəaliyyəti, qismən də olsa, uğuru daima eskalasiya və qarşıdurma yaratmalarından qaynaqlanır. Bu kontekstdə onların “əzəli düşmənləri” türklər və sonradan da Azərbaycan hesab olunub. Məhz bu səbəbdən erməni kilsəsinin mövqeyi bu gün də radikaldır. İstər arxiyepiskop, istər digər kilsə təmsilçiləri, istərsə də Qalstanyan və digərləri – hamısı Paşinyanın hakimiyyətinə qarşı təxribatçı mövqedədirlər. Paşinyan isə bunu başa düşür. Anlayır ki, ya özü bu gücləri zəiflətməlidir, ya da onlar onu sıradan çıxaracaqlar. Bu səbəbdən artıq onun üçün geriyə dönüş yoxdur – yalnız irəli getmək qalır. Əgər söhbət seçkilərdən gedirsə, deməli, proses artıq başlayıb. Paşinyanın atdığı bütün addımlar da məhz bu kontekstdə qiymətləndirilməlidir. Bu həbslərlə bağlı biz yalnız bir şeyi görürük: oyun qaydalarını pozan rəqiblər artıq müxtəlif yollarla sıradan çıxarılmalıdır. İlk növbədə əgər onlar ölkə daxilindədirlərsə, həbs olunmalıdırlar. Bəzi hallarda isə xaricdən maneçilik törədənlərə də təsir göstərilməlidir. Məsələn, Ermənistan hökuməti həmin şəxsləri Interpol vasitəsilə beynəlxalq axtarışa verə və zərərsizləşdirilmələrini təmin edə bilərdi. Mənzərə kifayət qədər gərgindir. Burada həm kilisə-dövlət münasibətləri, həm də üçüncü bir güc mərkəzi kimi diasporanın rolu önə çıxır. Diaspor həm kilsənin xətti ilə dəstək alır, həm də birbaşa müdaxilələr edir. Bu səbəbdən artıq kompromisdən söhbət gedə bilməz. Aydın görünür ki, bu proseslərdə iştirak edənlər müxtəlif təşkilat və cinahlardan çıxış edərək, qeyri-müəyyən bir birlik görüntüsü yaradıblar. Onlar iddia edirlər ki, siyasi spektrin müxtəlif cinahlarında dayansalar da, kilisənin dini təyinatlı qurum olmasına baxmayaraq, hamısı bir fikirdədir: Paşinyan həm qatil, həm də xain sayılır. Ona qarşı mübarizə aparmaq və ona müqavimət göstərmək zəruridir. Bu mübarizədə isə hamı eyni sırada olmalıdır ki, nəticə əldə olunsun.
- Təcrübədən görürük ki, adətən siyasətdə həbs olunanların tərəfdarları artıq. Sizcə, bu, Ermənistanda da belə olacaq?
- İnsanlar geniş auditoriya toplamaq istəmir və anlayırlar ki, böyük kütlə içərisində onlara düşmən münasibət bəsləyənlərin sayı az deyil, əksinə, kifayət qədər çoxdur. Bir qayda olaraq, ABŞ-də və Avropa ölkələrində Paşinyan səfərdə olarkən, erməni diaspor təşkilatlarının rəhbərləri ona “xain” deyə müraciət edir. Bildirirlər ki, Paşinyan, onların maraqlarını satıb, erməniləri Azərbaycana təslim edib və s. Odur ki, mən elə başa düşürəm ki, Qalstanyanın tərəfdarlarının sayınən artması qorxulu deyil. Baqrat Qalstanyan kimdir axı? Sadəcə, küçədən keçən bir keşişdir. Onu Kanadadan bu prosesə cəlb ediblər, ölkə daxilinə “Tavuş hərəkatı”nın rəhbəri kimi təqdim ediblər. Axı onu əvvəllər tanıyan var idimi? Yox idi. Bu adam Kanadada kilsə xadimi kimi fəaliyyət göstərən birisidir. Orada guya ibadətlə məşğul olub. İndi isə görürük ki, keşiş libasında siyasi çağırışlar edir, bəyanatlar verir, mesajlar açıqlayır və s. Bu, ümumiyyətlə, kilsə xadimi obrazına, Allah sözünün təbliğatçısının mövqeyinə nə dərəcədə uyğun gəlir? Əgər sən dinlə məşğulsansa, insanları sakitliyə, sabitliyə, Allaha yaxınlaşmağa çağırırsansa, bəs bu siyasi fəaliyyətin mənası nədir? Ümumiyyətlə, sənin siyasətdə yerin varmı? Niyə gəlmisən siyasətə? Bu, özünəməxsus bir layihədir və hər kəs anlayır ki, Qalstanyanı bu oyuna atmaqla yoxlamaq istəyirlər: görsünlər cəmiyyət bu məsələyə necə reaksiya verəcək, hakimiyyətin zəif nöqtələri haradadır. Amma mən belə başa düşürəm ki, bütün zahiri sadəlövlüyünə baxmayaraq, Nikol Paşinyan çox güman ki, rəqibləri barədə kifayət qədər məlumatlıdır. O, rəqiblərinin kim olduğunu, hansı məqsədlərlə hərəkət etdiklərini yaxşı bilir.
- Baş verənlər Paşinyanın hakimiyyətinə necə təsir edəcək?
- Paşinyanın hakimiyyəti hazırda çox gərgin və çətin situasiyada yerləşir. Onun əleyhinə olan qüvvələr – daxildə və xaricdə – artıq açıq mübarizəyə başlayıblar, xüsusilə də siyasi, dini və diaspor mühitində. Paşinyan hakimiyyətini devirmək istəyənlər ona qarşı səfərbərlik elan ediblər və onu zəiflətmək üçün həbslər, təzyiqlər və kampaniyalar davam edir.
Paşinyan isə başa düşür ki, rəqibləri güclüdür və onlar ona qarşı açıq mübarizə aparırlar. Ona görə də siyasi mübarizədə sərt addımlar atır – rəqiblərini həbs edir, onları sıradan çıxarmağa çalışır. Bu da onun hakimiyyətinin möhkəmlənməsi üçün bir vasitədir.
Eyni zamanda, Paşinyan kilsənin və diasporun müəyyən radikal qüvvələri ilə mübarizə aparır. O, erməni cəmiyyətində nifrət və qondarma soyqırım ideologiyasından uzaqlaşıb, real siyasətə, regionda barışıq və inkişaf istiqamətində addımlar atmaq istəyir. Bu mövqe ona daxildə müəyyən dəstək qazandıra bilər, amma radikal qüvvələr və müxalifət onu zəiflətmək üçün fəaliyyətlərini davam etdirir.
- Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək, sizcə, mövcüd hakimiyyətin şansı nə qədərdir?
- Gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı mövcud hakimiyyətin imkanları artmalıdır. Çünki müxalif olanların hamısı ya müharibə carçılarıdır, ya da revanşizmin tərəfdarları Onsuz da Ermənistan indi, bax, həmin o müxalifətin, sonra kilsə xadimlərinin ucbatından öz subyektliyini itirə-itirə gedir. Ermənistan dövlət deyil. Əgər dövlət olsaydı, İkinci Qarabağ müharibəsindən sonra "əllərini ağdan qaraya vurardılar". Azərbaycan elektrik stansiyaları tikir, şəhərləri bərpa edir, yollar salır... Ermənistan siyasətçiləri isə oturublar, onun-bunun ağzına baxırlar ki, görsünlər, ağızlarına kim bir tikə çörək atacaq, Paşinyan başa düşür ki, bu mübarizənin axırı yoxdur. Deməli, nə etmək lazımdır? Mübarizə ideologiyasından, qondarma soyqırım ideologiyasından əl çəkib bölgəyə qayıtmaq lazımdır. Onlar bölgədə vardılarsa da, bu, mifik mövcudluq idi. Bölgədə işlər gedir, layihələr var, proseslər işlək vəziyyətdədir. Mən elə başa düşürəm ki, erməni cəmiyyətində yavaş-yavaş bir oyanış gedir. Paşinyan insanları nifrət siyasətindən yayındırmaq istəyir. Əgər baş nazir bu mövqeyini saxlaya və qoruyub davam etdirə bilsə, həm duruş gətirəcək, həm də hakimiyyətini qoruyacaq və seçkilərdə qələbə qazanacaq.
Fatimə Nəbiyeva
10:57 27.06.2025
Oxunuş sayı: 985