Azərbaycanın liderliyində diplomatik təmkin strategiyası və regional sülhün qorunması

İran-İsrail münaqişəsi özünün ən təhlükəli mərhələsinə
qədəm qoymuşdu. İsrailin İrana endirdiyi strateji hava zərbələri və bunun
cavabında İranın həyata keçirdiyi genişmiqyaslı ballistik hücumlar regionu
birbaşa müharibə astanasına gətirib çıxardı. Mülki
infrastrukturun dağıdılması, yüksək səviyyəli şəxslərin qətlə yetirilməsi və
mülki əhalinin ölüm riski təkcə İsrail və İran üçün deyil, əhatə dairəsindəki
bütün dövlətlər üçün təhlükəli bir prosesin başlanğıcını ifadə etdi. Bu
kontekstdə Azərbaycanın tutduğu mövqe, həyata keçirdiyi diplomatik jestlər və
Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan balanslı siyasət regional
geosiyasətdə unikal nümunə kimi
qiymətləndirilməlidir.
İran daxilində
baş verən hərbi-siyasi proseslər sırf Tehran-Təl-Əviv qarşıdurması ilə məhdudlaşmır.
İran ərazisinin böyük bir hissəsində, xüsusilə Təbriz, Ərdəbil, Urmiya və Zəncan
kimi bölgələrdə yaşayan milyonlarla azərbaycanlı bu müharibədə potensial
humanitar fəlakətin birbaşa hədəfinə çevrilə bilər. Belə bir vəziyyətdə Azərbaycan
Respublikası məsələyə nə regional qüvvələrin uzantısı kimi, nə də daxili
emosional motivlərlə yanaşdı. Əksinə, Prezident İlham Əliyevin xarakterizə
etdiyi “sakit güc və müdrik diplomatiya” modeli işə salındı.
Azərbaycan müxtəlif
kanallar vasitəsilə İsrailə ciddi və strateji əhəmiyyətli bir mesaj göndərdi: “İranda
azərbaycanlıların yaşadığı bölgələrə hücum etməyin.” Bu mesaj, sadəcə humanitar
çağırış deyil, həm də regionda etnik-siyasi balansın qorunması baxımından mühüm
bir siyasi manevr idi. Rəsmi şəkildə təsdiqlənməsə də, bu təşəbbüsün özü Azərbaycan
diplomatiyasının post-konflikt dövründə necə çevik və dərinlikli qərar
verdiyini göstərdi.
Prezident İlham
Əliyevin liderliyi bu böhranda
bir neçə səviyyədə əhəmiyyət kəsb
edir:
- * İran ərazisində yaşayan digər dövlətlərin vətəndaşlarının, o cümlədən Rusiya, Qazaxıstan, Avropa və Asiya ölkələrindən olan şəxslərin təxliyəsində Azərbaycanın fəal iştirakı etibarlı tranzit və sülh aktoru statusunu təsdiqlədi. Astara sərhəd-keçid məntəqəsində təşkil edilən şərait,
tibbi xidmət və logistika idarəçiliyi klassik humanitar diplomatiya nümunəsidir.
- * 77 dövlətin Azərbaycanın vasitəçiliyinə müraciət
etməsi ölkənin nə dərəcədə etibarlı, neytral və rasional aktor olduğunu
göstərdi. Bu da birbaşa olaraq Prezident İlham
Əliyevin apardığı təhlükəsiz, müstəqil və balanslı xarici siyasətin nəticəsidir.
- * Cənubi Azərbaycandakı azərbaycanlıların təhlükəsizliyinə
dair göstərilən diqqət heç bir aqressiv ritorika ilə müşayiət olunmadı.
Rəsmi Bakı bu məsələdə duyğusal təzyiqə deyil, dövlət məsuliyyətinə
söykənən yanaşmanı seçdi. Bu da Azərbaycanın həm öz vətəndaşlarını, həm də
etnik soydaşlarını beynəlxalq hüquq çərçivəsində necə müdafiə etdiyini
nümayiş etdirdi.
İsrail-İran müharibəsi təkcə bu iki dövlətin arasında baş verən silahlı qarşıdurma deyil,
bütün Yaxın Şərq və Cənubi Qafqaz üçün zəlzələ effekti yaradan, çoxqatlı siyasi
və etnik nəticələr doğura biləcək bir böhrandır. Azərbaycan bu böhrana yalnız
passiv müşahidəçi kimi deyil, təhlükəni idarə edən və yönləndirən regional güc
funksiyası ilə yanaşdı. Bu, sadəcə söz və ya reaksiya ilə yox, beynəlxalq
hüquqa uyğun və diplomatik alətlərlə gerçəkləşdirilmiş çoxvektorlu təhlükəsizlik
strategiyası idi.
Burada Azərbaycan
Respublikasının yanaşması üç əsas prinsip üzərində qurulmuşdur:
1. Sabitliyin
qorunması məqsədilə sərhədin müdafiəsi və regional zəncirin kəsilməsi
Azərbaycanın
əsas prioritetlərindən biri münaqişənin öz sərhədlərinə sirayət etməsinin
qarşısını almaq idi. İranla 700 kilometrə yaxın sərhədə malik olan Azərbaycanın
təhlükəsizlik sistemləri maksimum dərəcədə səfərbər edildi, lakin bu səfərbərlik
hərbi ritorika ilə deyil, profilaktik təhlükəsizlik və diplomatik sükunət
strategiyası ilə müşayiət olundu. Azərbaycan nə öz ərazisindən üçüncü tərəflərin
istifadə etməsinə icazə verdi, nə də İranla sərhəddə hərbi eskalasiya yaratdı.
Bu, qonşuluq münasibətləri çərçivəsində "təxribatlara uymayan, lakin sərhədlərini
qoruyan dövlət" modeli idi.
2. Emosiyadan
üzaq diplomatik təmkin
İran
daxilindəki Azərbaycan türklərinin taleyi ictimai emosiyanı yüksək səviyyəyə
çatdırsa da, Azərbaycan dövləti bu emosiyanı siyasi ritorikaya çevirmədi. Bunun
əvəzinə, məsələni diplomatik kanallar vasitəsilə, real təhlükələrin önlənməsi
kontekstində idarə etdi. Populist bəyanatlar vermək, etnik çağırışlarla
regional münaqişəyə qarışmaq əvəzinə, Azərbaycan məsuliyyətli diplomatik jestlərə
üstünlük verdi. İsrailə edilən müraciət — Cənubi Azərbaycan bölgələrinin hədəf
alınmaması çağırışı — siyasi emosiyadan deyil, təhlükənin rasional qiymətləndirilməsindən
doğan strateji mesaj idi. Bu yanaşma, Azərbaycanı bölgədə sadəcə maraqları
qoruyan deyil, həm də insani təhlükələri qabaqlayan dövlət kimi təqdim etdi.
3.Beynəlxalq
və regional hüquq və əməkdaşlığa sadiqlik
Azərbaycanın
bu böhrana reaksiyası tam şəkildə beynəlxalq hüquqa, xüsusilə suverenlik, ərazi
bütövlüyü və insan hüquqlarının qorunması prinsiplərinə əsaslandı. Dövlət, istər
İrana, istərsə də İsrailə münasibətdə qərəzsiz və balanslı davrandı, heç bir tərəfə
açıq şəkildə hərbi-siyasi dəstək vermədən, diplomatik neytrallığını qoruyaraq
effektiv təsir göstərdi. Bu çərçivədə Azərbaycan eyni zamanda regional
konvensiyalara – o cümlədən İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının
sülh və insan təhlükəsizliyi prinsiplərinə uyğun hərəkət etdi. İsraillə yüksək
səviyyəli münasibətlərin fonunda belə, İranla sərhəddə hərbi təxribat
yaratmamaq və qarşı tərəfə qarşı təhdid ritorikasından imtina etmək siyasi məsuliyyətin
və hüquqla danışan dövlətçiliyin real göstəricisi idi.
Bu üç prinsip
– sabitlik, təmkin və hüquq – Azərbaycanı bu mürəkkəb regional böhranda zəif həlqə
deyil, dayanıqlı və idarəedici güc kimi təqdim etdi. Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən bu yanaşma, Azərbaycanın həm daxili sabitliyini
qorumasına, həm də beynəlxalq etimad kapitalını artırmasına səbəb oldu. Azərbaycan
sübut etdi ki, müasir dövrdə güc təkcə ordu ilə deyil, ağıllı və sistemli
diplomatiya ilə də nümayiş etdirilə bilər. Bu model gələcək regional
böhranlarda da Azərbaycanın rolunu daha da möhkəmləndirəcək bir strateji çərçivə
olaraq tarixə düşməkdədir.
Azərbaycan
bu hadisə ilə təkcə neft və qazla zəngin ölkə deyil, həm də diplomatik və
humanitar etalona çevrilən dövlət olduğunu nümayiş etdirdi. Münaqişəni öz sərhədlərindən
kənarda saxlamaqla yanaşı, humanitar yardım göstərmək, regional balansı qorumaq
və etnik hüquqları müdafiə etmək Azərbaycanı yeni beynəlxalq imicə qovuşdurdu:
savaşsız güclü dövlət.
Bu imic, Prezident İlham Əliyevin son illərdə tətbiq etdiyi “təhlükəsizliklə inkişaf arasında optimal balans” modelinin tərkib hissəsidir. Azərbaycan regionda yalnız hərbi gücü ilə deyil, etibarlı vasitəçilik və sabitlik faktoru kimi tanınmağa başladı.
Rauf Məmmədov
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
15:08 25.06.2025
Oxunuş sayı: 2476
