Körfəzdə müharibəni bitirəcək gizli sənəd
Körfəzdə müharibəyə son qoymaq üçün hazırlanan memorandum layihəsinin təfərrüatları mediaya sızdıqdan sonra ABŞ Prezidenti Donald Tramp bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Qərb, Pakistan və İran mənbələrinə istinadən yayılan sənəd layihəsi rəsmi Tehranın maraqlarına cavab verdiyi üçün Vaşinqtonda ciddi tənqidlərlə qarşılanıb.
Mənbələr mətnin hələ yekunlaşmadığını, xüsusilə Livandakı hərbi əməliyyatların dayandırılması ilə bağlı bənd üzərində mübahisələrin davam etdiyini bildirirlər.
Məlumata görə, sənədin ilkin variantı ABŞ-nin daha əvvəl rədd etdiyi prinsiplər üzərində qurulub. Razılaşmaya əsasən, Tehranın Hörmüz boğazındakı blokadanı qaldırması müqabilində, ABŞ İrana qarşı neft sanksiyalarını ləğv etmeli və dondurulmuş milyardlarla dolları sərbəst buraxmalıdır.
İranın nüvə proqramı və raket arsenalı ilə bağlı Vaşinqtonun əsas tələbləri isə sonrakı 60 günlük danışıqlar mərhələsinə saxlanılıb.
Qeyd edək ki, Hörmüz boğazının açılması xəbəri fonunda dünya bazarında "Brent" markalı neftin qiyməti 3%-dən çox ucuzlaşıb. Bununla belə, regionda hərbi gərginlik hələ də yüksək olaraq qalır; son olaraq ABŞ qüvvələri Hörmüz boğazında İrana məxsus iki PUA-nı zərərsizləşdirib.
Fatimə Cabbarlı
20:06 12.06.2026
Oxunuş sayı: 58