Trampın İran bəyanatları siyasi ritorikadır - RƏY
ABŞ–İran münasibətlərində gərginlik yenidən beynəlxalq gündəmin diqqət mərkəzinə çıxıb və tərəflər arasında siyasi ritorikanın sərtləşməsi müşahidə olunur. ABŞ Prezidenti Donald Trampın son açıqlamaları isə Vaşinqtonun regionla bağlı mövqeyinə dair müzakirələri daha da intensivləşdirib. Belə ki, o, müxtəlif müsahibələrində İranla mümkün danışıqlar və təzyiq vasitələri barədə fərqli ssenarilərə işarə edib. Bu bəyanatlar ABŞ-nin Yaxın Şərq siyasətində güc və təsir amillərinin yenidən ön plana çıxdığını göstərir.
Son açıqlamaları şərh edən politoloq Aytən Qurbanova Crossmedia.az-a bildirib ki, Donald Trampın İranla bağlı son açıqlamaları, xüsusilə də İranın strateji əhəmiyyət daşıyan Xarq adasının nəzarətə götürülməsi ehtimalını gündəmə gətirməsi beynəlxalq sistemdə ciddi müzakirələrə səbəb olub:

"İlk baxışda sərt siyasi ritorika kimi görünən bu bəyanatlar əslində Vaşinqtonun Tehrana qarşı uzunmüddətli təzyiq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Həmçinin məsələnin mahiyyəti yalnız iki dövlət arasındakı münasibətlərlə məhdudlaşmır. Burada qlobal enerji təhlükəsizliyi, beynəlxalq hüququn prinsipləri və Orta Şərqdə qüvvələr balansının gələcəyi kimi mühüm amillər də ön plana çıxır. Onu da qeyd etmək lazımdır ki, Xarq adası İran üçün sadəcə coğrafi məkan deyil, ölkənin iqtisadi təhlükəsizliyinin əsas sütunlarından biridir. İranın neft ixracının böyük hissəsi məhz bu ada vasitəsilə həyata keçirilir. Ona görə də, Xarq adasının hədəf kimi göstərilməsi faktiki olaraq İranın iqtisadi dayanıqlılığına və enerji potensialına yönəlmiş siyasi mesajdır. Rəsmi Vaşinqton bununla İrana göstərmək istəyir ki, mümkün qarşıdurma yalnız hərbi deyil, eyni zamanda iqtisadi baxımdan da İran üçün ağır nəticələr yarada bilər. Digər tərəfdən isə məsələ yalnız İran üzərində təzyiq yaratmaqla məhdudlaşmır. Trampın bəyanatları ABŞ-nin Orta Şərqdə liderlik iddiasını və regional proseslərə təsir imkanlarını nümayiş etdirmək məqsədi də daşıyır. Son illərdə regionda Çin və Rusiyanın artan nüfuzu, eləcə də İranın müxtəlif siyasi və hərbi platformalarda mövqelərini qorumağa çalışması rəsmi Vaşinqtonu daha sərt mesajlar verməyə sövq edir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Trampın açıqlamaları yalnız Tehrana deyil, eyni zamanda ABŞ-nin geosiyasi rəqiblərinə ünvanlanmış xəbərdarlıq kimi də qiymətləndirilə bilər. Eləcə də, belə bəyanatlar beynəlxalq hüququn fundamental prinsipləri baxımından ciddi mübahisələrə səbəb olur".
Politoloqun sözlərinə görə, dövlətlərin ərazi bütövlüyü və suverenliyi müasir beynəlxalq münasibətlər sisteminin əsas dayaqlarındandır. Belə ki, hər hansı dövlətin başqa bir ölkənin ərazisini ələ keçirməsi və ya bununla bağlı açıq mesajlar verməsi beynəlxalq hüququn legitimliyini zəiflədən təhlükəli presedentlər yarada bilər:
"Xüsusilə qlobal miqyasda güc amilinin hüquqdan üstün tutulduğu təəssüratının formalaşması beynəlxalq sistemdə yeni gərginlik ocaqlarının yaranmasını qaçınılmaz edir. Digər önəmli məqam isə enerji təhlükəsizliyi ilə bağlıdır".
A.Qurbanova dünya neft bazarının mühüm hissəsinin Fars körfəzi və Hörmüz boğazı vasitəsilə formalaşdığını vurğulayıb:
" İran ətrafında hərbi-siyasi gərginliyin artması qlobal enerji bazarlarında ciddi dalğalanmalara, neft qiymətlərinin yüksəlməsinə və beynəlxalq ticarət marşrutlarında risklərin artmasına gətirib çıxara bilər. Bu isə yalnız region dövlətlərinin deyil, dünyanın aparıcı iqtisadiyyatlarının da maraqlarına ziddir. Məhz buna görə beynəlxalq ictimaiyyət ABŞ-İran münasibətlərindəki hər bir yeni gərginlik siqnalını diqqətlə izləyir. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, xarici təhdidlər əksər hallarda İran daxilində milli həmrəyliyin güclənməsinə səbəb olur. Tarixi təcrübə göstərir ki, ölkəyə qarşı sərt təzyiqlər və hərbi ritorika daxili siyasi ziddiyyətləri arxa plana keçirərək cəmiyyətin dövlət ətrafında daha sıx birləşməsinə şərait yaradır. Bu baxımdan Vaşinqtonun təzyiq siyasəti gözlənilən nəticəni verməyə də bilər Əksinə, bu proses İran rəhbərliyinin daxili legitimlik imkanlarını genişləndirə bilər. Nəticə etibarilə, Donald Trampın İranla bağlı son bəyanatları adi siyasi ritorikadan daha geniş məna daşıyır. Bu açıqlamalar ABŞ-nin rəsmi Tehrana qarşı təzyiq strategiyasının davam etdiyini, eyni zamanda Orta Şərqdə geosiyasi rəqabətin yeni mərhələyə keçdiyini göstərir. Lakin tarixi təcrübə sübut edir ki, hərbi təhdidlər və güc nümayişi uzunmüddətli sabitlik yaratmır. Regional təhlükəsizliyin təmin olunmasının yeganə real yolu beynəlxalq hüquqa hörmət, diplomatik dialoq və qarşılıqlı maraqların nəzərə alındığı siyasi həll mexanizmlərinin gücləndirilməsindən keçir".
Fatimə Məmmədova
11:40 12.06.2026
Oxunuş sayı: 137